Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında II turun açılış matçında Rusiyaya 1:3 hesablı məğlubiyyətlə əlaqədar üzr istəyib
"Report"un məlumatına görə, 35 yaşlı qapıçı üzrxahlığını Misir xalqına çatdırıb. O bildirib ki, futbolda uğur həmişə öz tərəflərində olmur: "Rusiyaya məğlubiyyətə görə bütün misirlilərdən üzr istəyirəm. Nə oyunçu, nə də baş məşqçi uduzmaq istəyir. Növbəti mərhələ şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik. Bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur, hərdən uğur sənin tərəfində olmur".
45 yaşlı qolkiperin fikrincə, Misir yığması əvvəlki uğurlarını davam etdirməyə qadirdir və komandada kütləvi dəyişikliklər edilməməlidir: "Bu komanda çoxlu nailiyyətə imza atıb. Gələcəkdə də belə davam etməsi vacibdir".
Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubunda çıxış edən Əl-Hadari Misir yığmasının DÇ-2018-də keçirdiyi ilk 2 oyununda ehtiyatda qalıb. O, Səudiyyə Ərəbistanı ilə avqustun 25-də keçirəcəkləri son tur matçında meydana çıxsa, dünya çempionatları tarixində ən yaşlı oyunçu ünvanına yiyələnəcək. Hazırda bu rekord Kolumbiya yığmasının və Türkiyənin "Qalatasaray" klubunun keçmiş qapıçısı Fərid Mondraqona məxsusdur. Mondraqon 43 yaşında ikən - 2014-cü il dünya çempionatında meydana çıxıb.
Argentinalı baş məşqçi Ektor Kuperin rəhbərliyi altında Misir yığması 2017-ci il Afrika Millətlər Liqasında finala, həmçinin, 28 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, ilk turda Uruqvaya 0:1 hesabı ilə uduzan Misir yığması hazırda xalsızdır və 1/8 finala vəsiqə şanslarını faktiki itirib. Bu gün Səudiyyə Ərəbistanı yığması Uruqvaya qalib gələ bilməsə, Ektor Kuperin baş məşqçi olduğu komandanın qrupda qalması rəsmiləşəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...