Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan məşhur azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İdarəsində qondarma cinayət işi başlanması haqda məlumat verilmişdi
E.Əhmədov baş verənlərlə bağlı Yeni Müsavat-a danışıb.
O, olaylarla bağlı bu günə qədər Rusiya baş prokuroru Yuriy Çaykaya, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə, Sankt-Peterburqun prokuroruna, Rusiya Dövlət Dumasına müraciət etdiyini dedi. Bildirdi ki, Rusiya İstintaq Komitəsi Sankt-Peterburq üzrə İdarəsindəki bəzi əli təmiz olmayan səlahiyyət sahibləri ona qarşı qondarma cinayət işi başlayıblar. Bu işdə ancaq yaxşılığı keçən Xəlilov qardaşlarından ona qarşı dəyənək kimi istifadə edirlər.
“Mənim 4 övladım var, Rusiyada tanınan iş adamlarındanam. Heç vaxt kriminala aidiyyatım olmayıb, heç bir kriminal işə bulaşmamışam. Atam Nəbi Oruc oğlu Əhmədov podpolkovnikdir, Qarabağ müharibəsi veteranıdır. 4 övladım var. Qızım Sankt-Peterburq dövlət universitetin hüquq fakültəsini bitirib, oğlun həmin fakültədə 4-cü kursda oxuyur. Qızımın biri Sankt-Peterburq İncəsənət Akademiyasında təhsil alır. Balaca oğlum məktəblidir. Ali təhsilliyəm, illərdir Rusiyada bizneslə məşğulam. Ömrüm boyu kimsəyə qarşı haqsızlıq etməmişəm, mənə qarşı da haqsızlığı qəbul etmirəm. Xəlilov qardaşları Şəmkirin Şiştəpə kəndindəndirlər. Həmin kənddə hamı məni tanıyır, hörmət bəsləyirlər. Xəlilov qardaşları Sankt-Peterburqdakı Sofiya bazasında meyvə-tərəvəz alveri ilə məşğuldurlar. Vaxtilə onlara çoxlu meyvə-tərəvəz vermişəm. 2008-ci ilə kimi şirkətimdən mal alıb, alver ediblər. Bir yerli kimi normal münasibətlərimiz olub. Atalarını da tanıyıram, xeyir-şərlərində iştirak etmişəm. Sonara özləri dünyanın 4 bir tərəfindən Sankt-Peterburqdakı Sofiyskiy bazasına meyvə-tərvəz daşımağa və satdırmağa başladılar. Həmin bazada 100-dən çox şirkət var, həmin şirkətlərin sahiblərinin 95 faizi Şiştəpədəndir. Bazada mənim də şirkətim fəaliyyətdədir. Ümumilikdə şirkətlərimdə 500-ə yaxın işçi çalışır.
2015-ci ildə bu işdə adı keçən Rövşən Muradov mənim şirkətimdə menecer vəzifəsində çalışan Cavidlə əlaqə saxlamışdı. Hər biri 20 ton olan 50 maşın apelsin təklif eləmişdi. Kontraktı yerinə yetirmək üçün 500 min dollar beh istəmişdi. Bundan sonra şirkətimlə rəsmi müqavilə bağlandı, şirkətim Rövşən Muradovun verdiyi hesaba 500 min dollar pulu köçürdü. Kontrakta görə apelsinlər 2015-ci ilin sentyabrında gələndən sonra yerdə qalan 300 min dollar pulu da ödəməli idik. Bu kontraktdan məlumatım olsa da, detallarına varmamışdım. Ona görə ki, menecerlərin işinə qarışmırdım, şirkətlərimdə ümumi rəhbərliyi həyata keçirirdim. Pul “FrutStrim”ə köçürüləndən 2 ay sonra, 2015-ci ilin sentyabrında apelsinlər gəlməli idi. Amma gəlmədi. Rövşən Muradovla ilk dəfə Moskva şəhərində təşkil olunmuş dünya meyvə-tərəvəz sərgisində görüşmüşəm. Orada Rövşən Muradov müəyyən problemlərlə üzləşdiklərini söylədi, 300 min dolları da istədi. Dedi ki, apelsinləri göndərəcək. Mənim menecerim Cavid də orada idi. Söhbətdən sonra