“Azərbaycanın Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən zəbt edilmiş ərazilərində 22 muzey, 6 rəsm qalereyası var idi”
“Bu muzeylərdə qədim və orta əsrlərə aid minlərlə qiymətli sənət nümunəsi qorunurdu. Onların bəziləri müharibə atəşləri ilə dağıdılaraq məhv edilib, böyük əksəriyyəti isə oğurlanıb və ya erməniləşdirilib”.
Bu fikirləri Milli Məclisin Mədəniyyə komitəsinin sədri Rafael Hüseynov AŞPA-nın sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsi zamanı bildirib.
Deputat deyib ki, son 26 il ərzində erməni işğalı altında olan Şuşa şəhəri Azərbaycanın əsas klassik mədəniyyət mərkəzlərindən biri olub:
"Şuşaya abidə, muzey şəhəri deyilirdi. Təkcə bu şəhərdə Azərbaycanın 9 nadir muzeyi vardı. Lakin həmin muzeylərdən əlavə ayrı-ayrı insanların mənzillərində xalq sənətinin gözəl nümunələri olan minlərlə Azərbaycan xalçası vardı. Həmin xalçalar oğurlandı, dünya bazarlarına çıxarıldı, ən yaxşı halda isə hansısa xarici muzeylərdə erməni xalçası kimi qeydiyyata salındı. İşğalçı dövlətin mədəni irsə münasibətdəki ən qəbuledilməz fəaliyyətlərindən biri də dini abidələr və məzarlıqlarla bağlıdır”.
R.Hüseynov qeyd edib ki, işğalçı dövlət tərəfindən 403 tarixi dini abidə, 67 məscid, 144 məbəd, 192 ziyarətgah dağıdılıb, yüzlərlə qəbiristanlıq yerlə-yeksan edilib, hətta qəbir daşları belə oğurlanıb:
"Mədəni irslə bağlı sistemli saxtalaşdırma siyasəti! Bu, ilk növbədə, qədim tarix göstəricisi olan abidələrə yönəlib. Həm də bu gedişatda ermənilər yalnız sırf Azərbaycan abidələrini deyil, tarixən Azərbaycan ərazisində yaşamış digər xalqların da abidələrini, hətta qəbirlərini özününküləşdirməyə çalışıblar. Məqsəd guya bu torpaqlarda çoxdan yaşadıqlarını sübut etmək üçün mənbələr yaratmaqdan ibarətdir. Həm də bunu ermənilər yalnız işğal dövründə deyil, elə ardıcıl şəkildə həmişə davam etdiriblər.
Məsələn, Azərbaycanın Gəncə şəhərinin yaxınlığında XIX əsrdən etibarən alman icmasının kompakt yaşadığı Yelenendorf şəhəri var idi. Həmin ərazidəki kəndlərdə almanlarla yanaşı, azərbaycanlılar, ermənilər də yaşayırdı. İndi Göygöl adlanan o şəhərin müxtəlif kəndlərində xeyli tarixi qəbiristanlıqlar var. Oraya köçüb gəlmiş ermənilər, sən demə, xəlvəti olaraq bu ərazilərdəki alman məzarlarını erməniləşdirməklə məşğul olurmuşlar. 1980-ci illərin sonlarında Ermənistandan 300 mindən artıq azərbaycanlı deportasiya edildikdən sonra Göygöl rayonundakı erməni ailələri də Azərbaycandan getmək zəruriyyəti ilə üzləşib. Onları ifşa edən əcaib faktlar ortaya çıxıb. Tam erməniləşdirməyə imkan tapdıqları alman qəbirləri çox idi. Bir sıra alman qəbirləri də vardı ki, məzar daşının bir tərəfində almanca yazılar pozularaq erməni mətni ilə əvəz edilib. Lakin daşların digər üzündə hələ dəyişdirilməyə imkan tapılmamış köhnə alman səliqəsi ilə yazılmış mətnlər qalır. Yalan, saxtakarlıq, oğurluq, dağıdıcılıq dünyanın hər yerində qəbuledilməzdir. Amma bu arzuolunmaz əməllər mədəni irsə tətbiq ediləndə ikiqat, üçqat dözülməzdir. Ona görə də biz hamımız mədəni irsə qarşı belə hallarla mübarizəni müştərək və daha qətiyyətlə aparmalıyıq". (olke.az)
Digər xəbərlər
loading...