Tavan adamın başına uçur, nə su, nə qızdırıcı, nə də soyuducu sistem var, divarlarda həşəratlar gəzir
Təqdim etdiyimiz bu fotolar Salyan Mərkəzi Xəstəxanasının Doğum evində çəkilib. Hər gün onlarla uşağın dünyaya gəldiyi, xəstələrin yatdığı Doğum evi zəlzələdən çıxmış tikilini xatırladır.
Doğum evininin divarları az qala adamın üstünə uçur, tavan insanların başına düşmək həddindədi. Xəstələrin istifadə etməsi üçün nə təmiz su var, nə qızdırıcı, nə soyuducu sistem...
Doğum evində anti-sanitariya hökm sürür. Burda uşaq dünyaya gətirən analar divarlarda gəzən həşaratların, gecə səhərə qədər rahatlıq verməyən ağcaqanadların əlində xəstəxanada yatmaq istəmir.
Xatırladaq ki, Salyan Mərkəzi Xəstəxanasının Doğum evi iyun ayında dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölməsi xəbəri ilə günlərlə medianın gündəmində olmuşdu. 21 yaşlı rayon sakini Mirzabitə İlham qızı Abdullayeva iyunun 20-də gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Məlumata görə, hadisəyə səbəb xəstəxanada olan generatorların işlək vəziyyətdə olmaması olub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-cü illər)” çərçivəsində bir sıra xəstəxanaların yüksək səviyyədə təmir olunması ilə bağlı göstərişindən sonra Salyan Rayon Mərkəzi Xəstəxanası 2008-ci ildə təmir edilib. Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında aparılan araşdırmalarım nəticəsində, sözügedən xəstəxananın hansı podratçı şirkət tərəfindən təmir edilməsi, dövlət tərəfindən xəstəxanın tikintisi zamanı elan olunan tender elanı ilə bağlı və ayrılan dövlət vəsaiti ilə bağlı heç bir məlumat almaq mümkün olmayıb. Ancaq 2008-ci ildə dərc olunan xəbərlərdə ölkə başçısının Salyan Mərkəzi Xəstəxanasının inşası üçün birbaşa nazir Oktay Şirəliyevə tapşırıq veribmiş.
Sözügedən xəstəxanın təmir-tikintisinin hansı şirkət tərəfindən inşa edilməsi ilə bağlı məlumatlı olmasa da, Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 2013-2016-cı illər arasında Salyan rayon Mərkəzi xəstəxanasının ümumi avadanlıqlarının yenilənməsi ilə bağlı dövlət tərəfindən milyonlar ayrıldığı qeyd olnub.
Təkcə 2012-ci ildə xəstəxana ilə bağlı “Digər maşın və avadanlıqların satın alınması” elanı üzrə qalib şirkətə 141992.11 manat, “Cari təmir işlərinin satın alınması” elanı üzrə qalib şirkətə 1276 manat, “Avadanlıqların satın alınması” elanı üzrə qalib şirkətə 90595 manat ayrılıb. 2012-ci ildə nazirlik xəstəxana ilə bağlı 12 tenderin qalibinə ümumilikdə 1 milyondan çox dövlət büdcəsindən pul ayırıb.
2013-cü ildə isə SRMX ilə bağlı 14 tender elan olunub və bu elanların qaliblərinə dövlət büdcəsindən milyonlar ayrılıb. Bu ildə “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınması” elanı üzrə 115540 manat dövlət vəsaiti xərclənib.
2014-cü ildə nazirliyin elanı ilə xəstəxana ilə bağlı 17 tender elan olunub. Nazirlik sözügedən il cari təmir işlərinin satın alınması üzrə 40000,86 manat pul ödəyib. 2015-ci il ildə isə Salyan rayon Mərkəzi xəstəxanası ilə bağlı 11 tender keçirilib. Bu ildə də xəstəxananın texniki bazasının yaxşılaşdırılması istiqmamətində bir neçə şirkətə ayrı-ayrılıqda yüzmin manatdan çox vəsait ayrılıb.
Bu il isə xəstəxana ilə bağlı Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 3 tender keçirildiyi qeyd edilib. Nazirlik xəstəxana ilə bağlı “Səhiyyə müəssisələrinin əsaslı təmiri, tələb olunan inventarların və avadanlıqların satın alınması” istiqamətində yeni tender elanı da verib.
Maraqlıdı, bu qədər pulların ayırıldığı xəstəxananın doğum evini təmir etmək niyə heç kimin yadına düşməyib? Daha neçə il körpələr bu ifunətin, qəza vəziyyətində olan binanın, divarlarında kərtənkələlərin qaçdığı xəstəxanın içində doulmalıdı? Səhiyyə Nazirliyi, Salyan Mərkəzi Xəstəxanasının rəhbərliyi hara baxır?
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...