Latviya Seyminin Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə komitəsinin sədri Roman Naudinşin APA-ya müsahibəsi
- Azərbaycan və Latviya arasında əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərin hazırkı durumunu necə xarakterizə edərdiniz?
- İki ölkə arasında əlaqələr, xüsusilə də parlamentlərarası münasibətlər yüksək səviyyədə davam edir. Məsələn, bu il Latviyanın parlament nümayəndə heyəti olaraq Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdik. Bundan başqa, parlamentlərarası Bakı futbol yarışına qatıldıq. Bu, futbol yarışı olsa da, müxtəlif ölkələrin deputatlarının bir araya toplaşması çox maraqlı idi. Baxmayaraq ki, tədbir idman formatında idi, bura gələn xarici parlamentarlar ölkənin vəziyyəti, iqtisadi inkişafı, eləcə də üzləşdiyi problemlər, o cümlədən Dağlıq Qarabağdakı situasiya ilə yaxından tanış oldular.
Mənim bir çox avropalı həmkarlarım birmənalı şəkildə qeyd edirlər ki, Ermənistandakı hakimiyyətin işğalçılıq siyasəti üzündən ölkə və erməni xalqı regiondakı enerji layihələrinin bəhrələrindən məhrum olub. Məhz işğalçılıq səbəbindən Ermənistan Avropa ilə Azərbaycan arasındakı enerji layihələrindən kənarda qalıb.
Latviya və Azərbaycan arasında dövlətlərarası münasibətlər sürətlə inkişaf edir. Yaxın aylarda Latviyada Azərbaycan Ticarət Evi açılacaq. Artıq bununla bağlı işlər tamamlanıb, sadəcə, açılış mərasimini gözləyirik. Bu yay açılması gözlənilir. Ticarət Evi açıldıqdan sonra Azərbaycan məhsulları Latviya vasitəsilə çox rahat şəkildə Avropaya ixrac olunacaq. Məsələn, Latviyada və yaxın Avropa ölkələrində pomidora olan kəskin tələbatı Azərbaycan ödəyə biləcək. Ümumiyyətlə, qeyr-neft sektoru olaraq qarşılıqlı investisiyaların qoyulması, ticarət dövriyyəsinin artırılması bizim əsas məqsədlərimizdəndir. Hazırda illik ticarət dövriyyəsinin artırılması ilə məşğuluq. Bu ilin sonunda nəticələri analiz edəcəyik.
Bundan başqa, Latviya Avropa İttifaqı çərçivəsində Azərbaycanla birlikdə həyata keçirilən enerji layihələrini yüksək səviyyədə dəstəkləyir. Avropa ölkələri bu enerji layihələrinə çox böyük ümidlər bəsləyir. Azərbaycan rəhbərliyi, xüsusilə də ölkə prezidentinin regionda apardığı siyasət digər ölkələr kimi, Latviyanın da diqqətini çəkir. Hesab edirəm, Cənubi Qafqazda məhz belə bir idarəetmə ilə sovet hökumətinin dağılmasından sonra bu cür iqtisadi nailiyyətlərə sahib olmaq mümkün idi, Azərbaycan hökuməti də bu nailiyyəti əldə etdi.
- Latviyalı sahibkarlar Ələtdə yaradılmış azad iqtisadi zonaya investisiya yatıra bilərmi?
- Hazırda o zona, onun necə fəaliyyət göstərəcəyi və hansı mexanizmlə işləyəcəyi barədə elə bir məlumatım yoxdur. Bununla maraqlanacağam. Amma dünya praktikasına əsasən deyə bilərəm ki, müvafiq gömrük və vergi şərtləri burada da keçərli olacaqsa, təbii ki, Latviya şirkətləri layihəyə maraq göstərəcəklər. Çünki qeyd etdiyim kimi, Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr yeni layihələr üzrə inkişaf edir. Bu baxımdan belə bir zonada latviyalı şirkətlərin iştirak realdır. Bizim üçün bu, çox maraqlı olar.
- Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyanın tətbiq edilməsini də nəzərə alsaq, son vaxtlar Avropada Azərbaycanla bağlı baş verənlər barədə qənaətiniz necədir?
- Açığını deyim ki, mən bu prosesi əvvəldən izləyə bilmədim.
"Sanki Avropa ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyən hansısa üçüncü tərəf var. Bu, aydın hiss olunur və hər hadisədə özünü büruzə verir"
Bu ittihamların necə sübut yetirilməsi mənim üçün qaranlıq qaldı. Ümumilikdə onu deyim ki, sanki Avropa ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyən hansısa üçüncü tərəf var. Bu, aydın hiss olunur və hər hadisədə özünü büruzə verir. Çünki yuxarıda sadaladığım şərtlərə əsasən Avropa İttifaqı ölkələri Azərbaycana strateji tərəfdaş kimi yanaşır. Hansı tərəf istəyər ki, strateji tərəfdaşı ilə məsələləri qarşılıqlı müzakirə etmək əvəzinə, dərhal sanksiya və təzyiq üsuluna əl atsın? Bilirsiniz, bu gün təzyiq metodu, ölkələrarası gərginlik heç kimə lazım deyil. Avropaya bu, ümumiyyətlə, lazım deyil. Mən konkret AŞPA-da baş verən bu olayla dərindən tanış deyiləm. Çünki orada iştirak etmirəm. Amma ümumilikdə bu faktdır ki, Avropa İttifaqı ilə Azərbaycan kimi tərəfdaşlar arasında gərginliyin yaradılmasında maraqlı olan digər tərəf var. Bu, olduqca təhlükəli məqamdır. Çünki bundan Avropa özü də əziyyət çəkə bilər.
