Cəmin Hacıyev “MTN çetesi”nin köməkliyi ilə “Texnikabank”dan 1,5 milyon dollar kredit alan iş adamının bütün əmlakını ələ keçirib; “Las Veqas” restoran kompleksi, 115 min dollar, “Mercedes S class” sahibkar Murad Məmmədovdan əsl reket üslubu ilə alınıb - işə məhkəmə baxır...
Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi iş adamı Murad Məmmədovun “MTN çetesi”nə qarşı iddiasına baxılır. İlginc məqamların araşdırıldığı məhkəmə prosesi haqda redaksiyamıza daxil olan məlumatda bildirilir ki, M.Məmmədov 2015-ci ilin əvvəlində “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb.
İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Məmmədovu “Texnikabank”ın Müşahidə Şurasının sədr müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev yanına çağırıb və ağlasığmaz tələb irəli sürüb!
M.Məmmədova deyib ki, təcili olaraq 3 ay əvvəl aldığı krediti tam şəkildə geri qaytarmalıdır.
Cəmin Hacıyevin tələbindən çətin duruma düşən iş adamı kredit müqaviləsinin 2020-ci ilə qədər müddətinin olduğunu söyləyib. Ona krediti tezliklə qaytara bilməyəcəyini, aldığı kreditin böyük hissəsini girov qoyduğu restorana xərclədiyini deyib. C.Hacıyev iş adamına 3 gün vaxt verib və krediti geri qaytarmayacağı təqdirdə MTN-ə aparılacağını söyləyib.
Bankı kor-peşman tərk edən iş adamı vəziyyətdən çıxmaq üçün yollar axtarıb, amma tapa bilməyib. 3 gün sonra isə restoran kompleksinə MTN əməkdaşları təşrif buyurublar və iş adamından pulu qaytarmasını tələb ediblər. Deyiblər ki, təcili olaraq aldığı krediti geri qaytarmasa, vəziyyəti pis olacaq. Bu tələbdən özünü itirmiş iş adamı MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. Cəmin Hacıyev iş adamından tələb edib ki, təcili pulu qaytarsın, əks təqdirdə özünün və yaxınlarının əmlakları əllərindən alınacaq. İş adamı izah etməyə çalışıb ki, kreditə görə aylıq ödənişləri gecikdirmədən ödəyir, aldığı krediti də xərcləyib, kompleksə lazım olan avadanlıqları xaricdən sifariş edib, müvafiq ödəmələr həyata keçirib. Bunun qarşılığında iş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad adlı şəxsin adına rəsmiləşdiriblər. Məhkəmədə belə aydın olub ki, Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamından onun hesabına 115 min dollar köçürülməsini tələb edib. İş adamı yaxasını “MTN çetesi”nin əlindən qurtarmaq ümidi ilə bu tələbi də yerinə yetirib. Bundan başqa M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes S class” markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.
2015-ci ilin oktyabrında MTN-də məlum “təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutmaq qərarına gəlib. O, restoranının, maşının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. 6 ay əvvəl başlanan məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir. Ötən müddət ərzində məhkəmə MTN müstəntiqinə dəfələrlə çağırış göndərib. C.Quluzadə məhkəmənin çağırışlarına getmir.
Onu da qeyd edək ki, 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsi ilə C.Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb.
M.Məmmədovun başına gələnlər onu deməyə əsas verir ki, Cahangir Hacıyev bankı nəzarətində saxlamaq üçün qudası, 2015-ci ilin oktyabrına qədər milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun çetesinin xidmətlərindən də aktiv şəkildə istifadə edib. Nəticədə iş adamları “MTN çetesi”nin təhdidi altında əmlaklarını Cahangir Hacıyevin yaxın ətrafına “bağışlamalı” olublar. ("Yüni Musavat")
MilliYol.Az
Digər xəbərlər
loading...