“Ən çox evdar qadınlar ailədaxili zorakılığa məruz qalır”
Ailədaxili zorakılıq mövzusu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olub. O baxımdan problemin daima müzakirə edilməsinə və mətbuatın gündəmində qalmasına ehtiyac var. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsinin bir məqsədi də bu problemi ictimai müzakirəyə çıxararaq həllinə nail olmaqdır.
Bu baxımdan “Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev ilə müsahibəni təqdim edirik.
- Əliməmməd müəllim, Azərbaycanda ailədaxili zorakılıq mövzusunun nə dərəcədə aktual olduğunu Lerikdə baş verən son olay, yeniyetmə qızın zorlanması və atası tərəfindən həmin adamla evlənməsinə qərar verilməsi də bir daha sübut etdi... Nə üçün bu problemin həlli yolları tapılmır?
- Ailədaxili zorakılıq təkcə Azərbaycanda deyil, dünyada geniş yayılmış problemlərdən biridir. Həm yüksək səviyyədə inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə ailədaxili zorakılıq əsas problemlərdəndir. Bu cəmiyyətlərdə də bu məsələ hər gün müzakirə edilir. Bu problemlə bağlı qanunvericilikdə, həmçinin təşkilati, texniki, preventiv tədbirlər həyata keçirilir, ictimai təsisatlar yaradılır. Biz bu problem olaraq qəbul edirik və qarşısının qarşısının alınması üçün zəruri istiqamətlərdə addımlar atırıq.
- Hansı addımlar atılır?
- Bu tədbirlərdən birincisi qanunvericiliklə bağlıdır. Bildiyiniz kimi, “Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Bu çox mürəkkəb bir qanundur və vaxtilə qəbul edilərkən ciddi bir müqavimətlə qarşılaşdı. Azərbaycan Respublikasının I vitse-prezidenti, o zaman Milli Məclisin deputatı olan Mehriban Əliyevanın bu qanunun qəbul edilməsində böyük dəstəyi oldu və 2010-cu ilin 2 oktyabrında qanun qəbul edildi. Ondan əvvəl 2006-cı ildə “Gender bərabərliyi haqqında” qanun qəbul edilmişdi. Eyni zamanda bu məsələlər ölkəmizin Konstitusiyasında öz əksini tapıb. Şərəf və ləyaqətin qorunması, yaşamaq hüququnun təmini ilə bağlı çox prinsipial, fundamental normalar var. Bilirsiniz ki, qadın hüquq və azadlıqları insan hüquqlarının tərkib hissəsidir. Bu baxımdan bizim qanunvericilikdə məişət zorakılığının qarşısının alınması üçün zəruri olan normativ hüquqi baza var. Bu maddələr həm Cinayət Məcəlləsində, həm Ailə Məcəlləsində, həm də bayaq qeyd etdiyim qanunlarda öz əksini tapıb. Ancaq ailədaxili zorakılıq konkret olaraq bir ailəyə məxsus olan problem deyil. Bu cəmiyyətdə də ağır fiziki, emosional, sosial gərginlik yaradır. Onun nəticələri hər addımda özünü göstərir. Bu baxımdan gender əsaslı zorakılığın qarşısını almaq üçün qanunvericilik, təşkilati, sosial, tibbi və sair tipli məsələlərin həllinə ehtiyac var. Azərbaycanda bu istiqamətdə addımlar atılır və proses davam etməkdədir.
Məişət zorakılığının qarşısını almaq üçün profilaktik və önləyici tədbirlər çox vacibdir. Biz adətən baş vermiş faktlara münasibət bildiririk. Ancaq önəmli olan baş verə biləcək hadisələrin, ona gətirib çıxaran səbəb və şəraitin qarşısını almaqdır. Birinci məişət zorakılığının hansı formada təzahür etdiyini öyrənmək lazımdır. Bu ilk növbədə fiziki zorakılıqla müşahidə olunur. Bununla yanaşı, seksual zorakılıq, iqtisadi zorakılıq, psixoloji zorakılıq da həyata keçirilir. Bəzi hallarda fiziki zorakılıq həm də psixoloji zorakılığa gətirib çıxarır. Bir çox hallarda bunlar kompleks şəkildə baş verir, bir-birindən təcrid olunmuş formada olmur.
- Fiziki zorakılıq istisna olmaqla digərləri gözlə görünmür və onları sübut etmək və cəza tətbiq etmək də çətin olur...
