“Bu hadisələrin dalbadal baş verməsi təsadüf də ola bilər, birbaşa düşünülmüş akt da”
Bir müddət əvvəl əməliyyat olunan deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramovun səhhəti normaldır və o, Bakıda istirahət edir. Bu barədə millət vəkili “Yeni Müsavat”a müsahibəsində bildirdi. Adətən səs-küylü müsahibələri ilə ictimai rəyi özünə cəlb edən Yevda müəllimin xeyli müddətdir mətbuatdan kənarda qalması barədə sualımızın cavabında zarafatyana “Hər aşığın bir dövranı var” deyərək cavab verdi. Amma bəziləri kimi Gəncə və Mingəçevir olaylarına da münasibətini açıqlamaqdan imtina etmədi:
- Bu hadisələr hər birimizdə narahatlıq doğurur. Bunlar gözlənilməz hadisələrdir. Gəncə Azərbaycanın böyük şəhəridir. Hamımızdan çox ölkə başçısı narahatdır.
- Yevda müəllim, Gəncə sui-qəsdi ilə bağlı çoxsaylı versiyalar səslənir. Gəncə hadisəsindən bəhs olunarkən daha çox xarici faktordan danışılır. Artıq istintaq da bu amilin üzərində işləyir. Sizin bununla bağlı məlumatınız, şərhiniz necədir?
- Mən hələlik konkret heç nə deyə bilmərəm. Ən dəqiq məlumatları istintaq orqanları verə bilər. Kim nə deyir-desin, biz istintaqa güvənməli, istintaqa istinad etməliyik. Çünki belə hadisələrlə zarafat etmək olmaz. Verilən hər bir yanlış məlumat insanların qəlbinə toxuna bilər, bumeranq effekti verə bilər. Ona görə də gözləmək lazımdır. Belə hadisələr bütün ölkələrdə baş verir. Amma baş verənləri təmkinlə qarşılamaq lazımdır. Burada ucuzluğa gedənlər var. Tələsik öz məqaləsini çap etmək istəyən, sensasiya yaratmaq istəyən jurnalist var. Görürsən heç oxunan qəzet deyil, lakin elə bir məqalə yazır ki, oxunaqlı olur. Bu yolla getmək lazım deyil. Bilirəm ki, siz çox təcrübəli jurnalistsiniz. İstintaq orqanları araşdıracaqlar, şübhəli şəxslər dindiriləcək. Gündəlik rəsmi məlumatlar verilir, kim tutulub, nə üçün tutulub, bütün bunlarla bağlı açıqlama yayılır. Ona görə də tələsmək lazım deyil. Vaxtilə Qubada da buna oxşar hadisə baş vermişdi. O zaman deyirdilər ki, əşi, oturmusan Bakıda, Qubadan xəbərin yoxdur. Deyirəm, ay bədbəxt, mən bu hadisənin ilk günlərində başçıya da, xalqa da yalvarmışdım. Deyiləsi sözlər çoxdur. Jurnalistlər elə bilirlər ki, biz heç nə bilmirik. Biz çox şey bilirik. Amma məsələ bundan ibarətdir ki, məlumatlar tam yoxlanılmalıdır. Lakin bunu yoxlamaq üçün deputat heç nə edə bilmir. Bu, konkret istintaq orqanında işləyən adama tapşırılır və o məlumatlar deputatdan yox, ondan alınmalıdır.
- Yevda müəllim, Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində bir nəfər dünyasını dəyişdi, yaralananlar var. Bəs bu hadisə haqda nə demək olar?
- Biri mənə zəng edib ki, Yevda müəllim, ola bilərmi ki, filankəsin oğlu mehmanxana tikəndə kanatlarda bir hiylə işlədib? Bu axmaq sualdır. Mən kanatda hiyləni haradan bilirəm? Sən istəyirsən ki, 2-3 manat pul qazanasan, məni filankəsin oğlu ilə üz-üzə qoyursan. Özü də o, bu gün respublikada dəbdə olan adam deyil. Nəyə lazımdır belə şeylər? Bir sifətlə doğulmuşuq, bir sifətlə də qəbirə getməliyik. Nəyə lazımdır? Hadisədir olub. Olmayaydı gərək. Faciədir, adam ölüb. İndi səbəbi nədir, bunu mütəxəssislər araşdırar, deyər. Terrordur, terror deyil, ya şəxsi qərəzlikdir, kiminsə başqası ilə haqq-hesabı olub, ya olmayıb, mən haradan bilim?
