Pambıq sahələrində “fövqəladə vəziyyət”in səbəbi nəylə bağlıdır?
İman Kərimov son kadr və struktur dəyişikliyi ilə isbat edir ki, o, problemin həllinə sələflərindən və həmkarları olan bir çox nazirlərdən fərqli yanaşır. O fərqli və novator düşünən beyinlərdən ibarət kadr islahatları aparır ki, bu da çox önəmlidir.
Bəri başdan və birbaşa deyim ki, prezidentin apreldə başlatdığı kadr islahatlarından sonra mənim üçün xüsusi və ən maraqlı təyinat İman Kərimovla bağlı sərəncam oldu. ASAN Xidmətin yaxşı mənada inqilabçı və novator rəhbərinə kənd təsərrüfatının həvalə edilməsi indinin özündə belə məndə ciddi həyacan yaradır. Və uşaqlıq dövrünü pambıq tarlalarında keçirən və daha sonra da kənd təsərrüfatında çalışan biri kimi mənim üçün bu həyacan sadəcə bir məsələ ilə bağlıdır. ASAN Xidmətdə başarılı bir şəkildə özünü təsdiq edən və Azərbaycanda korrupsiyasız, bürokratiyasız işləməyin mümkünlüyünü isbat edən İman Kərimov kənd təsərrüfatında bunu bacara biləcəkmi?
Deyim ki, bu sualın birmənalı cavabı hələ ki, yoxdur. Çünki kənd təsərrüfatı heç də ASAN Xidmət deyil. Bu, çox böyük və hər bir sahəsi spesifik olan çoxşaxəli bir sektordur. Və burada mən bir şeyi də altını çizərək vurğulamaq istəyirəm ki, çoxlarının dediyi kimi, bu gün kənd təsərrüfatına sahəni bilən peşəkar birinin rəhbərlik etməsi fikri ilə qətiyyən razılaşmıram. Çünki bu gün kənd təsərrüfatını zamanın tələblərinə uyğun olaraq inkişaf etdirmək üçün akademik biliyə sahib olan aqranom nazirə ehtiyacı yoxdur. Belə kadrlar uzun illərdir ki, Azərbaycanda kənd təsərrüfatını idarə ediblər. Və onların ərsəyə gətirdikləri də ortadadır. Kütləvi şəkildə şoranlaşmış torpaqlar, ildən-ilə aşağı düşən məhsuldarlıq, başlı-başına buraxılmış kəndli və bütün kənd təsərrüfatında acımasız şəkildə tüğyan edən korrupsiya...
Qarşımızdakı mənzərə budur. Dövlətin 10 illər boyu kənd təsərrüfatına qoyduğu 100 milyonlarla sərmayəyə baxmayaraq, bu sahə hələ də tənəzzül içindədir. Halbuki qoyulan sərmayə indi Azərbaycanı bütün regionun aparıcı kənd təsərrüfatı ölkəsinə çevirməliydi və kənd təsərrüfatından əldə etdiyimiz valyuta gəlirləri neft sektorundan sonra ikinci və indikindən qat-qat böyük olmalıydı. Bunun üçün Azərbaycanın bütün təbii resursları var.
Amma ortada olan mənzərə nədən ibarətdir? Hələ də kənd təsərrüfatı Azərbaycanda rentabelli sahə sayılmır. Özünə və ailəsinə çörək pulu qazanmaq üçün Azərbaycan kəndlərindən Bakıya və daş karxanalarına axın edən günəmuzd işçilər minlərlədir. Halbuki kənd təsərrüfatı rentabelli çalışsaydı, o insanlar kənddə oturub rahatca çörəklərini qazanar və paralel olaraq kəndlərdə infrastrukturlar inkişaf edərdi.
Onu da qeyd edim ki, bu gün kənd təsərrüfatı malları ölkədə kifayət qədər bahadır. Sadəcə istehsalda olan problemlər, daha doğrusu, kənd təsərrüfatını yönəldən məmurlar ordusu bu sahənin rentabelli olmasının qarşısında əsas əngəldir. Və bu gün üz-üzə qaldığımız mənzərə birbaşa “peşəkarların”, ya da “sovkaların” xüsusi yaratdıqları mənzərədir.