Cavid söylədi ki, deyəsən “FrutStrim”in problemləri var, pulu göndərməyək. Belə də oldu. 1 ay sonra, 2015-ci ilin oktyabrında Rövşən Muradov ofisimizə gəldi və açıqlama verdi ki, artıq “FrutStrim”də çalışmır. Ancaq bizdən alınan 500 min dollar pulu tezliklə qaytaracaq. Bildirdi ki, “FrutStrim”dən çıxandan sonra Rusiyada Xəlilov qardaşları ilə ortaq işləməyə başlayıb, şirkətdə 33 faiz payı var. Əlində olan pulları da onların şirkətinə yatızdırıb. 2015-ci ilin təxminən noyabr-dekabr aylarında Xəlilovların brokeri menecerim Cavidi aramışdı. Demişdi ki, Rövşən Muradov tərəfdən şirkətimizə qaytarılmalı olan 500 min dollar pul mənim balansımdadır. Pulu hissə-hissə bizim borclu olduğumuz “Baltik Şipinq” şirkətinə ödədilər. Həmin şirkətə borcumuzu bağladılar. 2016-cı ilin yanvarında Namiq Xəlilov menecerim Cavidə zəng edib onu təhqir eləmişdi, demişdi ki, guya onların pulunu ələ keçirmişik. Cavidi ölümlə hədələmişdi. Az sonra mənə məlumat çatdı ki, Sofiyskiy bazada çalışan şiştəpəlilər menecerim Cavidi aparacaqlar. Ona görə də Cavid polisə müraciət etdi. Bundan sonra mənə Şiştəpə kəndinin hörmətli ağsaqqalları – Zakir, Xıdır, İlham, Novruz Xəlilovun qayınatası Mayor müraciət etdilər, görüş təşkil elədilər. Həmin görüşdə Novruz, Namiq Xəlilovlar, ataları Qoçu və Şiştəpənin hörmətli ağsaqqalları, 15 nəfərə yaxın iştirak etdilər”.
Elçin Əhmədov deyir ki, qarşı tərəfin istəyi ilə görüşdə başqa bir azərbaycanlı iş adamı Elbrus Məmmədov da iştirak edib: “Orada bildim ki, Rövşən Muradovla Elbrus Məmmədov arasında da bizimlə onun arasında olan problem yaranıb. Rövşən Muradov ondan da pul alıb, mal göndərəcəyini deyib, göndərməyib. Ona görə də Elbrus Məmmədovu da görüşə çağırmışdılar. Onu ilk dəfə orada gördüm. Görüş oldu, ağsaqqallar bizi dinlədilər, Xəlilov qardaşları, Rövşən Muradov sözlərini dedilər. Ağsaqqallar rəy verdilər ki, mən Elçin Əhmədovun, menecerim Cavidin və Elbrus Məmmədovun baş verənlərdə heç bir günahı yoxdur, bizim Xəlilovlara borcumuz yoxdur. Söhbətdə iştirak edən Xəlilovların atası Qoçu Xəlilov dedi ki, mənə və Elbrus Məmmədova qarşı hər hansı bir pretenziyaları yoxdur. Bildirdi ki, oğlanları maddi baxımdan pis vəziyyətə düşüblər. Məndən və oğlanlarının kirvəsi olan Elbrus Məmmədovdan övladlarına köməklik etməyimizi istədi. Mənim Xəlilov qardaşlarına borcum olmadığı halda, (bunu onların ağsaqqalları da təsdiqlədi) dedim ki, Qoçu Xəlilovun xahişi ilə oğlanlarına 250 min dollar verirəm. Elə oradaca hallaşdıq, menecerim Cavid polisdən ərizəsini geri götürdü. Sonrakı 2 həftə ərzində 250 min dolları şiştəpəli Zakir müəllimin vasitəsi ilə Xəlilov qardaşlarına köməkdarlıq üçün verdim. Eşitdim ki, Elbrus da 200 min verib. Pulu verdim, 10 gün sonra mənə oğrular zəng elədilər. Dedilər ki, Famil Xəlilov dostunun vasitəsi ilə bizə çıxıb. Bəs sən Xəlilovlara qarşı səhv etməmisənsə, niyə onlara 250 min dollar vermisən. Vəziyyəti başa saldım. Dedim, öz insafıma kömək etmişəm. Onlar vəziyyəti biləndən sonra hər hansı bir hərəkətlilik olmadı”.
