Tbilisidə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Gürcüstan Milli Komitəsinin təşkilatçılığı ilə “Muzeylər cəmiyyətin dayanıqlı inkişafı üçün” mövzusunda beynəlxalq forum işə başlayıb
APA-nın yerli bürosunun məlumatına görə, Beynəlxalq tədbirdə Avropa Muzey Təşkilatları Şəbəkəsinin nümayəndələri, ICOM-un Azərbaycan, Gürcüstan və Ermənistan milli komitələrinin rəhbərləri, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, o cümlədən Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğunun əməkdaşları iştirak edirlər.
Gürcüstanın Milli Muzeyində keçirilən tədbirin əsas məqsədi XXI əsrdə muzeyin rolunu qiymətləndirmək və təhlil etməkdir. Forumda müasir muzeyin inkişafında dünya təcrübəsi müzakirə olunur.
Tədbirin açılışında çıxış edən ICOM Gürcüstan Milli Komitəsinin sədri İnqa Karaya cəmiyyətdə muzeylərin rolunun getdikcə artdığını bildirib. İ. Karaya beynəlxalq forumda muzeylərin inkişafı ilə bağlı tövsiyələrin müzakirə olunacağını qeyd edib. Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi öz növbəsində tədbiri muzey sahəsi ilə bağlı müzakirələrin aparılması üçün yaxşı platforma adlandırıb. M. Caşi Gürcüstanın muzeylərin inkişafı üçün dünya ölkələrində tətbiq olunan müasir metodların öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Sonra ICOM-un prezidenti Suay Aksoy müasir dünyada muzeylərin üzləşdiyi çətinliklər və onların aradan qaldırılmasında tətbiq oluna bilinəcək innovativ həll yolları, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova forumda Azərbaycandakı aparıcı muzeylərin fəaliyyəti və bu sahədə tətbiq olunan layihə və proqramlar mövzusunda məruzə ilə çıxış edib.
Forum panel müzakirələri ilə davam etdirilib. Beynəlxalq tədbir çərçivəsində 3-4 iyul tarixində Cənubi Qafqaz regionunun muzey əməkdaşları üçün seminarlar təşkil olunacaq.
Digər xəbərlər
loading...