Türkiyədə Azərbaycan əsilli iş adamı, “Bahçıvan Gıda” şirkətinin qurucusu və şirkətin İdarə Heyətinin sədri, "Pendir kralı" adlandırılan Məcid Bahçıvan 85 yaşında vəfat edib.
M.Bahçıvanın cənazəsi bu gün İstanbulda Fatih məscidində qılınacaq günorta namazından sonra Ədirnəqapı şəhidliyində dəfn ediləcək.
Məcid Bahçıvan kimdir?
Məcid Bahçıvan 1931-ci ildə İrəvanda anadan olub. 1938-ci ildə ailəsi 4 eşşəyin belində İrandan Türkiyəyə köç edib. Özü bu köç haqqında belə yazır: “Ermənilərlə müsəlmanlar arasında qarşıdurmalar başlamışdı. Dövlət dini inancı da qadağan etmişdi. Dinə inanmaq, namaz qılmaq, qurban kəsmək, bir sözlə ibadətin hər növü qadağan idi. Vəziyyət o həddə idi ki, anam və atam gizli ibadət edirdilər. Məktəbdə isə bizə “Allah yoxdur, Lenin ata özü tanrıdır” cümləsini öyrədirdilər. Bir dəfə yemək saatında “əllərinizi açıb Allahdan yemək istəyin” dedilər. Biz də əllərimizi açıb dua etdik amma yemək vermədilər. Sonra dedilər ki, “Allah sizə yemək vermədi, bir də Lenin atanızdan istəyin”. Biz “Lenin ata bizə yemək ver” demişdik ki, bütün süfrəni doldurdular”.
1 küp qızıl
Ermənilərlə müsəlmanlar arasında atışmaların getdikcə çoxaldığını qeyd edən Məcid Bahçıvan bir gün hətta atasının yaralandığını yazır. Bundan sonra 1936-cı ildə onlar köç qərarı verirlər. İran konsulluğundan ailə fərdləri üçün şəxsiyyət vəsiqəsi çıxartdırıb yola çıxırlar. Hədəf ən qısa müddətdə Türkiyəyə keçmək olur. Ruslar İran vətəndaşalarına məxsus şəxsiyyət vəsiqəsini görən kimi onları sərhəddən buraxırlar. Ancaq İranın Azərbaycan bölgəsində Türkiyə sərhədinə yaxın Urmiya şəhərində 2 il yaşamaq məcburiyyətində qalırlar. Özləri kimi bir ailə ilə tanış olduqdan sonra son əşyalarını da satıb 4 eşşək alırlar. Eşşəyin belində Türkiyəyə keçən ailəyə 1938-ci ilin sentyabrında türk vətəndaşlığı verilir və onlar Muş vilayətində məskunlaşırlar. Atası Rıza bəy və böyük qardaşı bağban işləməyə başlayırlar. Bu səbəbdən də Muşun qubernatoru Tofiq Gur onlara Bahçivan soyadını verir. Bir qədər sonra onlar dövlətdən əkib-becərmək üçün ərazi alırlar. Qardaşı ərazini şumlayanda bir küp qızıl tapır. Və o qızılla ev tikdirirlər.
Məktəbi alverə dəyişir
Məcid Bahçıvana gəlincə, orta məktəbdə oxuduğu dövrdən ticarətlə məşğul olur. Hətta müəllimləri ona bizneslə bağlı zəkasının yaxşı işlədiyini bildirirlər. Ona Muşda qalıb alverlə məşğul olmağı məsləhət görürlər. Məcid Ərzurumda ödənişsiz fransız məktəbinə qəbul olsa da, təhsilini davam etdirmir. Meyvə tərəvəz satmağa başlayır. Daha sonra dondurma, hətta limonad sexi və bir dükan açır. Muşda olmayan məhsulları başqa şəhərlərdən gətirib orada satır. 1960-cı ildə Türkiyədə pendir istehsalı ilə məşğul olmağa başlayır. Türkiyədə pendir ticarətinin 50 faizinə nəzarəti ələ keçirir. Türkiyənin qida sektorunda “pendir kralı” kimi ad çıxarır.
Artıq o qədır ağrılı-acılı günlərdən sonra Leninin yox, məhz Allahın ona bəxş etdiyi qızıl küpdən sonra xoş günlər görən və “pendir kralı” adına qədər yüksələn milyarder həmyerlimiz həyata gözlərini əbədi yumub. Allah rəhmət eləsin!(publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...