- Siz Azərbaycan əsillisiniz və istər ailə gerbinizdə, istərsə də ictimai-siyasi fəaliyyətinizdə bunu nümayiş etdirirsiniz. Baltikyanı ölkələrdə erməni lobbisinin fəallığını nəzərə alsaq, bu, sizə hər hansı çətinlik yaratmır ki? Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə dəfələrlə mövqeyinizi açıqlamağınız nəticəsində hər hansı təzyiqə məruz qalmısınızmı?
- Heç vaxt təzyiqlə rastlaşmamışam. İstər nazir olan vaxt, istərsə də indi mən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini açıq şəkildə qınamışam və qınayıram. Mən Latviyada doğulmuşam, bura mənim vətənimdir və Latviyanı çox sevirəm. Anam latışdır, atam Latviyada doğulub, babam isə Azərbaycandandır və bu səbəblə, həmin torpaqlar mənim bir hissəmdir. Avropada bilmirlər ki, Ermənistan nəinki Dağlıq Qarabağı, həm də onu əhatə edən rayonları işğal edib, nəticədə həmin rayonların sakinləri – təxminən milyon nəfər məcburi köçkünə çevrilib.
"Bakıda taksi sürücüsü ilə söhbətim məni dərindən təsirləndirdi. O, Ağdam qaçqını idi və telefonun ekranında doğma şəhərinin fotosunu göz yaşları ilə mənə göstərdi"
Bakıda taksi sürücüsü ilə söhbətim məni dərindən təsirləndirdi. O, Ağdam qaçqını idi və telefonun ekranında doğma şəhərinin fotosunu göz yaşları ilə mənə göstərdi. Həmin şəxs nə vaxt öz evinə dönəcəyini bilmir. Azərbaycan parlamentindən olan həmkarım da işğal olunmuş ərazilərdə valideynlərinin məzarını ziyarət etmək imkanından məhrumdur. Mən Azərbaycanın mövqeyini təkcə ona görə dəstəkləmirəm və Ermənistanı təkcə ona görə qınamıram ki, Azərbaycan kökənliyəm. Mən insanlar üçün öz evini tərk etməyin, yaxud xarabalıqlara qayıtmağın nə qədər ağır olduğunu bilirəm. Latışlar bunu çox yaxşı anlayır, çünki ölkə iki dünya müharibəsi və sovet işğalını görüb.
- Avropada azərbaycanlıların təşkilatlanmasını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, lobbiçiliklə bağlı tövsiyələriniz nədən ibarətdir? Sizin özünüzün də Azərbaycanla bağlı lobbiçilik fəaliyyətiniz var - “Buta” nişanlı hokkey klubu yaratmısınız və s. Başqa hansı planlarınız var?
- İndiyə qədər Avropada Azərbaycan diasporunun fəaliyyəti baxımından cəmi bir dəfə - Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ilin noyabr ayında Brüsseldə separatizmlə bağlı tədbirlə dəvət almışam. Onda da avropalı siyasətçi kimi dəvətli idim. Mən hələ böyük siyasətə gəlməmişdən əvvəl doğulduğum Valmiera şəhərində “Araz” Cəmiyyətini yaratmışdıq. O cəmiyyət Azərbaycan diaspor təşkilatı olsa da, əsas fəaliyyəti şəhərdəki bütün millətlərə aid insanları ətrafında toplamaq idi. Maraqlı fəaliyyəti vardı.
"Yaxşı olardı ki, Avropada ərbaycan diasporunun lobbiçiliklə bağlı vahid konsepsiyası olsun. Yəni məqsəd nədir, nə etmək lazımdır?"
Sonra özüm qeyri-rəsmi hobbi olaraq hokkey klubu təsis etdim, adı “Buta”dır. Bəli, bu, Azərbaycanın şərəfinə belə adlanır. Bütün yarışlarda bu adla təmsil olunur. Özüm bu idmanın həvəskarıyam. O səbəbdən bu idman növü üzrə klub yaratdım ki, rəsmi fəaliyyətdən başqa, heç olmasa, Azərbaycanın tanıdılması üçün töhfə vermək imkanı olsun. Ümumiyyətlə, yaxşı olardı ki, Avropada Azərbaycan diasporunun lobbiçiliklə bağlı vahid konsepsiyası olsun. Yəni məqsəd nədir, nə etmək lazımdır? İndi informasiya mübarizəsi zamanıdır. İnformasiya döyüşündə mütəmadilik, ciddi konsepsiya Avropada daha çox diqqət çəkir, qəbul edilir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi var və mənim bildiyimə görə, Azərbaycan Avropada diasporun fəaliyyətinə çox ciddi önəm verir.
MilliYol.Az
Digər xəbərlər
loading...