Tehranda ticarətçilər mağazalarını bağlayaraq yürüşə qatılıblar
İran paytaxtı Tehranda xarici valyutaya nisbətdə rialın məzənnəsinin aşağı düşməsi və qiymət artımı ilə bağlı etiraz çıxışlarına polis müdaxilə edib, İrandan daxil olan xəbərlərdə deyilir.
Bazar ertəsi Tehran bazarında ticarətçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub, etirazçılara qarşı gücün tətbiq edildiyi xəbər verilir.
Fars agentliyi bazar günü dolların məzənnəsinin artmasına görə mobil telefon satışları üzrə Tehranın Ələddin və Çarsu ticarət mərkəzlərində etirazların baş verdiyini xəbər verib.
Tehranın prokuroru Abbas Cəfəri-Dövlətabadi "çox sayda etirazlara təhrik" edənlərin həbs edildiyini bildirir.
İranda ABŞ sanksiyalarının bərpası ilə bağlı son elanların ardınca dolların məzənnəsi kəskin şəkildə artıb, bir çox mallara qiymət artıb.
Bazar ertəsi İran rialının qeyri-rəsmi satış məzənnəsi ən aşağı rekord həddə - 90 minə çatıb.
Ötən cümə axşamı rial 75 500 olub, keçən ilin sonunda isə İranın milli valyutasının kursu 42 890 dollar ətrafında idi.
İrandan daxil olan videolar etirazların davam etdirildiyinə dəlalət edir.
Tehranın mərkəzindəki Laləzar küçəsində ticarətçilər mağazalarını bağlayıb. Onlar təkərlərə od vurublar.
Məlumatlara görə, etirazlar həmçinin Kirmanşah və Təbriz şəhərində də keçirilib.
Çərşənbə axşamı günü etirazlar silsiləsi parlamentdə müzakirəyə çıxarılıb. Məclis üzvlərindən bəziləri güc nazirliklərini hesabat verməyə səsləyiblər.
"Dünən (25 iyun - red.) Tehranda baş verən hadisələrin qarşısı lap başdan alınmalı idi. Təhlükəsizlik nazirliyi və polis bu barədə Məclisə məruzə təqdim etməlidirlər", - İran parlamentində müzakirələr vaxtı Məclisin spiker mavini Əli Motahharinin deyib. Onun sözlərindən Mehr agentliyində iqtibas gətirilir.
Ötən gün dükanlarını bağlayan ticarətçilər parlamentə doğru yürüşə qatılıblar.
Bahalaşma və valyutanın dəyərdən düşməsinə etiraz edənlər küçələrə çıxıb.
BBC-nin əldə etdiyi videolarda ticarətçilər həmkarlarını dükanları bağlayaraq yürüşlərə qatılmağa səsləyirlər. Kütlə bahalaşmaya qarşı şüarlar səsləndirir.
Hakimiyyət orqanları vəziyyətə nəzarət etdiyini bildirirlər.
Rəsmilərdən biri Tehran bazarında təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini qeyd edib.
Bu arada bəzi bəyanatlarda etirazların "üçüncü qüvvə" tərəfindən təşkil olunduğu deyilir. İranın Ticarət gildiyasının sədri Əli Fazeli deyib ki," ticarətçiləri mağazalarını bağlamağa "müəyyən şəxslərdən ibarət qruplar" məcbur ediblər.
Bu versiyanı Telekommunikasiya avadanlığı birliyinin rəhbəri Mehdi Mohebbi də dəstəkləyib. Onun sözlərinə görə, etirazçıları hədələyənlər bağlanılmayan dükanlara zərər yetiriləcəyini deyiblər.
ABŞ sanksiyaları İranın neft gəlirlərindən əldə etdiyi valyuta ehtiyatlarını azalda bilər. Belə bir gözləntilər dollara tələbatın artımına səbəb olub, Reuters agentliyinin təhlilində deyilir.
Rialla yanaşı daşınmaz əmlak və qızıla da qiymətlərin artdığı xəbər verilir.
İranda iqtisadi problemlərlə bağlı etirazlar ötən ilin dekabr ayında və bu ilin əvvəlində də keçib. Lakin onlar əsasən mütəxlif bölgələri əhatə edib (BBC Azərbaycanca).
MilliYol.Az
Digər xəbərlər
loading...