Fərəc Quliyev: “Nazirlər Kabinetinin qalması ağır yükdür”
Vahid Əhmədov: “Prezident üsul idarəsi olan yerdə baş nazirliyə bir ehtiyac yoxdur”
Türkiyədə gələn ildən etibarən baş nazir postu olmayacaq. Ölkə prezident idarə üsuluna keçdiyi üçün nazir vəzifəsinə qardaş ölkədə artıq ehtiyac duyulmur. Bu vəzifənin yerində prezidentlik ofisi yaradılacaq.
Türkiyədə olacaq bu dəyişiklik Azərbaycanla bağlı da bir məsələni aktullaşdırıb. Ölkəmizdə vitse-prezidentlik postu yaradılandan bu günə qədər tez-tez Nazirlər Kabinetinin sədri postunun ləğv ediləcəyi, yaxud bunun vacibliyi barədə fikirlər səslənir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də baş nazir postunun ləğvini vacib sayır: “Hər bir ölkənin idarə sistemi var və buna hörmətlə yanaşıram. Türkiyədə sistem dəyişiklikliyi olmamışdan əvvəl parlamentdə bununla bağlı məsələ qaldırmışam. Prezident seçkiləri vaxtı da bu məsələyə toxunmuşam. Bildirmişəm ki, idarə sistemimizdə bir paralellik var. Bunun aradan qaldırılmasını vacib sanmışam. Baş nazir postunun ləğv edilib tamam yeni bir sistemə keçilməsi təklifini səsləndirmişəm.
Bunu etmək mümkündür. Baxmayaraq ki, Azərbaycanın bu gün çox dürüst, karyerası təmiz, ağıllı, dövlətə bağlı baş naziri var. O aparatda da çoxsaylı peşəkar məmurlar var. Fikirlərim onlara qarşı deyil. Sadəcə, onu demək istəyirəm ki, idarəetmədə baş nazirlik paralellik təşkil edir. Türkiyədə hazırda bu istiqamətdə ciddi işlər gedir. Hesab edirəm ki, Nazirlər Kabinetinin qalması ağır yükdür. Bu yükü üzərimizdən atmalıyıq. Bizim üçün bu yükdən azad olmaq çox vacibdir. Proqnoz vermirəm, çünki bunu prezident müəyyən edir. Düşünürəm ki, ölkə başçısı bu istiqamətdə bəzi dəyişikliklər edəcək”.
İqtisadçı deputat Vahid Əhmədov Türkiyədə ölkə adına çox ciddi proseslərin getdiyini qeyd etdi: “Türkiyənin prezident üsul idarəsinə keçməsi çox müsbət bir haldır. İctimai, siyasi vəziyyət, dünya ölkələri ilə əlaqələrində bu idarəçiliyin böyük rolu var. Hələ ki, Nazirlər Kabineti fəaliyyət göstərir. Hesab edirəm ki, prezident üsul-idarəsi olan yerdə baş nazirliyə bir ehtiyac yoxdur.
Türkiyədə problemlər çoxdur, amma bu cür yollarla həmin problemlərin qarşısının alınacağını düşünürəm. Prezidentlik və baş nazir postları arasında münasibətlər daim bir səviyyədə qalmır. Bu baxımdan Azərbaycanda belə bir qərarın verilməsini vacib sayıram. Bu dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Lazım bilərsə, belə bir addım atılacaq. Amma onu da deyim ki, son vaxtlar Nazirlər Kabinetində ciddi dəyişikliklər edilib, dəyişən nazirlər oldu, şöbələr birləşdirildi. Bir sıra ölkələrdə bütün məsuliyyət baş nazirin üzərindədir. O dövlətlərdə bu postun yeri var. Fikrimcə, parlamentə də müəyyən səlahiyyətlər vermək lazımdır”.(“Yeni Müsavat”)
Digər xəbərlər
loading...