Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hakimiyyətini mafiya ilə müqayisə edən amerikalı senatorun bəyanatına münasibət bildirib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü ABŞ siyasi elitasının stereotiplərin əsiri olduğunu söyləyib.
"Əlbəttə ki, belə sözləri başa düşmək çətindir. Mən, onların dediklərinin hansı kontekstdə olduğunu bilmirəm. Senator həqiqətən də burada olub, ölkəyə baxmaq və ölkə rəhbərliyi ilə söhbət etmək imkanı olub. Biz, çəhrayı eynək taxmırıq və gözəl başa düşürük ki, ABŞ-ın siyasi elitası stereotiplərin əsiridir və qorxunc daxili rusofob təzyiq altındadır", - deyə D. Peskov Rusiyaya səfər etmiş amerikalı konqresmen Con Kennedinin Rusiya hakimiyyətini mafiya ilə müqayisə etməsinə münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, iyul ayının əvvəlində bir qrup amerikalı konqresmen Rusiyaya səfər edib. Səfər çərçivəsində onlar Sankt-Peterburq və Moskvada olublar. Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, Rusiya parlamentinin yuxarı və aşağı palatalarının spikerləri ilə görüşlər keçiriblər.
Bu gün "Associated Press"də Rusiyada səfərdə olmuş konqresmenlərdən biri olan Con Kennedinin açıqlaması yayılıb. O, Rusiya hakimiyyətinin siyasi fəlsəfəsinin olmadığını, mafiya olduğunu, əsas fəlsəfələrinin hakimiyyət və pul olduğunu bildirib.
Digər xəbərlər
loading...