Hüquqşünasla Hafiz Hacıyev arasında məhkəmə çəkişməsi davam edir
MMP sədri Hafiz Hacıyevlə hüquqşünas Aslan İsmayılov arasında məhkəmə çəkişməsi davam edir
İyunun 28-də Aslan İsmayılovun xüsusi ittiham qaydasında qaldırdığı ittiham üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə Hafiz Hacıyev və onun vəkili tələb ediblər ki, həbsdən başqa, Aslan İsmayılov 100 min manat təzminat ödəməsin və Hafiz Hacıyevdən üzr istəməsin
İsmayılova 3 il həbs cəzası kəsilməsi tələb olunub. Aslan İsmayılovla Hafiz Hacıyev arasında sürən məhkəmə çəkişməsində birinciyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb.
Partiya sədri vəkilin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə məsuliyyətə cəlb olunmasını tələb edib.
Daha öncə hakim Aslan İsmayılovun sosial şəbəkələrdə paylaşdığı və Hafiz Hacıyevin təhqir və böhtan saydığı yazıları ekspertizaya göndərmişdi. Nəticələr iyunun 28-dəki məhkəmədə açıqlanıb. Ekspert həmin yazılardakı bəzi ifadələri təhqir sayıb.
Hafiz Hacıyev iddia edib ki, Aslan İsmayılov öz yazılarında “canlı” və “məxluq” kimi ifadələr işlətməklə, eləcə də vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla ona böhtan atıb. Aslan İsmayılovsa deyib ki, bu adamın adını çəkməyi özünə yaraşdırmadığına görə, onu “canlı” adlandırır.
Məhkəmədə yenə “canlı” adlandırılması Hafiz Hacıyevi qəzəbləndirib və mübahisə yaşanıb.
Hakim fasilə elan edib və geri qayıdanda Hafiz Hacıyevə xəbərdarlıq edərək bildirib ki, etik qaydalara əməl etməsə, məhkəmə onun haqqında tədbir görəcək.
Ardından xüsusi ittihamçı Hafiz Hacıyev və vəkili çıxış ediblər. Onlar Aslan İsmayılova 3 il həbs cəzası kəsilməsini, onun 100 min manat təzminatla cəzalandırılmasını və üzərinə üzr istəmək öhdəliyinin qoyulmasını istəyiblər.
Məhkəmə iyunun 29-na təyin olunub. Lakin qeyd olunan tarixdə də məhkəmə təxirə salınıb.
“Yeni Müsavat”a danışan Hafiz Hacıyev bildirib ki, Aslan İsmayılov həbs edilməyənə qədər geri çəkilməyəcək. Hacıyev bildirib ki, Aslan İsmayılov onu təhqir edib və buna görə də qanun qarşısında cavab verməlidir:
“Aslan İsmayılov kimi istədi təhqir edir, söyür və düşünmür ki, bütün bunların hamısı özünə də qayıda bilər. Bir ildən artıqdır ki, Aslan İsmayılovla aramızda olan məhkəmə davası davam edir. O, məni təhqir etdiyi üçün məhkəməyə vermişəm. Məndən başqa ona 2 işlə bağlı xuliqanlıq səbəbindən cinayət işi qaldırılıb. Bizi ittiham edirdi ki, guya dövlətə 2 milyon borcum var. Məhkəməyə verdikdən Aslan İsmayılov müxtəlif səfirliklərə müraciət etdi, ancaq xeyri olmadı. Məhkəmə prosesində qarşı tərəf dediyini inkar etmək istədi, ancaq sosial şəbəkədə yazdığı üçün fakt kimi ortaya qoyuldu. İyunun 28-də məhkəmə prosesində mübahisənin səbəbi Aslan İsmayılovun məni təhqir etməsi oldu. Mən buna etiraz etdim ki, məhkəmə zalında təhqiramiz ifadə işlətmə. Hakimə də etiraz etdim ki, məni məhkəməyə gətirib, burada təhqir etdirə bilməzsiz. Artıq məhkəmə yekunlaşıb. Bu gün Aslan İsmayılova hökm oxunmalı idi. Ancaq bu proses uzandı. Aslan İsmayılova ən azı 3 il həbs cəzası verilməlidir. Aslan İsmayılov son söz deməkdən imtina etdi ki, guya mən məhkəməyə təzyiq göstərirəm. Sadəcə olaraq Aslan İsmayılov mənə “canlı” dedi, buna məhkəmə heç bir münasibət bildirmədi. Ona görə də mən proses zamanı etiraz etmişəm ki, niyə o məni təhqir edən zaman buna şərait yaradırsız. Bunun adı məhkəməyə təzyiqdimi? Növbəti məhkəmə prosesi iyunun 2-də keçiriləcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...