NATO-nun iyulun 11-12-də Brüsseldə keçiriləcək sammiti ərəfəsidə Avropa ölkələrinin XİN rəhbərləri ilə alyansın baş katibi Yens Stoltonberq arasında hərbi nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı qızğın müzakirələr başlayıb
Bu dəhlizlər NATO qüvvələrinin Avropa Birliyi ərazisində sərbəst hərəkətini təmin etmək üçündür.
NATO-nun yeni “Four Thirties” layihəsinin hədəflərinə baxanda, bu təşəbbüsün reallaşması o qədər də çətin görünmür. Məlum layihə 2020-ci ilə qədər alyansın 30 mexanizasiya edilmiş batalyona, 30 aerodroma və 30 döyüş gəmisinə sahib olmasını nəzərdə tutur. Və bütün bunlar 30 gün ərzində və ya daha tez döyüşə hazır vəziyyətə gətirilməlidir.
Vaşinqtonun hazırladığı layihə iyunun əvvəlində NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ilə razılaşdırılıb. Həmin görüşdə NATO baş katibi Yens Stoltonberq bildirmişdi ki, müasir dünyada döyüşə yüksək səviyyədə hazırlıq NATO-nun vacib vəzifələrindən sayılır.
Baş katib qeyd etmişdi ki, söhbət, yeni qüvvələrin yaradılmasından yox, mövcud olanların hazırlıq səviyyəsinin gücləndirilməsindən gedir.
Stoltonberq əmindir ki, NATO üzvləri yeni təşəbbüsü göstərilən vaxtda reallaşdıra biləcəklər. Baş katibin bu nikbinliyini heç də hamı, eləcə də bir çox ekspertlər bölüşmür.
Alyansın 30 mexanizasiya edilmiş batalyona sahib olması münaqişə zonasına operativ şəkildə 15 min hərbçinin göndərilməsi deməkdir. Hələ ki bunun üçün müvafiq nəqliyyat infrastrukturu yoxdur. Avropa daxilindəki bürokratik əngəllərə, dar yollara və kifayət qədər möhkəm olmayan körpülərə görə hərbçilər hədəf nöqtəsinə vaxtında çatmaya bilərlər.
Britaniyanın European Leadership Network qeyri-hökumət təşkilatının eksperti Elis Billon-Halland məsələyə skeptik yanaşır: “Qoşunları Avropaya köçürməyin çətinliyini nəzərə almasaq belə, ortaya sual çıxır. Onlar nə etmək istəyirlər? Tutalım, tanklara davam gətirən möhkəm körpülər tikildi. Amma tankları idarə edəcək tankçılarınız yoxdursa, bunun heç bir mənası qalmır”.
Ekspertin sözlərinə görə, hazırda ordunun böyük hissəsi kollektiv müdafiənin effektivliyini təmin edəcək səviyyədə deyil.
Amerikalı politoloq Maykl Şurkin öz məqaləsində alyansın əsas zəif nöqtələrini göstərərək bu nöqtələrin yeni təşəbbüsün reallaşmasına imkan verməyəcəyini bildirib: “Adətən briqadada üçdən altıyadək batalyon olur. NATO-nun planı bir ay ərzində 5-10 arası briqadanı döyüşə hazır vəziyyətə gətirməyi nəzərdə tutur”.
Şurkinin fikrincə, nə Britaniya, nə Fransa, nə də Almaniya göstərilən müddətdə bu sayda hərbçi verə bilər. Hazırlıq səviyyəsi ən yaxşı vəziyyətdə olan Britaniya belə, bunu 30-90 gün ərzində təmin edə və döyüş hazırlığını mütəmadi dəstək verə bilər: “Bu mənada Fransanın imkanları xeyli məhduddur. Bəlkə də Paris bir neçə həftə ərzində bir briqada formalaşdıra bilər. Amma bunun üçün Fransa hökuməti böyük səylər göstərməlidir”.
Almaniyaya gəldikdə, ekspert hesab edir ki, Berlin Rusiyaya qarşı müqavimət göstərmək üçün cəmi iki müasir batalyon verə bilər.
Elis Billon-Halland Vaşinqtonun bu təşəbbüsünün olduqca riskli olduğunu da xatırladıb: “Əgər 2020-ci ilədək NATO heç olmasa 10 batalyonunu 45 gün ərzində döyüşə hazır vəziyyətə gətirməsə, bu, çox gülməli görünəcək və alyansı pis vəziyyətə salacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...