Bu səhiyyə özbaşınalıqları bir məmurun çətiri altında baş verir...
2017-ci ilin mayıdır. Sumqayıtda doğuş zamanı ana və körpəsi ölür. Hadisə şəhərin 1 saylı Doğum Evində qeydə alınır.
1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölür.
Baş həkim Təranə Rəcəbli deyib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü hamiləliyi olub. Onun yaşı da hamiləlik üçün ciddi təhlükə yaradıb.
Reportyor.İnfo xatırladır ki, Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə şikayət ediblər. Ancaq heç bir nəticəsi olmur və ana-uşaq qətli ört-basdır edilir – ənənəvi olaraq…
Çünki Səhiyyə Nazirliyi indiyə qədər heç bir həkimi əlində ölən xəstəsinə görə cəzalandırmayıb. Nazir Oqtay Şirəliyev özünə söz verib ki, həkimlər üçün cəzasızlıq mühiti yaratmalıdır.
Bu arxayınlığın nəticəsidir ki, bu gün Sumqayıtın 1 saylı Doğum Evində özbaşınalıq, rüşvət xəstəliyi, ələbaxımlılıq, ana və ata olmağa hazırlaşanların soyulması hələ də davam edir.
Əməkdaşımızın doğum evindən video kadrlarından bəlli olur ki, təkrar müayinəyə gələnlərdən pul istənilir. Tibb işçiləri təkrar müayinəyə 12 manat alırlar.
Bu tibb ocağını Sumqayıt bazarına çevirmiş keçmiş baş həkim Sevda İsgəndərovanın yolunun layiqli davamçısı Təranə Rəcəbliyə “gözün üstə qaşın var” deyilməməsi hamisi ilə bağlıdır.
T.Rəcəblinin Sumqayıt şəhər icra hakimi olan Zakir Fərəcovla qohumluq əlaqələri var. Baş həkim icra başçısının qızının baldızıdır.
Yəni, Z.Fərəcovun kürəkəninin bacısı doğum evini şəxsi mağazası kimi idarə edir. Bəs, nazirlik? Qəribə sualdır…
Şirəliyev hansı rüşvətxor baş həkimin, hansı əməliyyat stolunda xəstəni öldürən səhlənkar həkimin, hansı səhv diaqnoz qoyan yaxud səhv müalicə edərək müxtəlif dərmanlarla vətəndaşı şikəst qoyan həkimin xətrinə dəyib ki?!
Nazirlik hansı xəstəxanadan, hansı tibb müəssisəsindən qanunsuzluq faktı təqdim elə, ölüm və yaxud səhlənklarlıq sübutu ortaya qoy, mətbuat xidməti əbədi narkoz verərək yuxuya getmiş kimi sükutla qarşılayır…
Ona görə də Sumqayıtın ağasına çevrilmiş və şəhəri altını üstünə çevirmiş Z.Fərəcovun qohumunun 1 saylı Doğum Evində hansı mühiti yaratdığı aydındır.
Reportyior.İnfo yazır ki, bu faktlar nə jurnalistin təxəyyül məhsuludur, nə özündən uydurma rəvayətidir.
Faktiki olaraq ötən il sözügedən doğum evində Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.
Nazirliyin laqeydliyi və baş həkimin icra başçısının qohumu olması da təkzibolunmaz faktları sırasındadır.
Həmçinin, doğum evinə təkrar müayinəyə gələnlərdən 12 manat istənilməsi və s. rüşvət tələblərinə dair video kadrlar da var.
Bir sözlə, T.Rəcəbli S.İsgəndərovadan sonra 1 saylı Doğum Evində neqativlərin üstünə beşini qoyaraq səhiyyə ocağını Sumqayıtda 1 nömrə edib.
Və bu Doğum Evinin soyğunçuluq, dilənçilik, rüşvətxorluq yuvasına çevrilməsi haqda mətbuat silsilə yazılar dərc edib ki, nazirliyin mətbuat xidməti tərəfindən təkzib olunmayıb.
Məsələn, anaxeber.az yazmışdı ki, doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur.
Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir.
Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır.
Əvvəllər “Real” özəl tibb mərkəzinə rəhbərlik etmiş Təranə Rəcəbli, indi də öz təcrübəsini dövlət səhiyyə müəssisəsində tətbiq edir.
Təranə xanım özü ilə köhnə iş yerindən üç gənc xanım da gətirib. Onlardan biri katibədir.
Digər ikisi, Turanə və Sevinc adlı qızlar isə, xəstəxanada yalnız pul yığmaqla, gəlib-gedənlərin sayına nəzarət etməklə məşğuldurlar.
İndi bizim müəssisədə adi doğuş üçün 350 manat, qeysər əməliyyatı üçün də 650 manat pul ödəmək tələb olunur.
Bu məqsədlə qəbul şöbəsində Elza adlı bir işçi oturub və daxil olan pasiyentlərdən pulu alıb, sonra da Turanəyə və ya Sevincə təhvil vermək məhz onun funksiyasına aiddir. Təsəvvür edin ki, ay ərzində bizim doğum evinə 150-200 nəfər pasiyent gəlir.
Həkimlərə isə ciddi şəkildə tapşırılıb ki, daxil olan pasiyentə pul “oxuya” bilməyən həkimlər doğuş qəbul etməyə buraxılmayacaqlar.
Kəsəsi, Sumqayıtda 1 saylı Doğum Evi əsaslı təmirdən çıxsa da, qaydaları köhnə-küşküldür, idarəçilik çürüməkdədir, baş həkim isə qardaşının icra başçısı olan qayınatasına arxalanaraq “burda mənəm, nazirlikdə Şirəliyev, Sumqayıtda Fərəcov” deyib istəklərini gerçəkləşdirir.
Onu da bildirək ki, doğum evindən çəkilmiş kadrların təqdim olunmasında texniki problem yaranıb, yaxın günlərdə növbəti araşdırma yazımızda video görüntüləri də yayacağıq.
Biz isə nazirliyin də, icra hakimiyyətinin də, baş həkimin sə mövqeyini geniş şəkildə işıqlandırmağa hazırıq.(dia.az)
Digər xəbərlər
loading...