Bir neçə il əvvəl İraq və Suriyada böyük əraziləri işğal edən terror təşkilatı zəifləmiş görünür, amma bu, aldadıcı ola bilər
Hazırda İŞİD-in yalnız İraq və Suriyada nəzarət etdiyi ərazinin ölçüsü Suriyada silahlı müxaliflərin (kürdlər istisna olmaqla - K.R.) nəzarət etdiyi ərazidən daha böyükdür. Əgər bu siyahıya Əfqanıstan, Pakistan, Misir (Sinay yarımadası - K.R.), Nigeriya, Liviya və Yəməndəki İŞİD “torpaqlarını” əlavə etsək təhlükənin hələ də çox böyük olduğunu deyə bilərik.
Amma indi diqqəti cəlb edən Suriyadakı vəziyyətdir. İŞİD isə necə deyərlər, indi Suriyanın hər yerindədir. Cənubda, İsrail sərhədində Tasil şəhəri və eyni məntəqə, şərqdə Deyr əz-Zor vilayətində səhrada geniş bir ərazi, yenə Deyr əz-Zorda Fərat sahilində əş-Şəəfa şəhəri və ətrafı, şimala doğru İraq-Suriya sərhədindəki geniş ərazi və İraqda Anbar vilayətindəki çöllük. İŞİD hazırda formal olaraq bu bölgələrdədir. Yeri gəlmişkən, iki həftə əvvəl Suriya hökumət qüvvələri ilə İŞİD arasında Deyr əz-Zorda davam edən döyüşlərdə gözlənilmədən aviasiya Suriya qüvvələrinin mövqelərini bombalayıb. Ancaq bu aviasiyanın hansı ölkəyə aid olduğu məlum olmayıb. Əvvəlcə amerikalılar günahlandırılsa da, Vaşinqton bu məlumatı təkzib edib. Daha sonra İsrail günahlandırılsa da, heç kim məsuliyyəti üzərinə almayıb.
İŞİD ötən ilin noyabrında rəsmi olaraq İraqda və bu dövrdə Suriyada məğlub elan olunub. 2015-ci ildəki xəritəyə baxdıqda bunu açıq görmək olur. Həmin vaxt İŞİD İraq və Suriyada 12 milyon insanın yaşadığı əraziyə nəzarət edirdi, Mosul kimi İraqın ikinci şəhərini, Raqqanı ələ keçirmişdi. Bağdada isə sadəcə, 57 kilometr məsafə qalmışdı. İndi artıq o mövqelərin hamısı itirilib, amma İŞİD hələ də təhlükəli qüvvə olaraq qalır. Yəni bu o deməkdir ki, Suriyanın və ya İraqın istənilən bölgəsində İŞİD qəfil peyda ola bilər. Son aylarda bu cür bir neçə sürprizlər yaşanıb. Ən son Suriyanın cənubunda - İordaniya sərhədlərinə doğru İŞİD qəfil peyda olub.
Hökumətlər isə İŞİD-lə mübarizə aparmaqda qərarlıdır. İraq baş naziri Heydər İbadi ölkənin təhlükəsizlik qüvvələrinə ölkə ərazisindəki terror hücrələrinin məhv edilməsi və kəşfiyyat fəaliyyətinin aktivləşdirilməsi istiqamətində əmr verib. İbadi təhlükəsizlik toplantısında çoxlu sayda terror evlərinin məhv edildiyini bildirib. Baş nazir deyib ki, antiterror əməliyyatları İŞİD tamamilə məhv edilənə qədər davam edəcək.
Suriya hökuməti isə ölkə ərazisində İŞİD-in yenidən fəallaşacağını ehtimal edir. Bu barədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın NTV telekanalına müsahibəsində deyib. Əsəd bildirib ki, İŞİD və Nusa Cəbhəsi Qərbin də dəstəyi ilə yenidən xəlifəlik qurmağa çalışacaq. Sitat: “Geri dönəcəklər, çünki Qərb gücləri onları fərqli adlar altında yenidən istifadə edəcəklər”.
B.Əsəd buna misal olaraq Sovet-Əfqan müharibəsini xatırladıb. Əsəd deyib ki, o zaman ABŞ prezidenti Reyqan Əfqanıstanda savaşan cihadçıları terrorçu deyil, “müqəddəs savaşçılar” olaraq adlandırıb: “İndi onlara terrorçu deyirlər, amma eyni zamanda onlardan istifadə edirlər. Bəlkə 10 ildən sonra onları başqa bir yerdə, başqa bir ad altında istifadə edəcəklər”.
B.Əsəd deyib ki, ölkənin şimalında yerləşən terrorçularla bazarlıq olmayacaq, antiterror əməliyyatları davam edəcək. Lakin məsələ ondadır ki, Suriya hökuməti indi daha çox cənubdakı silahlı müxaliflər əməliyyata hazırlaşır. Eyni zamanda şimalda İdlib vilayətindəki qarışıq silahlı qruplar, həmçinin Suriyanın şimalına nəzarət edən kürdlərlə böyük əməliyyat var. İŞİD isə hələlik əsas təhlükə kimi gündəmdə deyil. Bəlkə də ona görə ki, İŞİD də hələlik aktiv deyil. Bəlkə də gücünü digər rəqiblərinin əzilməsindən sonrakı dövrə saxlayır. 7 ildir davam edən Suriya müharibəsi bu cür sürprizlərlə doludur. İŞİD-in yenidən güclü şəkildə ortaya çıxması maraqlı dövlətlərin dəstəyi, dağılan islamçı silahlı qruplardan ayrılan döyüşçülərin qoşulması və hansısa zəifləyən təhlükəsizlik və yaranacaq boşluq lazımdır. Bu isə hər an yarana bilər. Demək ki, İŞİD-in bitməsindən danışmaq hələ tezdir. Sadəcə, zamanını gözləyənlər var.(musavat.com)
Kənan RÖVŞƏNOĞLU
Digər xəbərlər
loading...