“Gəncədə baş verən hadisələr birmənalı olaraq Azərbaycana qarşı həyata keçirilən təxribat planlarının tərkib hissəsidir. Hüquq-mühafizə orqanlarının ortaya çıxardığı faktlar, hadisələrin özünün inkişaf gedişatı onu deməyə əsas verir ki, bu plan Azərbaycana qarşı çoxdan hazırlanıb”
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Gəncə hadisələri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, hər zaman hansısa yeni uğurun astanasında Azərbaycana qarşı həyata keçirilən bu kimi hadisələrə alışmışıq: “Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənə ilə qeyd olundu, bu, sadə hadisə deyildi, Azərbaycan dövlətçiliyinin təməlinin möhkəm əsaslara dayandığını sübut edən məqam idi. Hərbi paradın keçirilməsi və orada Azərbaycanın qüdrətinin nümayiş etdirilməsi ilk növbədə üzdəniraq qonşumuz Ermənistan və onun havadarlarını narahat etməyə bilməzdi. Regionda stabil, dinamik şəkildə inkişaf edən ölkəni heç cür qəbul etmək istəmirlər. Ona görə də davamlı olaraq məkrli planlarını həyata keçirmək üçün yollar axtarırlar. Sevindirici məqam ondan ibarətdir ki, bu həyəcanverici hadisələr fonunda cəmiyyətimiz ayıq-sayıqdır, ictimai fikrimiz sağlamdır, xalqımız dövlətin və dövlətçiliyin yanındadır. Heç bir vətəndaş qan axıdılmasının tərəfdarı deyil, rahat həyat arzusundadır. Srağagünkü təxribat hadisəsində Vətən uğrunda iki polis zabitimiz həlak oldu, öz canından keçdi. Onların ailə üzvlərinə, silahdaşlarına, Azərbaycanın polis heyətinə baş sağlığı veririk, təşəkkür edirik ki, vətənimizin keşiyində ayıq-sayıq dayandılar”.
Deputat vurğulayıb ki, son hadisələrə sadəcə, dövlət adamları, siyasi və ictimai xadimlər, ziyalılar deyil, sıravi vətəndaşlar da öz hiddətini bildirir, etirazlarını dilə gətirirlər: “Görüşdüyümüz hər bir vətəndaş birmənalı olaraq dövlətinin yanında olduğunu bildirir və bu kimi hadisələri qınayır. Bu düşünülmüş təxribat hadisəsinə dini və ya sosial ad verməyə çalışırlar, ancaq nə olursa olsun, fiaskoya uğrayıb və bundan sonra da uğrayacaqlar. Çünki Azərbaycan dövlətinin təməli möhkəmdir, dövlətçiliyimiz sadəcə, regiona deyil, dünyaya da nümunədir”.
Digər xəbərlər
loading...