İyunun 29-da Milli Məclisin sonuncu iclası keçirildi. Spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə 39 məsələ olsa da, daha bir məsələ – “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər əlavə edilib
Gündəliyin təsdiqindən sonra parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziya Səmədzadə “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim etdi.
Maliyyə naziri Samir Şərifov isə çıxışında bildirdi ki, büdcədə müsbət yöndə dəyişikliklər var. Nazir dedi ki, zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb: “Tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və ictimai büdcədən gəlir və xərclərin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb. 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyədə proqnozlaşdırılır. Bu rəqəm isə cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,3%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan artımı dövlət büdcəsinin 2018-ci il yanvarın 1-nə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək. Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır”. S.Şərifov bildirdi ki, 2018-ci ilin yeni dövlət büdcəsində neftin baza qiyməti artırılır. Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Bunun müqabilində cari ilin sonunadək ARDNF-ə əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 mln. manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 mln. manat istifadə olunması nəzərdə tutulur.
Maliyyə nazirinin sözlərinə görə, yeni büdcədə 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edil iş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur. Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur.
S.Şərifov qeyd etdi ki, dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi artırılır. ARDNF-dən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 mlrd. 966 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 750 mln. manat və 19% çoxdur.
“Neftin qiymətində baş verən dəyişikliklər büdcəyə təsir edən amildir. Bir neçə il bundan öncə dünya bazarında baş verən maliyyə iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi nəticəsində həmin dövrdə dövləti büdcəyə yenidən baxmağa sövq edib”.
Bunu isə 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söylədi. O dedi ki, cari ilin ötən dövründə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında müsbət təsirlər qeydə alınıb: “Neftin qiymətinin artması nəticəsində büdcədə neftin qiymətində dəyişikliklərə zərurət yaranıb. Neftin bahalaşması, dövlət maliyyə sistemində aparılan islahatlar nəticəsində ölkəmizdə Ümumi Daxili Məhsul 1.2 faiz artıb. Neft sektorunda 28.1 faiz, qeyri-neft sektorunda 5.7 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib. Bir sıra sosial layihələrin maliyyə hesabında artım qeydə alınıb. Hesablama Palatası büdcə haqqında hesabat təqdim edib”.
Spiker Oqtay Əsədovun təklifindən sonra deputatlar müzakirəsiz 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədilər.
Həmçinin Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də səsə qoyularaq təsdiq edildi.
İclasda “Hesablama Palatası haqqında” qanun layihəsi isə 3-cü oxunuşda müzakirəyə çıxarıldı. Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması əksini tapırdı. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək. Yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Onun sözlərinə görə, Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub. Qanun layihəsində bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə qaytarır. Layihə müzakirələrdən sonra III oxunuşda səsə qoyularaq qəbul edildi.
Milli Məclisin iclasında Bakı-Sumqayıt yolundakı tıxac da müzakirə olundu. Deputat Fazil Mustafa çıxışında dedi ki, adətən yol polisindən, ictimai nəqliyyatdan və piyadalardan bəhs olunur, amma digər məsələlər unudulur: “Biz bu üç subyektin cəzasını həmişə artırırıq. Dövlət büdcəsinə də müəyyən vəsait gəlir. Keçən il düdcədə 2 milyardlıq artım olub. ”Bakıxanov” qəsəbəsində metro tikilməliydi. Amma iki il keçib, metro tikintisinə vəsait artırılmır. Artıq Xırdalan yolu ilə bağlı məsələ də hər birimizi narahat edir. Əhalinin çəkdiyi zülmü doğrudanmı biz görmürük? Minlərlə insan küçələrdə qalıb, alternativ yol yoxdur. Türkiyənin İstanbul şəhərində metro ilə istənilən yerə getmək mümkündür. Üstəlik, avtobuslar üçün ayrıca yol xətləri çəkilib. Həm tıxac yaranmır, həm də vaxtında işə yetişmək mümkün olur. Bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq”.
Deputat Fəzail Ağamalı da yollardakı vəziyyətin müzakirəsi zamanı çıxış etdi. O, həmkarı Fazil Mustafanın dedikləri ilə həmfikir olduğunu dedi: “Masazır istiqamətində dəhşətli vəziyyət hökm sürür. Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ yollar da yoxdur. Həmin yol 4 il bundan qabaq çəkilib. Bir nəfər dilli-dilavər jurnalist çıxıb deyir ki, yolun təmirinə ehtiyac var idi. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi”.