Elçin Əhmədovun sözlərinə görə, bir müddət söhbət açıq qalıb. 2017-ci ilin payızında Novruz Xəlilov və qardaşları ona ortaq tanışları vasitəsi ilə bir ərizə göndəriblər: “İmzalanmamış ərizədə yazılmışdı ki, guya onlara qarşı quldurluq etmişəm, Rövşən Muradovu oğurlayıb aparmışam, onlara məxsus olan pulu ələ keçirmişəm. Dedilər, 400 min dollar verməsən, ərizəyə imza atıb İstintaq Komitəsindəki öz adamları vasitəsi ilə cinayət işi başladacaq, məni həbs etdirəcəklər. Buna əhəmiyyət vermədim, dedim ki, günahım varsa, məni həbs etdirin. Amma mən sizə kömək etmişəm, belə halda 250 min dolları geri tələb edəcəyəm”.
Elçin Əhmədov deyir ki, 2018-ci ilin aprelin 26-da Xəlilovlar hərəkətə keçiblər: “Həmin gün yaşadığım binanın mühafizəçisi ailəmə məlumat verib ki, maşınlarımız ətrafında müəmmalı adamlar dolaşır. Mən xaricdə müalicədə idim deyə əmim Üzeyir Əhmədov müşahidə kameralarının qeydə aldığı və maşınlarımız ətrafında şübhəlilərin hərəkətləri əks olunan videonu tələb elədi. Baxıb gördük ki, ailə maşınımın arxa hissəsinə adamlar nəsə quraşdırırlar. Məlum oldu ki, Xəlilovun qohumları Mobil və Qabil maşınlarımızın altına izləyici mayaklar quraşdırıblar, məni və yaxınlarımı güdüblər. Sonradan eşitdim ki, bütün bunlar Novruz Xəlilovun göstərişi ilə olub. Müalicədə olduğumdan aprelin 27-də əmim Üzeyir Əhmədov polisə baş verənlərlə bağlı ərizə təqdim edib. Mayın 3-də polis təhqiqat işi başladı. Məlumat Xəlilovlara çatandan sonra onlar və İstintaq Komitəsindəki himayədarları vasitəsi ilə barəmdə saxta cinayət işi başladılar”.
Elçin Əhmədov bildirib ki, rəsmi məlumatlarda qeyd olunur ki, guya Xəlilovlar 2018-ci il mayın 3-də İstintaq Komitəsinə ərizə ilə müraciət ediblər. Komitə də müraciət üzrə mayın 10-da fakta görə quldurluq maddəsi ilə cinayət işi başlayıb: “Xəlilovların şikayət məktublarında yazılır ki, guya mən, menecerim Cavid və Loqistlə birgə Xəlilovların ofisinə basqın edib 12 milyon rubl - 190 min dollar aparmışıq. Bu şikayəti əsas götürüb 2018-ci il mayın 29-da evimdə və bütün iş yerlərimdə xüsusi təyinatlılar axtarış apardılar, ailəmi, uşaqlarımı qorxutdular. Elə həmin günlərdə mənə bunların İstintaq Komitəsindəki əli təmiz olmayan səlahiyyət sahibləri ilə əlaqələrinin necə yaranması də məlum oldu. Deməli, 2015-ci ilin iyun ayında Sofiyski bazasında İstintaq Komitəsi əməliyyat keçirmişdi, Xəlilov qardaşlarının bacısının həyat yoldaşı Elvin Əhmədov, Novruz və Mübariz Məmmədov qardaşları, bir başqa şəxs həbs olunmuşdular. İstintaq Komitəsinin həmin o qanunsuzluq edən səlahiyyətliləri 2015-ci ildə şikayətçi kimi Əliyev soyadlı Şəmkirin İlmaşlı