Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə basqında ittiham olunan Özbəkistan vətəndaşı, 26 yaşlı Tərlan Alıyarov, Qusar rayon sakini, 36 yaşlı Radik Həsrətov və Xaçmaz rayon sakini, 26 yaşlı Kamran Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Virtualaz.org-un xəbərinə görə, T.Alıyarov tanışları R.Həsənov və K.Nəsrullayevlə birgə fevralın 25-də gecə saatlarında “Xırdalan dairəsi” ərazisində “VAZ-21044” markalı 90 KX-291 dövlət nömrə nişanlı taksiyə əyləşərək, onları “Memar Əcəmi” meyro stansiyası tərəfə aparmağı xahiş ediblər. Aralarındakı razılığıa əsasən, T.Alıyarov bıçağı sürücünün boğazına dirəyərək ondan pulları verməyi tələb edib. Avtomobilin sürücüsü Kamran Həsənliyə məxsus mobil telefonu və pulları onun əlindən alaraq hadisə yerindən qaçıblar.
Təqsirləndirilən Tərlan Alıyarov ifadəsində Özbəkistanda doğulduğunu, 1994-cü ildə Qusar rayonunun Çiləgir kəndinə gəldiyini, şəhid əmisi Eldar Əliyarov (Eldar Əliyarov 1994-cü ildə 31 yanvarda Füzuli rayonu ərazisində yerləşən Sisqaya uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub - red.) adına məktəbdə oxuduğunu göstərib. Məktəbi bitirdikdən sonra isə yenidən Özbəkistana qayıdıb. Orada kollecdə oxuyub, tikintidə işləyib. Ötən il isə yenidən Çiləgir kəndinə qayıdıb. Sinif yoldaşları və uşaqlıq dostları ilə mütəmadi olaraq əlaqə saxlayıb, görüşüb. Fevralın 23-də həmkəndlisi və yaxın dostu Radik zəng vuraraq, çoxdandır görüşmədiklərini deyərək, onu Bakıya dəvət edib. Dostunun sözünü yerə salmayan Tərlan Qusardan birbaş Xırdalana gəlib. Həmin günün səhəri isə həbs olunub: “Radikin kirayə yaşadığı evə gəldim. Xalası oğlu Kamran da orada idi. Həmin gecə Radikgildə qaldım. Ertəsi gün birlikdə kafeyə getdik, yeyib-içdik. Axşam Kamranı Xudata yola salmaq üçün birlikdə “Xırdalan dairəsi”nə gəldik. Bir qədər gözlədikdən sonra, bir taksi gəldi, “Əcəmi”yə tərəf getdiyini dedi. Biz də “Şamaxinka”ya gedəcəyinmizi deyib əyləşdik. Radik qabaqda, Kamranla mən arxada oturduq. Gördüm ki, taksi “Əcəmi” tərəfdə bir qaranlıq məhəlləyə girdi. Radik maşını saxlatdırıb düşdü. Kamran isə ləzgi dilində “bəlkə sürücüylə işləyək?” dedi. Mən bıçağı sürücüyə tutub dedim ki, nəyin varsa çıxar. Telefonu və pul kisəsini verdi. Hər üçümüz Saray qəsəbəsindəki “Pəhləvan” kafesinə getdik. Sürücüdən götürdüyümüz puldan 5 manat çıxarıb DJ-in yanına getdim, ləzgi mahnısı sifariş verdim. Lakin DJ sifarişimi rədd etdi deyə, mübahisəmiz düşdü, bizi küçəyə çıxardılar. Çox keçmədi ki, polis əməkdaşları gəldi və bizi polis bölməsinə apardılar”.
Təqsirləndirilən Radik Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində ailəsindən ayrıldığını, paytaxtda usta işlədiyini, hadisədən əvvəl xalası oğlu Kamranı və dostu Tərlanı Bakıya dəvət etdiyini göstərib: “Biz taksiyə əyləşdik ki, Kamranı rayona yola salaq. “Şamaxinka”ya çatanda Tərlan telefonla kiminləsə danışırdı. Dedi ki, bir nəfər var, mənə pul verməlidir. Ona görə də, taksini qaranlıq bir məhəlləyə sürdürdü. Tərlanının təklifi ilə sürücü maşını saxladı. Kamran maşında qaldı, Tərlanla mən düşdük. Tərlan sürücü tərəfdən qapını açıb bıçaqla onu hədələyib pulları istədi, o da verdi. Pulları aldıqdan sonra sürücüyə “indi sür, çıx get” dedi”.
