Salyanın Arbatan-Maraşlı-Seyidsadıqlı-Quyçu kəndlərini rayon mərkəzi və Bakı-Astara magistralı ilə birləşdirən yol çəkilir. Təxminən 10 km məsafəni əhatə edən ərazidə müsair standartlara cavab verən yolun tikintisi bir neçə aydır başlayıb və artıq asfalt örtüyün döşənməsi prosesinə start verilib.
SSRİ dağılandan sonra asfalt örtüyü yenilənməyən yolun yenidən qurulması sakinləri sevindirsə də, naraılıqların yaranmasına da səbəb olub. Bu isə tikintiyə nəzarət edən qurumun və İcra Hakimiyyəti əməkdaşlarının səhlənkarlığının nəticəsidir.
Belə ki, əsas yoldan keçən kanalizasiya və su boruları, həmçinin kəndarası kollektorları əsas kollektorla birləşdirən borular layihəyə uyğun olaraq dəyişdirilir. Məqsəd istifadə müdətini bitirmiş boruların sonradan dəyişdirilməsi zamanı yola ziyan vurulmasının qarşısını almaqdır. Bu yolun müvafiq qurumlar tərəfindən təsdiq edilən layihəsində də yer alıb.
Lakin Seyidsadıqlı kəndində bu proses tam olaraq həyata keçirilməyib. Sakinlərin MilliYol.Az-a verdiyi məlumata görə, Seyidsadıqlıda kəndarası kollektorları əsas kollektorla birləşdirən 3 boru var. Bunlardan ikisi dəyişdirilsə də, biri "yaddan çıxıb".
Bu günlərdə kənd sakinləri rayon İcra Hakimiyyətinə yollanaraq icra başçısının müavini Teyyub Hüseynovun qəbulunda olublar. İcra başçısının müavini sakinləri dinlədikdən sonra əraziyə gələrək vəziyyətlə tanış olacağını və problemi həll edəcəyini bildirib.
Teyyub Hüseynov vədinə əməl edərək bir gün sonra yolun tikintisinə nəzarət edən qurumun nümayəndəsi ilə əraziyə gəlib, vəziyyətlə tanış olub və problemin həll olunacağını bildirib. Lakin bu dəfə vədinə əməl etməyib. Artıq yola asfalt döşənməsi başlayıb və bu proses başa çatandan sonra onu söküb həmin yerə boru atmaq mümkün olmayacaq.
"Bu kollektoru əsas kollektorla birləşdirən boru 1990-cı illərdə atılıb. İstifadə müddətini çoxdan başa vurub. İllərdir hər dəfə yağış yağanda, su gələndə həyətlərimiz, bağ-bostanımız su altında qalır. Teyyub Hüseynov problemi həll edəcəyini bildirdi, amma etmədi" deyə sakinlər bildirib.
Seyidsadıqlı sakinləri yaxın günlərdə icra başçısı Sevindik Hətəmovun qəbuluna yollanacaqlarını, hətta ölkə rəhbərliyinə şikayət edəcəklərini da deyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...