Bakıda vətəndaş məhkəmə qərarından narazıdır.
Bu barədə "Report"a vətəndaş Asəf Nəbiyev bildirib.
A.Nəbiyevin sözlərinə görə, məhkəmə qərarından narazıçılığı qonşusu Bəsirə Əliyevanın evinin dam örtüyü onun həyətinə tərəf uzanmasına baxmayaraq, iddiasının təmin edilməməsi olub: "Mülkiyyətimdə olan Sabunçu rayonu, Ləhiş bağ sahəsində qonşum Bəsirə Əliyeva razılığım olmadan özbaşına torpaq sahələrinin sərhəddində inşa olunan ortaq daş-divar hasara bitişik şəkildə, təxminən 17,5 metr uzunluğunda tikili inşa edib və həmin tikilinin dam örtüyü həyətimə tərəf uzanıb. Həmin zaman Bəsirə Əliyevaya öz iradımı bildirsəm də, buna məhəl qoymadı. Ona dedim ki, pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət edəcəm. Bəsirə Əliyeva isə əsassız olaraq, mənə qarşı böhtan xarakterli şikayət ərizəsi ilə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət edib. O bölmədə qeyd edib ki, guya mən həmin tikilinin sökülməsi ilə bağlı ona təziq etmişəm. Bəsirə Əliyevanın ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsində barəmdə səsləndirdiyi əsassız fikirlər öz təsdiqini tapmayıb və cinayət işinin başlanması rədd edilib. Onun qanunsuz və əsassız hərəkətləri nəticəsində mənim qanunla qorunan hüquq və mənafelərim pozulub və mənəvi zərərə düçar olmuşam".
O bildirib ki, daha sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edib: "Müraciətimdə qeyd etdim ki, Bəsirə Əliyevanın 17,5 metr uzunluğunda olan tikilisinin qanunsuz hesab edilməklə sökülməsini tələb etdim. Hakim Anar Rzayevin sədrliyi ilə baxılan məhkəmə iclasında tikili ilə bağlı ekspertiza təyin edildi. Ekspertiza Bəsirə Əliyevanın dam örtüyünün həyətimə tərəf uzandığı barədə rəy çıxardı. Lakin ekspertiza rəyinə baxmayaraq, məhkəmə iddiamı təmin etmədi".
A.Nəbiyev qeyd edib ki, Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək: "Məhkəmə çox ədalətsiz qərar çıxardı".
Fotolar
Digər xəbərlər
loading...