Digər təqsirləndirilən Kamran Nəsrullayev də ittihamlarla razılaşmayıb. O, rəngsaz işlədiyini, xalası oğlunun dəvəti ilə Bakıya gəldiyini göstərib: “Tərlanı 7 ilə yaxındır ki, tanıyıram, normal münasibətimiz olub. Onu ancaq kəndə gedəndə görürdüm. Radik məni Bakıya çağıranda Tərlan da gəlmişdi. Birlikdə yeyib-içdik. Mən rayona qayıtmalıydım deyə gecə saat 12 radələrində kafedən çıxıb taksiyə oturduq. Tərlan sürücünü hədələyib pullarını aldı. Mən arxada sakitcə oturmuşdum. Heç nə etməmişəm. Hadisə zamanı içkili olduğumdan çox şeyi xatırlamıram”.
Taksi sürücüsü Kamran Həsənli özünə məxsus avtomobillə sərnişin daşıdıığını deyib. Hadisə baş verən gün üç nəfər sərnişin maşına əyləşib, onları “Əcəmi” tərəfə aparıb. “Memar Əcəmi” merto stansiyasına çatanda sərnişinlərdən biri maşını “Yeganə” şadlıq evinin yanına sürdürüb: “Arxada əyləşənlərdən biri telefonla danışırdı. Kiməsə deyirdi ki, düş aşağı, məhəlləyə çatmışam. İkisi maşından düşüb ağaclığa tərəf getdilər, adını sonradan bildiyim Kamran maşında qaldı. Mənə dedi ki, qızlarla istirahət etmək üçün yaxınlıqdakı “Pəhləvan” kafesindən başqa yer tanıyırsanmı? Dedim “28 May” tərəfdə tanıyıram. Sonra həmin o iki nəfər gəldi. Radik yanımda oturdu. Tərlan isə mən tərəfdən qapını açıb bıçağı boğazıma dirədi. Dedi ki, üstündə nə varsa çıxar ver mənə. Telefonu verdim, pul kisəsini kimin götürdüyünü görmədim. Arxada əyləşən Kamran hər iki əlimi tutub özünə tərəf sıxdı, Radik isə maşının içini, “bardaçok”u axtardı. Üstümdən heç nə tapmadılar, sənədlərə baxıb yerinə qoydular. Sonra maşından düşdülər. Tərlan yenidən bıçağı boğazıma dirəyib, “səni öldürə bilərəm” dedi. Dedim, öldürmə, telefonumu, pulumu sənə vermişəm. Mən sizi görməmişəm, siz də məni görməmisiniz. O, isə cavabında “irəliyə doğru sür, çıx get” dedi”.
Sürücü avtomobillə məhəllədən çıxarkən yolda təsadüfən Post Patrul Xidmətinin əməkdaşları ilə rastlaşıb. Onlara yaxınlaşaraq, ona qarşı cinayət olunduğunu, telefonunun və pullarının üç nəfər tərəfindən aparıldığını deyib. Öz maşınını bir kənarda saxlayıb PPX əməkdaşları ilə birgə ətrafı gəzib. Amma heç kimi tapa bilməyiblər. Polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə gedərək izahat yazıb: “Polislərə dedim ki, məni soyan şəxslər “Pəhləvan” kafesini tanıyıb-tanımadığımı soruşurdular. Polislərlə birgə həmin kafeyə gələndə gördüm ki, Tərlan bayırda bir nəfərlə mübahisə edir. Onu polislərə göstərdim, mənə bıçaq çıxaran adam olduğunu dedim. Polislər onu da, digər iki nəfəri də tutdular”.
Məhkəmə prosesi davam edir.
Digər xəbərlər
loading...