- Bunlar latent xarakterli cinayətlərdir və hüquq pozuntusudur. Çox zaman bunu dərhal aşkara çıxartmaq da mümkün olmur. Tədqiqatlar göstərir ki, bu zorakılıq hallarının 75 faizində hadisənin baş verdiyi məkan ailənin daxilindədir. O baxımdan burada bir çox stereotiplər var. Bu stereotiplər nəticəsində baş verənlər haqqında məlumatın vaxtında hüquq-mühafizə orqanlarına verilməsində problemlər yaşanır. Elə bir düşüncə var ki, ümumiyyətlə, bu barədə məlumat verilməməlidir.
- Əliməmməd müəllim, qeyd etdiyiniz qanunların tətbiq mexanizmi niyə zəifdir?
- Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında" qanun var. Amma Cinayət Məcəlləsində məişət zorakılığı ilə bağlı ayrıca maddələr yoxdur. Bu digər maddələrin içindədir. Məsələn, şəxsiyyət əleyhinə hər hansı hərəkət, adam öldürmə cinayətləri, döymə və işgəncə vermə və sairlə bağlı maddələrin tərkibində nəzərdə tutulub. Bu maddələrlə zorakılığa əl atan şəxsləri məsuliyyətə cəlb etmək mümkündür. Qadınların ailədaxili zorakılığa məruz qalması ayrıca bir maddə kimi nəzərdə tutulmayıb.
- Sizcə, Azərbaycanda məişət zorakılığının qurbanları daha çox kimlərdir?
- Məişət zorakılığına məruz qalanların cinsi tərkibinə görə statistikaya baxsaq görərik ki, zorakılıq qurbanlarının 85,5 faizi qadınlar, 14,5 faizi kişilərdir. Əgər məişət zorakılığına məruz qalanların yaş qruplarına nəzər salsaq görərik ki, daha çox 35-39, 40-45 yaşlı qadınlar zorakılığa məruz qalır.
- Coğrafi baxımdan vəziyyət necədir? Regionlarda, yoxsa paytaxtda yaşayan ailələrdə zorakılıq halları daha çox baş verir?
- Məişət zorakılığı daha çox regionlarda baş verir. Məişət zorakılığına məruz qalan şəxslərin ailə vəziyyətinə nəzər salsaq görərik ki, 25,7 faizini subaylar, 74,3 faizini isə evlilər təşkil edir. Burada bir elementə də diqqət yetirmək vacibdir ki, əgər bir ailədə məişət zorakılığı qadına qarşı baş verirsə, bu həm də uşaqlara qarşı baş vermiş sayılır. Həm atanın anaya şiddət göstərməsi uşaqlara təsir edir. Həm də ana bəzən psixoloji baxımdan o həddə çatır ki, ona yönələn şiddətin acığını uşaqlardan çıxır, onlara qarşı zorakılıq edir.
Məişət zorakılığına məruz qalan şəxslərin təhsil səviyyəsinə nəzər salsaq görərik ki, daha çox orta təhsil almış şəxslər zorakılığa məruz qalır- 89,8 faiz. Ən az məruz qalanlar ali təhsilli şəxslərdir ki, onların yalnız 1,1 faizi bu problemi yaşayır. Peşə -ixtisas təhsilli şəxslərin 0,7 faizi zorakılığa məruz qalır. Sosial statusuna görə bölgüyə baxsaq, görərik ki, ən çox ailədaxili zorakılığa məruz qalan evdar qadınlardır- 60,1 faiz. Evdar qadınlar isə ən çox regionlarda olduğundan zorakılıq mövzusu da regionlar üçün daha aktualdır.
Məişət zorakılığını törədən şəxslərin 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir.
Qanunvericilik zorakılığın 4 növünü tanıyır: fiziki zorakılıq, psixoloji zorakılıq, seksual zorakılıq və iqtisadi zorakılıq. Ölkəmizdə fiziki zorakılıq halları daha çox yayılıb. Digərlərini sübut etmək bir qədər çətindir.
- Ailədaxili zorakılığın səbəbləri nələrdir?
- Səbəblərdən ən başlıcası patriarxal mədəniyyət və tərbiyənin yanlış stereotiplərinin təsirindən yaranan “kişi hər zaman haqlıdır, onun istəyi əsasdır” düşüncəsidir. Ailədə rolların düzgün bölüşdürülməməsi, qadının iqtisadi cəhətdən asılı olmasıdır. Qadın nə qədər ki, iqtisadi baxımdan kişidən asılıdır, bir o qədər çox məişət zorakılığının qurbanı olacaq. Burada ailə üzvlərinin psixoloji uyğunluğun olmaması, boşanma mədəniyyətinin zəif olması məsələsi də var.
