İyunun 24-ü gecə yarı şiddətli yağışlar nəticəsində Daşkəsən rayonu ərazisində sel fəlakəti olub. Bir neçə kənddə yollar dağılıb, körpülər uçub, fərdi təsərrüfatlara ciddi ziyan dəyib
Rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev baş vermiş təbii fəlakət haqda musavat.com-a açıqlama verib.
O, bildirib ki, gecə hadisə yerində olub, yerli sakinlərlə görüşüb: “Gecə qaranlıq olduğundan təbii fəlakətin miqyasını müəyyənləşdirmək mümkün olmamışdı. Bu gün səhər selin vurduğu ziyanın miqyasının necə böyük olduğunu gördük. Artıq baş nazir cənab Novruz Məmmədova, “Azəravtoyol” Dövlət Agentliyinin sədri Saleh Məmmədova, başqa aidiyyatı qurumların rəhbərlərinə müraciətlər olunub. Yaxın günlərdə uçulub dağılan yol infrastrukturu düzəldiləcək, həyat əvvəlki ritminə düşəcək”.
“Hadisə vaxtı yerli əhali arasında ölüm faktı qeydə alınıbmı” sualına Əhəd Abıyev “xeyir, şükürlər olsun ki, ölüm-itim yoxdu. Yüngül xəsarət alanlar vardı, onlara ilkin tibbi yardım edildikdən sonra, evlərinə buraxılıblar” cavabı verib. O, bildirib ki, sel daşqınları nəticəsində xeyli mal-qara tələf olub.
İcra başçısının musavat.com-a dediyinə görə, təbii fəlakət elektrik dirəklərini aşırıb: “Beş transformatoru sel aparıb. Əsas strateji yollardan birinin üstündəki körpü uçub. İndi onun bərpası ilə məşğuluq. Rayon mərkəzinə ziyan dəyməyib. Dam örtükləri yerindədi. Hazırda hava yaxşıdı, gün çıxıb, bərpa işlərinə başlanıb”.
Əhəd Abıyev sonda bunları dedi: “Fürsətdən istifadə edib, xalqımızı 26 iyun, Ordu Günü münasibətilə təbrik edirəm. Paradda nümayiş olunacaq hərbi texnikaya, silah arsenalımıza baxıb, fəxr edəcəyik, qürur hissi keçirəcəyik. İnanıram ki, cənab prezidentin, Ali Baş Komandan möhtərəm İlham Əliyevin başçılığı ilə işğaldakı torpaqlarımızı işğaldan azad edəcəyimiz gün uzaqda deyil”
Digər xəbərlər
loading...