kənd sakininin şikayət ərizəsinə istinad edib adlarını çəkdiyim şəxsləri həbs etmişdilər. Əliyevin şikayət ərizəsində ona Sofiyski bazasındakı basqında Xəlilov qardaşlarının da iştirak etdiyi yazılıbmış. O vaxt Xəlilovlar İstintaq Komitəsinə çağırılmış və sonradan sərbəst buraxılmışdılar. Özləri orda-burda danışırdılar ki, İstintaq Komitəsi səlahiyyətlilərinə 150 min dollar verib canlarını qurtarıblar. Xəlilovların İstintaq Komitəsindəki səlahiyyətlilərlə münasibətləri də o dövrdən yaranıb. Oradakı səlahiyyətlilər hazırda Xəlilovlardan mənə qarşı maşa kimi istifadə edirlər. Xəlilovlara qarşı cinayət olmadığı kimi 2015-ci ildə onlardan şikayət yazmış Əliyevə qarşı da basqın faktiki baş verməyib”.
Elçin Əhmədov deyir ki, bu cür saxta, əsassız, söz yığnağı olan şikayət məktubları ilə azərbaycanlı iş adamlarını soyurlar: “Bu sadəcə İstintaq Komitəsindəki əli təmiz olmayan səlahiyyət sahiblərinin azərbaycanlı iş adamlarından pul almaq üçün düzüb qoşulan bir şikayət olub. Bazanın 4 bir tərəfi müşahidə video kameralarıdır. Orada kiməsə qarşı basqın olsa dərhal hamı bilir. Xəlilovların adından yazılan şikayəti əsas götürüb mənə qarşı fakt üzrə başlanan cinayət işi də eyni ssenari üzrə gedib. Bir şikayət yazıb ortaya qoyub özləri də hücuma keçiblər. Xəlilovlar da onların dediyindən çıxa bilməyib.
Qondarma cinayət işinə görə guya mən 3 il əvvəl Xəlilovlara basqın etmişəm. Belə bir basqın olsaydı, Sofiyski bazasındakı video müşahidə kameralarına düşərdi. Bu gün İstintaq Komitəsi yalnız söz yığnağından ibarət olan bir şikayəti ortaya atıb, heç bir dəlil sübutsuz bizə hücum çəkir. Xəlilovlar 2015-ci ildən İstintaq Komitəsindəki səlahiyyət sahiblərinin təsiri altına düşüblər. Hazırda fakt üzrə İstintaq Komitəsi qondarma cinayət işi başlayıb. Mətbuata yalan məlumat ötürülür ki, guya axtarışa verilmişəm. Belə bir şey yoxdur.
Elçin Əhmədov Bakıya gəlməsinə də aydınlıq gətirib:
“Baş verənlərdən sonra Azərbaycana gəlmişəm, Rusiyaya İstintaq Komitəsindəki qanunsuzluq edən şəxslərlə üz-üzə gəlməmək üçün getmirəm. Ancaq mən axtarışa verilməmişəm”.
Elçin Əhmədov ümid edir ki, Rusiya dövlət rəhbərliyinə ünvanladığı müraciətlərinə cavab veriləcək, məsələ obyektiv araşdırılacaq: “Tez bir zamanda Xəlilov qardaşlarının barəmdə yalan məlumat verdikləri bilinəcək, həqiqət üzə çıxacaq. Mənə qarşı Xəlilovlar tərəfindən ifadə verənlər arasında maşınlarımıza izləyici qurğu quraşdıran Mobil də var. Ümumilikdə Xəlilovlar öz yalan şikayətlərinə 5 yalançı şahidi də qatıblar. Bu şəxslərin hər birinin qanun qarşısında cavab vermələrinə nail olacağıq”.
Digər xəbərlər
loading...