Artıq bütün bu hadisələrdən təngə gəlmiş peşəkar kadrlar universitetdən uzaqlaşmaq qərarına gəliblər
Keçən yazımızda da qeyd etdiyimiz kimi, Lənkəran Dövlət Universitetində quruculuq işləri yeni rektor Natiq İbrahimov tərəfindən sürətlə davam etdirilməkdədir. Belə ki, 15 iyun milli qurtuluş günü münasibət ilə Sütəmordov qəsəbəsində ölkə təhsilində ilk dəfə olaraq “Turizm-təcrübə bazası”nın açılışı oldu. Bu da Universitetin maddi texniki bazasının möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli bir hadisə kimi yadda qaldı. Bundan başqa LDU-nun 2 saylı tədris korpusunun ərazisində yeni yeməkxana binasının tikintisi, 1 saylı tədris korpusunun 3-cü və 4-cü mərtəbələrinin əsaslı təmiri və iqtisadiyyat və idarəetmə fakültəsinin yeni binasının tikintisinin də təməli atılmışdır.
Lakin Universitetin ümumi idarəetmə sistemində hələ də “mafioz” qruplaşmanın “işgüzar” fəaliyyəti davam etdirilməkdədir. Belə ki, yüksək postları nəzarətə götürənlər, qorxu imperiyası qurmaqla LDU-nu öz istəklərinə uyğun idarə etməyə çalışırlar. Belə ki, hər kiçik bir hadisəni istəklərinə uyğun şişirtməyi, lakin ciddi qanun pozuntularını isə ört-basdır etməyi məharətlə həyata keçirilər. Guya şəffaflıq sistemini quranlar bir tələbədən öz pulu ilə bir kilo bal alan müəlliməyə “töhmət” verərək, onu aşağı vəzifəyə keçirir, lakin öz yaxın adamlarından birinin 6 ay ərzində iki dəfə kobud səhvinə, qiyabi təhsil alan bir tələbədən rüşvət alaraq qiymət yazmasına göz yumur, hətta ona dosentlik belə verirlər. Keçən günlərdə aqrar və mühəndislik fakültəsində tələbənin müəllimi təhqir etməsinə baxmayaraq, həm tələbəyə, həm də heç bir günahı olmadığı halda müəllimə də töhmət verildi. Hətta dekan və dekan müavininə xəbərdarlıq elan edildi.
Hər keçən gün idarəetmədə şiddət və qorxu artırılır. İşçilərin kiçik bir addımından ötrü belə “izahat” alınması isə burada artıq adi hala çevrilmişdir. Hətta universitetin tyutorluq sistemində də anlaşılmaz vəziyyət hökm sürməkdədir. Dəfələrlə müəllimləri təhqir edən, özünü rəhbərlikdə ali şəxslərdən biri olduğunu göstərməyə çalışan tyuturların rəhbəri (deyilənə görə yüksək vəzifəli şəxsin kürəkənidir) digər tuyoturları qeyri-iş günlərində belə işə qanunsuz cəlb etməyə çalışır. Artıq həmən şəxsin işgəncələrinə dözməyənlər keçən həftə buna etiraz etmək məcburiyyətində qaldılar, lakin etiraz edənlərə də töhmət elan olundu. Keçən yazımızda da qeyd etdiyimiz kimi, keçirilən konfransda dərsdə olan və üzrlü səbəblərdən iştirak etməyənlərin “izahatları” oxunulmadı, onların hansı səbəblərdən iştirak edə bilməmələri araşdırılmadı. Çünki, izahatlar hələ alınmadan öncə artıq “töhmət” əmri hazırlanmışdı. Hətta töhmətin təqdimatını yazan şəxs onları dövlət əhəmiyyətli tədbiri sabotaj etməkdə günahlandırsa da, daha sonradan həddini aşdığını etiraf etmək məcburiyyətində qaldı. Burdan da belə çıxır ki, “izahat”, hadisələri aydınlaşdırmaq üçün deyil, özlərinin arzu etmədikləri şəxsləri sıradan çıxarmaq üçün bir vasitədir. Bəlkə ə LDU Azərbaycan təhsil tarixində qısa bir müddət ərzində bu qədər töhmət və xəbərdarlıq verilən yeganə təşkilat statusu qazandı.
