İpoteka Fondunun banklara qoyduğu qadağanın daha bit gerçək səbəbi
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Bu barədə bank sektorundan verilən məlumata görə, xəbərdarlıqda banklara Bakı şəhərində 1970-ci ilə qədər tikilmiş mənzillərin ipotekaya salınmaması göstərişi verilib.
Mənbə qeyd edir ki, yenilik şəhərdəki yeni tikililərin bazarda payının artırılmasına hesablanıb. Bunun isə öz növbəsində mənzil bazarında bahalaşmaya gətirib çıxaracağı proqnozlaşdırılır(Modern.az).
Bəzi mənbələr bildirirlər ki, İpoteka və Kredit Zəmanət Fondunun bu addımı daha çox Bakıda inşa edilən göydələnlərin sahiblərinin xeyrinədir. Belə ki, paytaxtda inşa edilən binaların çoxusunda satış problemi yaşanmaqdadır. Xüsusilə şəhərin mərkəzi və mərkəzinə yaxın ərazilərdə inşa olunan çoxmərtəbəli binalardan mənzil satışı çox aşağı səviyyədədir. Baha qiymətə olan bu mənzillərin əksəriyyətinin hələ də satılmadığı deyilir. Bildirilir ki, fondun 70-ci ilədək tikilmiş olan binalardakı mənzillərin ipoteka ilə alınmasına qadağa qoyması bu vəziyyəti dəyişməyə yönəlib.
Onu da qeyd edək ki, 2018-ci il aprelin 30-na fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1 milyard manatı ötüb. Fondun fəaliyyət dövrü ərzində 22 mindən çox adam ipoteka ilə mənzil əldə edib.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, 1970-ci illərədək əsasən kommunalkalar, “italyan, ”stalinka", “xruşşovka”lar tikilib: “Ondan sonra Leninqrad, Kiyev və eksperimental layihəli binalar tikilib. Bakı şəhərində sovetdənqalma 4 minə yaxın bina var. Bunların təxminən yarısı 70-ci illərədək tikilənlərdir”.
İpoteka Fondunun xəbərdarlığı barədə məlumatı olmadığını deyən ekspert hesab edir ki, belə bir addımın bazarda yeni binalardan mənzil alışına ciddi bir təsiri olmayacaq: “Ümumiyyətlə, 2006-cı ildən bəri satışların dinamikasını izləyirik. Müşahidələrimiz göstərir ki, əvvəllər yeni binalardan mənzil alışı ümumi satışların 3 faizini təşkil edirdisə, indi bu rəqəm 50 faizədək yüksəlib. Zaman keçdikcə, onsuz da insanlar yeni binalardakı mənzilləri almağa üstünlük verirlər. Bu, təbii bir prosesdir”.
Yeri gəlmişkən, bildirək ki, hökumətin həyata keçirdiyi pilot layihələr çərçivəsində ötən ildən etibarən Bakı şəhərində inşa olunan köhnə binaların, əsasən isə beşmərtəbəli “xruşşovkalar”ın sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə start verilib. İndiyədək paytaxtın 40-dək ərazisində belə yeni yaşayış binalarının tikintisi başladılıb. Gələcəkdə digər köhnə binaların da bu yolla yeniləri ilə əvəz olunması nəzərdə tutulur.
“Yeni Müsavat”
Digər xəbərlər
loading...