Daxili işlər naziri istefaya hazır olduğunu açıqlayıb
Almaniyanın daxili işlər naziri və “Xristian-sosialist ittifaqı”nın lideri Horst Seehofer, miqrasiya siyasəti ilə bağlı kansler Angela Merkellə fikir ayrılığına görə hər iki vəzifədən getməyə hazır olduğunu bəyan edib.
Bu barədə iyulun 2-də Reuters və DPA agentlikləri məlumat yayıb.
Daxili işlər naziri ötən ay Merkeldən miqrasiya siyasətinin sərtləşdirilməsi və sərhədlərdə nəzarətin möhkəmləndirilməsini tələb etmişdi. “Reuters” xəbər verir ki, bu günlərdə Avropa Birliyinin Brüssel sammitində miqrasiya siyasəti ilə bağlı razılıq əldə olunsa da nazir hesab edir ki, Almaniyadakı qaçqınların bir hissəsini ölkədən çıxarmaq lazımdır.
Merkel isə bunu qəbul etmir və hesab edir ki, bu təklif sığınacaq verilməsi ilə bağlı Avropa normalarına ziddir. “Deutsche Welle” yazır ki, Seehofer iyulun 2-də Merkellə bu məsələni müzakirə etməlidir.
Nazirin bu addımı “Xristian Sosialist İttifaqı” ilə “Xrristian Demokrat İttifaqı-nın yaratdıqları koalisiyanı dağılmaq təhlükəsi altında qoyub. Bu koalisiya, xeyli sürən siyasi böhrandan sonra, 3 ay bundan əvvəl yaradılıb.
Qeyd edək ki, Avropa Birliyi liderləri iyunun 29-da, Brüsseldə 12 saatlıq gərgin danışıqlardan sonra miqrasiya siyasətində razılığa gəldilər. Razılaşmaya əsasən hər bir Avropa ölkəsi qaçqınları ayırd etmək üçün öz ərazilərində xüsusi “nəzarət mərkəzləri” yaratmalıdırlar. Qaçqınlar isə Avropa Birliyi ölkələrində əvvəlki kimi kvota ilə yox, könüllülük prinsipi ilə bölünəcək. Bu, Cuzeppe Contenin başçılıq etdiyi Yeni İtaliya hökuməti üçün qələbə deməkdir.
Qeyd edək ki, yeni İtaliya hökuməti bu yaxınlarda öz limanlarını dənizdə xilas edilən qaçqın gəmilərinin üzünə balayıb. Bu məsələ Birliyin əsas üzvlərindən olan Fransanın ciddi narazılığıan səbəb olmuşdu.
Şimali Afrika və Yaxın Şərq ölkələrindəki hərbi münaqişələrə görə bir neçə ildir ki, Avropaya qaçqın axını gəlir. Təkcə Almaniya 1 milyondan çox qaçqın qəbul edib.
(Azadlıq radiosu)
Digər xəbərlər
loading...