Spiker Oqtay Əsədov isə səslənən fikirlərə etiraz etdi: “Çox yüksək səviyyədə yollar çəkilir. Mənim də yaşadığım yer Sulutəpə tərəfdədir, o əziyyəti mən də çəkirəm. Orada evlər tikilib, yol genişlənsə, gərək o evlərin yarısı sökülsün”.
Milli Məclisdə Bakı yollarındakı vəziyyət və metro çəkilişindəki ləngimələrlə bağlı deputatların çıxışına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputat Cavid Qurbanov münasibətini bildirdi.
C.Qurbanov həmkarlarının yol çəkilişi ilə bağlı tənqidlərini qəbul etmədi: “Bakıda yol çəkilmədiyini demək düz deyil”. Deputat həmkarlarını ədalətli olmağa çağıraraq bildirdi ki, Bakının hər bir tərəfi su ilə əhatə olunduğundan yolları genişləndirmək olmur: “Buna görə də problemlər yaranır. Metro stansiyalarına gəlincə, biz daha çox yerüstü xətlərin çəkilməsinə üstünlük veririk. Çünki bu, daha ucuz variantdır, həm də keyfiyyətlidir”.
Bakıda metro çəkilişi ilə bağlı problemlərə münasibət bildirən C.Qurbanov metro çəkilişinin kifayət qədər xərc tələb etdiyini xatırlatdı: “Metronun xərci həddən artıq böyük olduğundan biz çalışırıq ki, yerüstü xətlərə üstünlük verək. Bakıda 26 yeni dəmir yolu stansiya istifadəyə veriləcək. İlin axırına qədər Sabunçu, Pirşağı stansiyaları tikiləcək”.
Parlamentdə “Məhkəmələr və hakimlər haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev BMT-nin Baş Məclisi tərəfindən əsas prinsiplərin müəyyən olunduğuna diqqət çəkdi:“Bizdə hər 5 ildən bir hakimlərin fəaliyyətinin qiymətləndirilməsindən söhbət gedir. İndi isə onlara ikinci dəfə şans verilməsi layihədə əksini tapıb. 5 ildən bir qiymətləndirmənin keçirilməsi hakimlərin asılı saxlanılması deməkdir. Əgər hakimlərdən şikayət olunursa, o şikayət araşdırılmalıdır və onun fəaliyyətinə qiymət verilməli, məsuliyyətə cəlb olunmalıdır”.
Q.Həsənquliyev hakimlik fəaliyyəti üçün son yaş həddinin 68 yaş götürülməsini də düzgün saymadı: “Bu yaş həddindən artıq azdır. Bu yaş həddi ya 75-ə qaldırılmalı, ya da onlar ömürlük təyin olunmalıdır”.
ABŞ-da hakimin 81 yaşında istefa verdiyini xatırladan deputat məhdudiyyətin götürülməsini təklif etdi:“İnsanlar işləyə bilməyəndə onsuz da ərizə yazıb işdən gedəcəklər. Üstəlik, hakimlərin sayının az olması da problemdir. Hakimlər maddi baxımdan asılı olmamalıdır, onlara yüksək məbləğdə əmək haqqı verilməlidir”.
O.Əsədov “Sən inanırsanmı ki, kimsə özü istefa verər?” deyə, reaksiya verdi.
Deputatlar, həmçinin Cinayət, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki, Miqrasiya məcəllələrinə edilən dəyişiklikləri də nəzərdən keçirdilər.
“Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişikliyə görə, sənədin 10.9-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilir.
İclasda “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxıldı. İclasda Cəzaların İcrası Məcəlləsində, “İcra məmurları haqqında”, “Polis haqqında”, “İcra haqqında, ”Hərbi vəzifə və hərbi xidmt haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə olundu. Deputatlar, həmçinin Vergi Məcəlləsində, “İcarə haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında və “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” qanun layihələrinə də münasibət bildirdilər.
Gündəlikdəki bütün qanun layihələri səsə qoyularaq qəbul edildi. Bundan sonra Milli Məclisin növbədənkənar sessiyası öz işini yekunlaşdırdı. Spiker Oqtay Əsədovun yekin çıxışından sonra Dövlət Himninin oxunması ilə sessiya işini başa çatdırdı və deputatlar yay tətilinə çıxdılar.(musavat.com)
Digər xəbərlər
loading...