Bununla yanaşı, imtahan sessiyası da öz stressi ilə davam etməkdədir. Çox qəribədir ki, hər iki binada imtahana rəhbərlik edənlər, keçmişi heç də ürəkaçan olmayan şəxslərdir. Bu da Abdulla Şaiqin “Tülkü həccə gedir” şeirini bir daha xatırladır. Bu şəxslərdən ilham alan nəzarətçi xanımlar isə özlərini fövqəladə şəxslər kimi təqdim edir, kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim demədən, hər kəsi təhqir edirlər. Sanki bütün müəllimlər “oğrudur”, bunlar isə “vicdanlı və namuslu” şəxslərdir.
Son illərdə Universitet rektorunun gənc mütəxəssisləri işə cəlb etməsi də “mafioz”ları ciddi narahat edir. Onları hər vəchlə “sındırmağa” çalışırlar. Nümunə olaraq Metodiki Şurada öz potensialı ilə seçilən, Bakıda nüfuzlu ali təhsil müəssisəsində çalışan bir gəncin nümunəvi çıxışını yerdən yerə vurmalarını göstərə bilərik.
Əlbəttı ki, vəzifə uğrunda mübarizələr də davam etdirilir. Keçən yazımızda qeyd etdiyimiz kimi iqtisadiyyat və idarəetmə fakültəsində növbəti dekan seçkisinə hazırlıq getməkdədir. Keçən seçkilərdə namizədliyini irəli sürən İsmayıl Həsənov yenidən seçkilərdə iştirak etmək üçün sənədlərini təqdim etmişdir. Bir ay öncə müəllimlərin etirazı ilə üzləşmiş, onların səsini ala bilməmiş birinin yenidən seçkidə iştirak etmək istəyi anlaşılmaz bir vəziyyət yaratmışdır. Lakin İsmayıl Həsənovla yanaşı, bu seçkilərdə rektorun xüsusi dəvəti ilə Bakıdan gəlmiş dosent Gülbəniz Əliyevanın da namizədliyi verilmişdir. Təbiidir ki, G.Əliyevanın namizədliyini verməsi bu fakültədə yeniliklər olacağına müəllimlərdə bir qədər inam artırmışdır. Çünki G.Əliyeva artıq bir müddətdir iqtisadiyyat və marketinq kafedrasının müdiridir, eyni zamanda Apellyasiya Komissiyasının sədridir. Qeyd edək ki, G.Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetində 2009-2014-cü illər ərzində beynəlxalq iqtisadi münasibətlər fakültəsinin qiyabi şöbəsinin dekan müavini vəzifəsində işləmişdir və kifayət qədər idarəetmə təcrübəsinə malikdir. Eyni zamanda, rektorun xüsusi etimad etdiyi şəxslərdən biridir. Lakin “mafioz” qruplaşma G.Əliyevanı bu və ya digər şəkildə nüfuzdan salmağa, öz namizədliyini İ.Həsənovun xeyrinə geriyə çəkməyə məcbur edirlər.
Bundan başqa, təbiət fakültəsinin kimya və fizika, biologiya və tibbi biliklər kafedralarında seçki keçiriləcəkdir. Hələlik isə kafedralara qeyri-adi idarəetmə qabiliyyətinə sahib olan dekan R.Şəmmədov uzun müddətdir rəhbərlik edir. Təəssüfləndirici haldır ki, kafedralara rəhbər təyin edilməsi süni şəkildə uzadılır. Bu kafedralarda da iddialı olan çoxlu şəxslər vardır. Lakin hadisələrin gedişi göstərir ki, buradakı daxili çəkişmələr iqtisadiyyat və idarəetmə fakültəsində olduğu kimi daha uzun müddət davam edəcəkdir. Ən acınacaqlı hal odur ki, artıq bütün bu hadisələrdən təngə gəlmiş peşəkar kadrlar universitetdən uzaqlaşmaq qərarına gəliblər.
Əlbəttə ,rektorun bu qədər əziyyəti, gecə gündüz maddi-texniki bazanı gücləndirmək istəyi, universitetdə gedən quruculuq-abadlıq işləri bu hadisələrin fonunda kölgədə saxlanılır. Azərbaycan təhsilinə zərbə vurmağa çalışan bu təsadüfü insanlar isə üzdə xoş görünüb, arxada fərqli planlar qurmağa davam edirlər. Ümidvarıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi qısa müddət ərzində baş verən bu hadisələri araşdıracaq və ölkənin önəmli regionundakı yeganə ali təhsil ocağını bu mafioz qrupların əlindən xilas edəcəkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...