Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələr üçün nümunəvi xidmət şəraiti yaradılıb. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Ordumuz tərəfindən nəzarət altına götürülən Günnüt kəndində də etibarlı müdafiə sistemi qurulub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlayıb.
Ali Məclisin sədri deyib ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da ardıcıl və sistemli şəkildə icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb:
“Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir”.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilər işğaldan azad olunub:
“Şəxsi heyət əməliyyatlar keçirilən zaman rəşadət göstərərək böyük bir ərazini nəzarətə götürüb. Qazanılan uğur Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılıb. Bu əməliyyatda xidməti olanlar təltif olunmuş və onların göstərdikləri qəhrəmanlıqlar yüksək qiymətləndirilib”.
Sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndində olub, ərazidə müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.
Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilib. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb, yeni səngərlər qazılıb. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılıb.
Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.
Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.
Digər xəbərlər
loading...