Ailədaxili zorakılıq əsasən 3 mərhələdə baş verir. Birinci mərhələ gərginliyin toplanması və yüksəlməyə doğru getməsidir. İkinci mərhələ zorakılığın baş verməsidir. Üçüncü mərhələyə isə “bal ayı” da deyirlər, zorakılığa əl atan şəxs yumşalmağa , peşman olmağa başlayır, hətta qarşı tərəfdən üzr istəyir, hədiyyələr verir və beləliklə, ələ alır. Ancaq bunu ona görə edir ki, yenidən qadını özündən asılı vəziyyətdə saxlasın. Sonradan yenə zorakılıq halları davam edir.
- Əliməmməd müəllim, məişət zorakılığı qurbanlarının qorunması, təhlükəsizliyi, sosial təminatı məsələləri ilə bağlı problemlər də qalmaqdadır...
- Bəli, qurbanın mühafizəsi məsələsi çox önəmlidir. Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda mühüm bir alət var. Əgər şəxs gender əsaslı zorakılığa məruz qalırsa, həmin şəxs sığınacaqlarda yerləşdirilir və dərhal mühafizə ordeni ilə təmin edilir. Bir çox ölkələrdə isə qurbanı ailədən kənarlaşdırmırlar, məhz zorakılıq etmiş şəxsi uzaqlaşdırırlar. Onun müəyyən radiusda əraziyə daxil olması qadağan edilir. Bizdə mühafizə ordeninin tətbiqində də problemlər var. İl ərzində 10-15 mühafizə ordeni tətbiq olunmur. Çünki heç kim evinin sirrini çıxartmaq istəmir, məlumat verməkdən çəkinirlər, biabır olmaqdan qorxurlar. Digər bir məsələ də odur ki, belə hallarla bağlı müraciət daxil olduqda hüquq-mühafizə orqanları heç də həvəslə bu prosesə diqqət ayırmırlar. Çalışırlar ki, bu məsələlər ya qeydə alınmasın, ya da ilkin mərhələdə barışığa nail olunsun. Məhkəmə proseslərində də gender əsaslı zorakılıqla bağlı qərarların sayı çox azdır. Bu prosesin getməsi üçün zamana və müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Birincisi, qanunvericilik diqqətlə öyrənilməlidir, həm hüquq-mühafizə orqanlarının nümayəndələrinə, həm də məhkəmə nümayəndələrinə çoxsaylı treninqlər keçirilməlidir. Çünki bu spesifik bir sahədir, araşdırmaq, istintaqını aparmaq, məhkəməyə təqdim etmək, məhkəmə araşdırmasını həyata keçirmək xüsusi hazırlıq tələb edir.
- Adətən, zorakılıq qurbanlarının əksəriyyəti sosial təminatı olmayan şəxslər olur. Bu mənada onların yerləşdirilməsi üçün sığınacaqlar yetərli deyil...
-Bu məsələdə dövlət qurumları ilə QHT-lər sıx əməkdaşlıq etməlidirlər. Azərbaycanda sığınacaqların sayı çox məhduddur. Avropa Birliyinə daxil olan ölkələrdə belə bir standart var ki, sığınacaqlarda hər 10 min nəfərə bir yer olmalıdır.
Azərbaycanda isə bir-iki sığınacaq var, o da QHT-lərə məxsusdur. Bunun üçün resurslar yoxdur, qrantların məbləği çox aşağıdır. Sığınacaqlarda hüquqi yardım, psixoloji yardım xidməti olmalıdır. Pxisoloji zorakılıq qurbanları üçün xüsusi iş planı olmalıdır. Bir çox ölkələrdə isə təcrübə belədir ki, təkcə zərərçəkmiş şəxsin yox, zorakılığı törədən şəxsin də reabilitasiyası üçün müəyyən treninqlər keçirilir. Bu mənada sığınacaqlara diqqət artırılmalıdır və hökumət bu istiqamətdəki fəaliyyətini genişləndirməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda sığınacaq tikdirir , ancaq bu yenə də əhali sayı ilə müqayisədə çox kiçik bir qrupu əhatə edəcək. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də çox ciddi iş aparır. Onların təşəbbüsü ilə yerlərdə monitorinq komissiyaları yaradılıb ki, orada icra hakimiyyəti nümayəndələri, komitənin nümayəndələri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edir. Bütün qurumların işini koordinasiya edən qurum kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilməlidir, qərar qəbuletmə səlahiyyəti verilməlidir. Bu çox vacibdir. Bu qurum həm araşdırma aparır, həm QHT-lərlə işləyir, həm də beynəlxalq təcrübəni öyrənir. Çox vacibdir ki, onların səlahiyyətləri də adekvat olsun.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında bir Anti-diskriminasiya Komissiyasının yaradılmasına ehtiyac var. Bu qurum gender əsaslı zorakılığın qarşısının alınması üçün tədbirlər həyata keçirə bilər.
Qeyd edək ki, bu müsahibə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...