Rusiyanın dövlət bankı “Sberbank” azərbaycanlı oliqarx Mübariz Mənsimovun Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC (Türkiyədə fəaliyyət göstərən “Palmali Shipping” qrupuna daxildir) şirkətinə qarşı 13 milyard rubl borc tələbi irəli sürüb
Virtualaz.org xəbər verir ki, bank borc tələbini “Palmali” MMC-nin müflisləşməsi proseduru ilə bağlı Rostov Arbitraj məhkəməsinə təqdim edib. İddianın səbəbi Mənsimovun şirkətinin bankdan götürdüyü kreditləri geri qaytarmamasıdır. Bu kreditlər gəmilərin alınması və əvvəllər başqa banklardan alınmış kreditlərin ödənilməsi üçün götürülüb.
“Kommersant” məhkəmə sənədlərinə istinadən yazır ki, 2013-2014-cü illərdə “Sberbank” “Palmali” MMC üçün üç kredit xətti açıb. Birinci kredit xətti 2013-cü ilin oktyabrından açılıb və 56.5 milyon dollar təşkil edib. Pullar gəmilərin alınması üçün xərclərin refinansə edilməsi və “Alfa-bank” qarşısında borcun ödənilməsi üçün alınıb.
İkinci kredit xətti də 2013-cü ilin oktyabrından açılıb və 104 milyon dollar təşkil edib. Bu pullar 10 yeni gəminin alınması üçün götürülüb. Nəhayət üçüncü kredit xətti 2014-cü ilin fevralından aaçılıb və 60.3 milyon dollar təşkil edib. “Palmali” pulları daha beş yeni gəminin alınması üçün götürüb.
Bundan əlavə “Palmali” 2014-cü ilin martında özünün törəmə şirkəti olan “Palmali Xəzər dəniz layihələri” MMC şirkətinin “Sberbank”dan aldığı 34 milyon dollarlıq kredit xətti açıb. Bu borcun ödənilməmiş hissəsi 26 milyon dollardır. Məhkəmə sənədlərində göstərilir ki, “Palmali”nin 46 gəmisi və 5 daşınmaz əmlakı hazırda “Sberbank”da girovdur. Bu aktivlərin cəmi dəyəri 229 milyon dollardır. Lakin ekspertlərə görə “Palmali” müflis edilsə “Sberbank” dəyərsiz aktivləri götürməli olacaq. Çünki “Palmali”nin “çay-dəniz” tipli tankerləri hazırda biznesə maraqlı deyil. Bu gəmiləri alan yoxdur.
“Palmali” MMC-nin baş direktoru, külli miqdarda vergi gizlətmək ittihamı ilə barəsində cinayət işi qaldırılmış Aleksey Mixeyelev isə deyib ki, yaranmış vəziyyətdən çıxış yolu görür və şirkətin müflis elan edilməsinə imkan verməyəcəklər, borcların restrukturizasiyasına nail olmağa çalışacaqlar. “Biz müflis olmağa hazırlaşmırıq. Hazırda şirkətin maliyyə baxımından sağlamlaşdırılması işlənib hazırlanır. Bu mexanimi açıqlaya bilmərəm, çünki kommersiya sirridir”-Mixeyelev deyib.
Ekspertlər isə deyirlər ki, “Palmali” müflis elan edilsə bunun gəmiçiliyə təsiri olmayacaq. "“Palmali”nin müflisləşməsinə dair prosedur çoxdan başlayıb. Faktiki olaraq bu şirkətin gəmiləri artıq bir neçə ildir Rusiya bazarında işləmir, tanker daşımaları bazarı yenidən bölüşdürülüb və balanslaşdırılıb”-“Port news” agentliyinin inkişaf üzrə direktoru Nadejda Malışeva deyib. Onun fikrincə “Sberbank”ın girovluğunda olan gəmiləri satmaq asan olmayacaq.
Xatırladaq ki, bu ilin aprelində Rostov Arbitraj məhkəməsi “Palmali”nin üzərində müşahidə proseduru tətbiq edib. Şirkətə qarşı çoxsaylı kreditorlar iddia qaldırıb və iddiaların ümumi məbləği “Palmali”nin aktivlərinin cəmi dəyərindən yuxarıdır.
Mübariz Mənsimovun biznesi adının İŞİD neftinin daşınmasında hallanmasından sonra sürətlə çökməyə başlayıb. Onun borclarının ümumi məbləği milyardlarla dollarla ölçülür.
Digər xəbərlər
loading...