Binəqədi və Abşeron rayonlarını birləşdirən magistral yolun kənarları hündür və bəzəkli hasarlarla qapadılıb. Abşeron Rayon İcra Hakimiyyəti abadlıq tədbirləri adı ilə Sulutəpə dairəsindən Hökməli istiqamətində yol kənarlarına hasarlar çəkib, yolun sağında və solunda yerləşən qəsəbələr hasarların arxasında qalıb.
Yolun kənarındakı market və mağazalar, ictimai-iaşə obyektləri, ticarət mərkəzləri, avtomobil təmiri və avtoyuma məntəqələri hasarın arxasında qaldığından müştərilərini itirib və nəticədə onların əksəriyyəti fəaliyyətini dayandırıb.
Kənardan dəbdəbəli görünüşü ilə gözoxşayan bu hasarların arxasına keçincə, yüzlərlə insanın göz yaşına səbəb olduğunu, vətəndaşları maddi və mənəvi cəhətdən sıxıntıya saldığını görmək olar.
Məqsəd abadlaşdırma işləri olsa da, icra hakimiyyəti necə deyərlər, qaş düzəldən yerdə göz çıxarıb. Belə ki, magistral yolun bir addımlığında yerləşən Şəfiqə Əfəndizadə küçəsində yaşayan sakinlərə məxsus market, avtoyuma, sex və başqa əhəmiyyətli obyektlərin sahibləri hazırda müflis durumundadır. Hasar o qədər hündür tikilib ki, obyektlərlə yanaşı, evlər də görünməz olub. Bu cür vəziyyət obyekt sahiblərinin və sakinlərin narazılığına səbəb olub.
Musavat.com-un müxbiri adçəkilən ərazidə olub və narazı sahibkarların şikayətini dinləyib.
Hündür hasarlar arxadakı 70-ə yaxın obyekti görünməz edib. Bu obyektlərin müştəriləri isə yoldan keçən sürücülər olduğundan indi həmin obyektlərə keçid bağlanıb. Müştərilərini itirən sahibkarlar isə müflis olub. İri supermarketlər, sexlər, restoranlar bağlanıb. Bu problemlərdən əlavə hasarlar evlərin də qarşısını alıb. Maraqlı məqam odur ki, bu işlər yalnız obyektlərin olduğu ərazilərdə aparılıb.
Məhəllə sakinlərindən Hüseyn Məmmədov bildirib ki, hasarlanma aparıldıqdan sonra obyekt sahiblərinin durumu çətinləşib: “İcra Hakimiyyəti yol kənarlarını qapatdıqdan sonra gördüyünüz obyektlər müflis oldu. Mənim də kiçik çayxanam var idi, gündəlik qazancımı çıxarırdım. Həm də istirahət məkanı idi. Əvvəllər yoldan keçənlər avtomobilini dayanacağa çəkib, çayxanada dincəlirdilər. İndi isə hündür hasarların arxasındakı obyekti görən yoxdur. Elə vaxtlar olur ki, özümüz belə, yolu səhv salırıq, o ki, qala tanımayan şəxs... Gərək obyekt görünə ki, müştəri də ola... Əsas müştərilərimiz yoldan keçənlər idi”.
Problemlə bağlı bir neçə obyektdə olduq. Satıcıların və sahibkarların fikirlərini öyrəndik.
Onlar düşdükləri durumdan narahatlıqlarını ifadə etdilər: “Problemlər göz qabağındadır. Supermarket bir ildən artıqdır ki, çətin vəziyyətdədir. Hətta müflis olma təhlükəsi ilə üzləşdik. Hasarların arxasında qalandan sonra müştərilər yoxa çıxdı. Çoxu elə bildi ki, ərazi plana düşüb, marketlərini dəyişdilər. O zaman da burada səs-küy oldu, sakinlər və satıcılar narazılıqlarını bildirdilər. Bir neçə işçimiz var idi. Məcbur qalıb, ixtisarlar etdik. Çətin vaxtda kimisə işdən çıxarmaq düzgün deyildi. Ancaq mayanı qorumaq üçün buna məcbur olduq. İndi də vəziyyət gördüyünüz kimidir. 15-20 dəqiqədir ki, buradasınız, müştəri gözə dəyirmi?”
Qəsəbənin digər bir problemi isə işıq dirəklərinin olmamasıdır. Sakinlər deyir ki, axşam saatlarında küçələr qaranlıq və keçilməz olur. Hətta qara maskalılar insanlara hücum edirlər.
Qəsəbə ağsaqqalı Ramiz Məmmədəliyev məhəllədə yaşayan bir qızın belə hücuma məruz qaldığını dedi: “Axşam saatlarında bir neçə nəfər qızı qorxudublar. Arxasınca düşüblər. Bunun səbəbi küçələrin qaranlıq olmasıdır. Normal işıqlandırma yoxdur. Yaşlı insanların hərəkəti mümkün deyil. Hasarlama işlərinə gəlincə, əgər abadlıq işləri aparırdılarsa, sona kimi davam edərdilər və bizim məhəlləni də abadlaşdırardılar. Yol kənarında elə yerlər var ki, qamışlıq və bataqlıqdan ibarətdir. Bəs, nədən onun qarşısı hasarlanmayıb? Elə bu qara camaatın qazanc yerlərinin qarşısını kəsib, yazıq günə qoydular. Buradakı obyeklərin çoxu qəsəbə camaatının idi. İndi iqtisadi vəziyyətin çətin olduğu bir vaxtda iş yerlərinin bağlanması, obyektlərin qapadılması insanları çörəksiz qoymaqdır ”.
<iframe width="500" height="315" src="https://www.youtube.com/embed/ccAE5fMa7QQ" frameborder="0" allowfullscreen></iframe>
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...