“Mən Gəncədə baş verən qeyri-qanuni hərəkətləri, hüquq-mühafizə orqanları əməkdaşlarının öldürülməsini birmənalı şəkildə pisləyir və düşünürəm ki, bu, dəhşətli faciə və cinayətdir. Bu, həm dövlətə, həm də dini-mənəvi dəyərlərimizə qarşı təxribatdır”
“İğtişaşlardan öncə dövlət məmurlarına qarşı törədilən sui-qəsdlər də Azərbaycana, onun dövlətçiliyinə, müstəqilliyinə vurulan bir zərbədir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, qanuna zidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır:
"Əlbəttə, bu hadisələri, polis vətəndaşlarımızın öldürülməsini təkcə gəncəlilər yox, bütün Azərbaycan pisləyir. Hesab edirəm ki, din və şəriət adına ləkə gətirən bir qrup radikal ünsürün xarici havadarlarına uyaraq belə bir vəhşilik törətməsi dini-mənəvi dəyərlərimizə də, şəriətimizə də zidddir, bunların nə Qurana, nə də digər müqəddəs kitablara aidiyyəti var. Adam öldürmək, dövlətə, xalqa, millətə, ağsaqqala, ağbirçəyə, qanun keşikçisinə qarşı çıxmaq, hələ üstəlik vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb? Axı bu hərəkətlər heç bir əxlaq kateqoriyasına, heç bir əxlaq normasına sığışmır! Bəs bu qəbahətlər, məkirli niyyətlər nədən qaynaqlanır? Bizim hörmətli din xadimlərimizin, sağlam ruhlu və düşüncəli ilahiyyatçılarımızın dini-əxlaqi dəyərlərimiz barədə tutarlı izahatlarına baxmayaraq, nə üçün bəzi nadanlar və cəhalət adamları xarici təsirlərə qarşı məzlumcasına baş əyirlər? Bəlkə sosial şəbəkələrdə, saytlar və informasiya portallarında, xarici məlumat agentliklərində canfəşanlıq göstərən, insanların həssas və kövrək duyğuları ilə oynamağı bacaran "gözəgörünməz” müəlliflərin xidmətidir bu təsirlər? Bəlkə internet şəbəkələrimizdə və saytlarımızda bu və ya digər davranış məsələlərinə qeyri-peşəkar yanaşmalar var? Hesab edirəm ki, bütün hallarda bu hərəkətlərin, qanuna zidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır, əsas niyyətləri də sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir. Əlbəttə, bizim hüquq-mühafizə orqanlarımız bu işləri araşdıracaq və əminəm ki, cinayət törədənləri və təşkilatçıları aşkara çıxaracaqlar, onlar qanun qarşısında cavab verəcəklər".
Rəşad Mahmudov hər kəsi dövlətimizin mənafeyi naminə birləşməyə çağırıb:
"Mən bir mühüm məsələni xüsusi vurğulamaq istəyirəm və düşünürəm ki, ayıq-sayıqlığı itirməmək üçün hər bir Azərbaycan vətəndaşı bunu nəzərə almalıdır: müşahidəmə görə son vaxtlar dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü addımlarını, qətiyyətli daxili və xarici siyasətini sevməyən, gözü götürməyən ünsürlər fəallaşıb; onlar sistemli şəkildə ideloji təxribatla məşğul olurlar. Xarici ölkələrdə "isti yerdə” oturub saytlar, portallar, dini və etnik cərəyanlar və qurumlar vasitəsilə, youtube kanalları ilə nə cür olur-olsun xalqımız arasına təfriqə salmağa, bizim uğurlarımıza kölgə salmağa çalışırlar. Hətta bəzi xarici dini saytlar üsyana, itaətsizliyə səsləyən çağırışlar da edir. Xarici anti-Azərbaycan qüvvələrin belə bir mənfur niyyətini anlamaq çətin deyil, amma təəssüf ki, sapı özümüzdən olan baltalar – daxilimizdəki bəzi ünsürlər və qruplar onlara dəstək verir. Biz öz içimizdəki nankorların xain hərəkətlərinə də göz yuma bilmərik. Düşünürəm ki, ictimai rəyə təsir imkanı olan bütün insanlarımız bu adamları mümkün qədər qınamalı, cinayətə bəraət qazandıran adamların utancverici hərəkətlərini pisləməlidirlər.
Bu günlər xalqımız üçün, bütün cəmiyyətimiz üçün çox həssas və kövrək hallarla ötür. Biz hamımız dövlətimiz və Prezidentimizin ətrafında birləşməliyik. Vətənimizin, torpağımızın, dövlətimizin mənafeyi naminə hamı bir nöqtəyə vurmalıdır. Və tam əminliklə deyə bilərəm ki, (qoy düşmənlərimiz də bunu bilsinlər!) Azərbaycan dövlətini, onun müstəqilliyini, milli maraqlarını, mənəvi-əxlaqi dəyərlərini heç bir terror və təxribat sarsıda bilməz, çünki onun arxasında müdrik xalqıyla güclü liderinin sarsılmaz birliyi dayanıb".
Digər xəbərlər
loading...