Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı ilə bağlı 868 ərizə və müraciət daxil olub
Nazilrikdən AzVision.az-a verilən xəbərə görə, bunlardan 149 müraciət “Qaynar xətt” (“Elektron müraciət”), 657 müraciət isə poçt vasitəsilə qəbul edilib. Nazirliyin telefon nömrələrinə 37, teleqramla isə 25 şəxs müraciət edib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin 40,2 faizi elektrik enerjisi təchizatı ilə əlaqədar məsələləri əhatə edib. Belə ki, 349 müraciətdən 61-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında borcun yaranması, 64-ü enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 224-ü isə elektrik enerjisinin verilişi ilə bağlı olub.
2018-ci ilin 6 ayı üzrə nazirlikdə qaz təchizatı ilə bağlı 283 müraciət qeydə alınıb. Bunlardan 37-i qaz xəttinə qoşulma, 71-i sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 175-i isə təbi qazın verilişinə dair olub. Digər məzmunlu məsələlərlə bağlı isə 236 vətəndaş müraciət edib.
İstehlakçılar tərəfindən nazirliyə daxil olan bütün müraciətlər müəyyən olunmuş qaydada nazirlik tərəfindən araşdırılıb, mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib və icra olunub. 31 müraciət icraya nəzarət çərçivəsində nazirliyin nümayəndələrinin iştirakı ilə yerində yoxlanılıb və cavablandırılıb. Bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.
Bundan başqa 2018-ci ilin iyun ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 114 müraciət daxil olub.
Bu müraciətlərdən 105-i təmin olunub, 9-u isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1436,02 kVt güc sifariş olunub və 355527,51 AZN qoşulma haqqı ödənilib. Bütün bu müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.
Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış “Xidmətlər” bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib və bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır.
Xatırladaq ki, 2018-ci ilin may ayından başlayaraq sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.
Digər xəbərlər
loading...