- Qubanın icra başçısı baş verən olaydan xəbərsiz kimi danışmışdı. Siz necə, kanat faciəsi ilə əlaqədar yaxından maraqlandınızmı?
- Əlbəttə. Mən kənd bələdiyyəsi, icra nümayəndəsi ilə əlaqə saxladım. Rəhmətə gedən oğlanın kəndi mənim ərazimə daxildir. İndi mövsümdür, turist doludur, oradakı uşaqlar da 15-20 manata işləyirlər. Görüblər ki, qonaqlar çıxıb, kanatın “tros”u boşdur, çıxıblar ora, hadisədir də, olub. İndi nədən olub, necə olub, ya pas atıb, bunu mən dəqiq deyə bilmərəm. Bu barədə mənim dilimdən hansısa fikri alıb yazmağa nə ehtiyac var?
- Yəni bütün versiyalar araşdırılmalıdır, terror versiyasından tutmuş, digərlərinə qədər...
- Bəli, hər şey araşdırılmalıdır və möhürlə, arayışla yekun rəy təqdim olunandan sonra mətbuat da istifadə edə bilər. Hər şey ola bilər. Səbəbsiz heç nə baş vermir. Səbəb var. Məsələn, hadisə baş verən mehmanxana çox “bərkgedən” mehmanxanadır. Mən bir ay yarım bundan qabaq zəng etdim ki, İsraildə çox məşhur professor var, imkan yaradın, o gəlsin bura. Dedilər, Yevda müəllim, oktyabrın 1-dək heç nə istəməyin. Təsəvvür edin, doludur. Deyirlər ərəblər götürüblər oraları. Bəlkə elə naxələfin biri turizmin bu gözəl kefini pozmaq istəyib, nə biləsən? Amma mən bu faktı dəqiq araşdırmamışam, necə deyim? Odur ki, bütün versiyaların üzərində mütəxəssislər işləməlidir.
- Dediniz deputatlar çox şey bilir. Mingəçevir qəzası barədə nə bilirsiniz?
- Mən nə bilirəmsə, müşavirələrdən, mətbuatdan bilirəm.
- Gəncə sui-qəsdi və “Azərenerji”də baş verən hadisələr arasında rabitə olduğu iddiası barədə nə deyə bilərsiniz?
- Bu, təsadüf də ola bilər, birbaşa düşünülmüş akt da. O da mümkündür ki, daxildə gərginlik yaratsınlar. Özü də Gəncə zonası elə də asan zona deyil. Gəncə bizim böyük şəhərdir. Həmçinin Azərbaycançılıq ənənələri olan şəhərimizdir. Dövlətçilik ənənələrimiz oradan başlayıb. Demokratik dövlətimizin rüşeymləri orada yaranıb. Mənə əvvəllər sual verirdilər ki, İsrail dövləti öz vətəndaşlarına “Azərbaycana getməyin” çağırışını edir, bu, nə olan şeydir, axı bizim ölkədə sabitlikdir? Deyirdim ki, niyə inciyirsiniz? Nə qədər sabitlik olsa da, heç kəs, heç bir ölkə fors-majorlardan tam sığortalanmayıb.
- İcra başçısı Elmar Vəliyevin müalicə üçün İsrailə aparıldığı barədə xəbər yayılıb. Hətta deputat həmkarınız Fazil Mustafa da bu barədə danışıb. Sizdəki məlumatlar nədən ibarətdir?
- Fazil Mustafa mənim gözəl qardaşımdır, çox məlumatlı deputatdır. Əgər Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma nə ailə üzvlərimdən, nə uşaqlarımdam, nə dostlarımdan bu barədə nəsə deməyiblər. Mənim orada yüzlərlə dostlarım var, özüm orada yatmışam, gəlib mənə baş çəkiblər. Hər bir klinikada Qubadan, Bakıdan adam var. Çox məşhur adam olmasa da, tibb işçisi var, mənə zəng edərdilər ki, sizin bir məmurunuz bizdə müalicə olunur. Heç birindən zəng gəlməyib. Mənim özümün də xəstəxanaların bir neçəsi ilə daimi əlaqəm var.
- Konkret olaraq Haifa şəhərindəki Rambam klinikasının adı çəkilir...
- Dünən sabiq deputatlardan biri mənə zəng etmişdi ki, bir qohumumu Rambama aparmaq istəyirəm. O da ağır vəziyyətdədir, Allah ona da şəfa versin! Rambamda da mənim çox yaxın dostlarım var, amma onlardan heç biri mənə deməyib ki, sizin məmur buraya gətirilib.
Digər xəbərlər
loading...