Deputatlar ölüm hökmünü bərpa təklifindən danışdılar
Azərbaycanda ölüm hökmünün bərpası məsələsi yenidən gündəmə gəlib. Son olaraq, tanınmış hüquqşünas Əkrəm Həsənov belə bir təşəbbüslə çıxış edib. O, uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin ölümlə cəzalandırılmasının vacibliyini önə çəkib.
Hüquqşünas hesab edir ki, ölüm cəzası insanları bu tipli cinayətlər törətməkdən çəkindirir.
Qeyd edək ki, belə təkliflər ölkəmizdə ölüm hökmünün ləğv olunduğu son 20 ildə dəfələrlə səsləndirilib. Ən müxtəlif sahələrin tanınmış nümayəndələri bu məsələni gündəmə gətiriblər.
Aylar öncə hüquq elmləri doktoru, professor İlham Rəhimov “Yeni Müsavat”a müsahibəsində ölüm hökmündən danışmış, bu hökmün bərpasını istisna etməmişdi.
Sitat: “Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Dediyim kimi, siyasi qərar olduğu üçün Azərbaycan onun nəticələrini dəqiq hesablaya bilməyib. Ona görə də ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək. Keçmişdə ağır cinayətlərdə, xüsusən qəsdən adamöldürmədə qurbanların sayı çox olmurdu. Ancaq indi eşidirik ki, kimsə bütöv bir ailəni amansızlıqla qətlə yetirib. Fikir vermisinizsə, indi canilər qurbanlarının başını kəsir-əvvəllər belə faktların sayı mində bir idi. Bu, çox vahiməlidir. Cinayətlər çox qəddar xarakter alıb”.
Deputatların hazırda gündəmdə olan bu məsələ ilə bağlı mövqelərini öyrəndik.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ölüm hökmünün bərpasını istəyir: “İnanmıram ki, qanuna bu dəyişiklik edilsin və ölüm hökmü bərpa olunsun. Subyektiv fikrimə görə, zorakılıq və digər bu kimi ağır cinayətlərə görə şəxsən mən ölüm hökmünün bərpasının tərəfdarıyam. Amma bunun müzakirəyə çıxarılacağına inanmıram. Ölüm hökmünə qayıdış olmayacaq. Bu, sadəcə, istək olaraq qalacaq. Onunla razılaşıram ki, bəzən beynəlxalq konvensiyanın bizdən tələb etdiklərini əsas götürürük. Azərbaycanın özünün yaşam tərzi var. Bu tərzə uyğun qanunların ortada olması lazımdır. Parlamentdə bu məsələ indiyə qədər qaldırılıb. Azərbaycanın imicinə zərər gələr deyə, eləcə də geriyə qayıdış ola bilər düşüncəsi ilə bəzən hökmün bərpası vacib hesab olunmur. Bu olarsa, bunun Avropa dəyərlərindən uzaqlaşma kimi qəbul olunacağını düşünənlər də var. Bu kimi səbəblərdən hökmün bərpa olunmayacağını düşünürəm. Ölüm hökmü veriləndə ayaqüstü qərar olmur. Məsələ dərindən araşdırılır. Çünki bu qərarın məsuliyyəti çox ağır olur. Hökm veriləndə dərhal icra olunmur. Apelyasiya və Ali Məhkəmə kimi mərhələlər də olur. Son zamanlar artan zorakılıq və digər bu kimi halların qarşısının alınması üçün ölüm hökmünün bərpası çox vacibdir”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu məsələnin kifayət qədər mübahisəli olduğunu söylədi: “Cinayətlərin qarşısını almaq üçün daha sərt tədbirlərin görülməsi şərtdir. Dünyanın bir çox ölkələrində sərt cəzavermə üsulları var. İnkişaf etmiş bəzi ölkələrdə hələ də ölüm hökmü qalır. 20 il öncə ulu öndərimiz Heydər Əliyev mərhəmət və humanizm mövqeyindən çıxış edərək ölüm cəzasını ləğv etdi. Ömürlük həbs cəzası hazırda tətbiq olunur. Amma bəzi hallarda bu cəza ağır cinayətlərin qarşısını ala bilmir. Ona görə də daha ağır xarakter daşıyan cinayətlərə yol verənlərin ölüm hökmü ilə cəzalandırılmalarını mən də istəyirəm. Elə cinayətlər törədilir ki, Cinayət Məcəlləsinin heç bir maddəsi buna uyğun gəlmir. Ömürlük cəza bir tərəfdən humanist xarakter daşısa da, cəmiyyətdən cinayətkarları təmizləsə də, belə bir sual çıxır ki, başqasının ömrünə qəsd edən biri nədən yaşamalıdır? Elə cinayətlər var ki, onun qarşısını yalnız ölüm hökmü ala bilər”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ölüm hökmünün bərpası ilə bağlı bir sıra təkliflər verdiyini bildirdi: “Bununla bağlı debatlarda, müsahibələrdə, parlamentin iclaslarında təkliflər vermişəm. Avropa Şurasının üzvü olduğumuz üçün bu hökmü yenidən tətbiq etməyimiz bir qədər çətindir. Cinsi zorakılığa, azyaşlı uşaqların öldürülməsinə görə bu cəzanın bərpasının tərəfdarıyam. Sadəcə, Avropa Şurasına üzv olduqdan sonra üzərimizə götürdüyümüz öhdəliklərə görə bunu bərpa etmək mümkün deyil. Amma gələcəkdə bu mövzu ətrafında düşünmək olar. İndiki şəraitdə real deyil”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hesab edir ki, dövlətə xəyanət edənlərə, hərbi sirri satanlara qarşı ölüm hökmünün verilməsi vacibdir: “Açığı, inanmıram ki, Azərbaycan geriyə addım atsın, ölüm hökmünü bərpa etsin. Əslində heç özüm də bunun tərəfdarı deyiləm. Çünki elə insanlar, əməllər var ki, ölüm onlar üçün yüngül cəzadır. Bu yolla canlarını qurtarırlar. Ömürlük həbsxana daha ağır cəzadır. Elə insanlara ömürlük cəza verilsin, amma heç zaman bağışlanmamaları şərti ilə. Ölüm hökmünün bərpası ilə bağlı zaman-zaman müzakirələrin getməsi normaldır. Türkiyədə də bu müzakirələr gedir. Əvvəl ölüm hökmünün bərpasının tərəfdarı olan prezident Rəcəb Tayyib Ərdoğan sonradan dedi ki, bunun bərpası o qədər də asan məsələ deyil. Yəqin dünya bu barədə düşünür. İnanıram ki, yaxın gələcəkdə belə ağır cinayətlər törətmiş şəxslərə qarşı ölüm hökmündən daha sərt cəza yolları tapılacaq. Nəticədə insanlar bu cür cinayətlər törətməkdən çəkinəcəklər. Bütövlükdə mən də belə hesab edirəm ki, Allahın verdiyi canı yalnız Allah ala bilər. Ölüm hökmü bərpa olunmamalıdır”.
Digər xəbərlər
loading...