Kulis.az tanınmış şairə Səhər Əhmədin yeni şeirlərini təqdim edir
Heç öz başını sığallayacaq qədər
acıdınmı özünə,
Aynada özünə gülümsünəcək qədər,
Axı sən bu dünyada
ən sevilməli uşaq idin...
Kiçik də olanda, böyük də,
ana da olanda, bala da
ən çox sən anladın.
Küsəndə də, küsdürəndə də
ən çox sən ağladın,
Vuranda da, vurulanda da
ən çox sən ağrıdığın kimi...
Hamıdan inciyən uşaq,
gəl, belə danışaq,
nə olsun bu dünyada
mütləq həqiqət yoxdu,
sevgilərin sonu ayrılıqdı,
nə bilim, xoşbəxtliklər nisbidi,
əsas odur ki,
sən doğru cavaba
ən yaxın adam idin...
***
Bu dünyada ədalət axtarmaq
mina axtarmaq kimidi bir az,
hər an yaralanmaq təhlükəsi var...
Bu dünyada ədalət axtarmaq
xəzinə axtarmaq kimidi həm də,
İkisi də ən dərində...
Yəqin Tanrıya da maraqlıdı,
Onu kim tapacaq,
Oturub möcüzə gözləyir,
Çünki özü də unudub
ədaləti harda gizlətdiyini...
MilliYol.Az
Digər xəbərlər
loading...