“Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədli qaz nəqlinin başlandığını elan edib
“Report” xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “BP-Azerbaijan”ın birgə məlumatına görə, “Şahdəniz-2” layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb.
“Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 mlrd. kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 mlrd. kubmetr qaz və 120 min barel kondensat həcminə çatdırılacaq.
Azərbaycandakı “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrasrukturudur. Layihə “Şandəniz” qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin genişləndərilməsini də əhatə edir. 28 mlrd.ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 km sualtı boru kəməri və körpü ilə birləşdirilmiş iki platforma daxildir. Qaz quru ilə 85 km-lik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Səngəçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa edilib.
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir: “Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, 2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqli bizim layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. “Regional hökumətlər və “Şahdəniz” konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksək keyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq, BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə – 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığmızı davam etdirəcəyik ”.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Nəhəng yataq təxminən 860 kv. km sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trln. kubmetr həcmində qaz və 2 mlrd. barrel kondensat ehtiyatına malikdir. “Şahdəniz” yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir;
Bu vaxtadək “Şahdəniz”dən ümumilikdə 91 mlrd. kubmetr qaz və 23 mln. ton kondensat hasil olunub.
“Şahdəniz-2” çərçivəsində hasil olunacaq əlavə 16 mlrd. kubmetr qaz 3500 km-lik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini (SCPX) – Azərbaycanda 428 km üzrə 48 düymlük, Gürcüstanda 59 km üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 km üzrə 56 düymlük, 476 km üzrə 48 düymlük və 34 km üzrə 36 düymlük Trans-Anadolu boru kəmərini (TANAP) və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 km üzrə 48 düymlük Trans-Adriatik boru kəmərini (TAP) əhatə edir.
Digər xəbərlər
loading...