Özbəkistanın hakimiyyət dairələri ölkənin sabiq prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın dondurulmuş vəsaitlərinin bir hissəsini İsveçrədən geri qaytarmaq üzərində işləyir
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu respublika baş prokurorluğunun mətbuat katibi Surae Rəhmanova bildirib. “Bu məsələ İsveçrənin prokurorluq orqanları ilə birgə həll olunur. Məsələ tam həllini tapan kimi mütləq rəsmi bəyanat verəcəyik”, - deyə Rəhmanova qeyd edib. O, həmçinin təhqiqatın davam etdiyini və bu səbəbdən əlavə informasiya verə bilmədiyini vurğulayıb.
Bir qədər əvvəl qərb KİV-ləri Kərimovanın İsveçrə banklarında dondurulan 800 milyon frank (810 milyon dollar) həcmində vəsaitinin bir hissəsinin Daşkəndə qaytarılması məsələsinin arıq həll olunduğunu yazmışdı. İsveçrə prokurorluğunun mətbuat xidməti isə təhqiqatın davam etdiyini əsas gətirərək açıqlama verməkdən yayınmışdı.
Xatırladaq ki, 2015-ci ilin avqust ayında Daşkənd məhkəməsi Gülnarə Kərimovanı vergidən yayınma, dövlət vəsaitinin mənimsənilməsi, pul qoparma və ofşor kompaniyaların sənədlərini məhv etməkdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum etmişdi. 2017-ci ilin iyulunda Özbəkistanın Baş prokurorluğu Kərimovaya qarşı dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması maddələri üzrə cinayət işinin davam etdiyini bildirmişdi. Hər iki cinayət üzrə ölkəyə dəyən zərər ümumilikdə 2 milyard dollar həcmində qiymətləndirilir.
Digər xəbərlər
loading...