Mənə görə bu mənzərənin dəyişməsi üçün sahənin peşəkara ehtiyac yoxdur. Doğrudan novator olan və kənd təsərrüfatını ilk növbədə beyin olaraq modernləşdirə biləcək bir nazirə ehtiyac var. Niyə beyin olaraq? Çünki bu günə qədər kənd təsərrüfatının texniki “modernləşməsi” ortadadır və bu, sadəcə böyük bir korrupsiya bataqlığıdır...
Bəlkə də mən səhv edirəm, amma mənə görə İman Kərimov məhz həmin novator və kənd təsərrüfatını ilk növbədə beyin olaraq modernləşdirə biləcək bir nazirdir. Və İman Kərimovun hazırda apardığı kadr siyasəti də məncə kənd təsərrüfatının beyin olaraq yeniləşməsini təmin etməyə yönəlib. Yəni ən azından İman Kərimov son kadr və struktur dəyişikliyi ilə isbat edir ki, o, problemin həllinə sələflərindən və həmkarları olan bir çox nazirlərdən fərqli yanaşır. O, fərqli və novator düşünən beyinlərdən ibarət kadr islahatları aparır ki, bu da çox önəmlidir.
Təbii ki, bu gün İman Kərimovdan heç kim kənd təsərrüfatını “ASAN”laşdırmağı gözləmir və bu, mümkün deyil. Amma sahəyə yanaşmanı dəyişmək mümkündür və bunu da bu gün İman Kərimov həyata keçirməkdədir.
Amma ortada maraqlı prosseslər də baş verir. Bu günə qədər kənd təsəttüfatı sahəsində demək olar ki, fövqəladə hadisələr baş vermirdi. Amma son günlər belə “fövqəladə hadisələrin” sayı günü-gündən artmaqdadır və hətta demək olar ki, bu “fövqəladə hadisələr” kütləviləşməkdədir. Söhbət təbii ki, son bir neçə həftədə yaşanan kütləvi zəhərlənmə hadisələrindən gedir.
Əvvala onu qeyd edim ki, ziyanvericilərə qarşı zəhərli maddələrdən həmişə istifadə olunub. Hələ sovet dönəmində zəhərli maddələr təyyarələrlə göydən səpilirdi. Orta məktəbdə oxuyarkən ilin iki fəslini pambıq tarlalarında keçirən biri kimi və uşaq olmama baxmayaraq, pambıq sahələrinin kultvasiya olunması zamanı həmin zəhərli maddələrlə işləyən biri kimi, deyə billərəm ki, hətta təyyarə ilə başımıza zəhər tökülməsinə baxmayaraq, biz zəhərlənmə hadisəsi ilə rastlaşmırdıq. Kütləvi zəhərlənmə hallarına isə heç rast gəlinmirdi. Bu zəhərlənmə halları ötən 10-15 ildə də müşahidə olunmayıb.
O zaman ortaya təbii olaraq sual çıxır: Zəhərlənmələr hansı şəraitdə baş verir? Ya da hansı səbıbdən? Bəlkə ona görə baş verir ki, gənc nazir kiminsə ayağını bastalayır. Ya da kimlərinsə?
Saatlıda baş verən zəhərlənmə hadisəsini prezident öz nəzarətinə götürdüyünə görə, Tərtərdə və İmişlidə hadisənin daha böyük miqyasda baş verməsi hansı anlama gəlir və bu baş verənlər təsadüfdürmü? Bəlkə Kənd Təsərrüfatı Nazirliyində, müxtəlif insitutlarda və yerlərdə oturan qoca beyinli məmurlar yerlərinin daralmasına bu şəkildə reaksiya verirlər? Bu şəkildə kənd təsərrüfatının yenidən qurulmasının qarşısını almağa cəhd edirlər?
Çünki İman Kərimovun son təyinatları onu göstərir ki, kənd təsərrüfatının xarabazara çevrilməsini və Azərbaycan kəndlisini müflisləşdirərək ciblərini doluranların vaxtına az qalıb... Yəni yeni nazir kənd təsərrüfatını “sovkalar”dan təmizləməyə çalışır. Amma başarılı ola biləcəkmi? Günün sualı da elə budur...
Baş verən zəhərlənmə hadisələrinin nə qədər təxribat olmasını təbii ki, dövlət qurumlarının apardığı araşdırmalar ortaya qoyacaq və prezidentin də bu araşdırmanı öz nəzarətinə götürməsi onu deməyə əsas verir ki, hətta ən üst səviyyədə belə baş verənlərin təxribat olduğu istisna olunmur...
Azər QARAMANLI
MilliYol.Az
Digər xəbərlər
loading...