Rioda keçirilən Yay Olimpiya Oyunları başa çatdı. Peşəkar idmançılar arasında bir deyim var: "Yeni Olimpiadaya hazırlığı elə keçmiş Olimpiada bitən gündən başlamaq lazımdır”.
Sport7.az olaraq biz də bu deyimi rəhbər tutub, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadanın hazırlığına başlayırıq. Sözsüz ki, bizim işimiz idman zallarında yarışlara qatılmaq deyil. Biz idman federasiyalarının keçmişin acı dərslərindən nəticə çıxarmasına, problemlərin həlli yollarının tapılmasına kömək etməyi hədəfləyirik. Start verdiyimiz layihə çərçivəsində yeniyetmə və azyaşlıların idman bölmələrinə cəlb olunmasında və bədən tərbiyəsinin kütləviləşdirilməsindəki problemlərdən, respublikadakı saysız-hesabsız idman obyektlərinin, Olimpiya komplekslərinin öz profilləri üzrə istifadəsinə mane olan səbəblərdən bəhs edəcəyik.
Toxunmaq istədiyimiz ilk idman növü tennisdir. Digər idman növlərində Olimpiadada pis-yaxşı təmsil olunsaq da, tennis yarışlarında azərbaycanlı idmançı yox idi. Müqayisə üçün deyək ki, Rioda Qazaxıstanın, Belarusun, Latviya və Litvanın, Çinin Taypey adalarının, Lüksemburqun, Moldovanın, hətta qonşu Gürcüstanın belə tennisçiləri mübarizə aparırdılar. Deməli, Olimpiadaya qatılmağı bacaran tennisçilər təkcə İsveçrədən, yaxud Argentinadan çıxmır.
Düzdü, bu idman növü Azərbaycan üçün ənənəvi sayılmır, əvvəllər də adını çəkib, qürurlanacağımız raketka ustamız olmayıb. Amma ölkə idmanı yeni inkişaf mərhələsinə qədəm qoyanda tennis də bu prosesin içindəydi. Şəxsən dövlət başçısının tapşırığı ilə son dövrlərdə ölkəmizdə tennisin inkişafı üçün ciddi addımllar atılmış, yetərincə vəsait xərclənmişdi.
2011-ci ilin iyun ayında Bakıda müasir standartlara cavab verən Tennis Akademiyası açıldı. Açılış mərasimində iştirak edən prezident İlham Əliyevə məlumat verilmişdi ki, 5500 kvadratmetr ərazini əhatə edən kompleksdə yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar var. Ötən 5 ildə həmin imkanlardan yararlanaraq, ortabab tennisçi olmağı bacaran bircə idmançının belə yetişdirilməməsi xeyli düşündürücüdü. 2011-ci ildən 2015-ci ilə kimi keçirilən və böyük xərclər qarşılığında başa gələn "Bakı kuboku” isə daha çox təbliğat şousunu xatırladırdı. Yarışın böyük məbləğdə mükafat fondu isə bir qayda olaraq əcnəbi idmançılara qismət olurdu. Ötən il keçirilən sonuncu turnirin qalibi erməni əsilli Marqarita Qasparyanın Bakını bir çemodan pulla tərk etməsi isə əməlli-başlı fiasko idi. Görünür, məhz onun qalib olması yarışın təşkilatçılarının qüruruna toxundu və bu il belə bahalı şoudan imtina etdilər. Bu turnirdə azərbaycanlı tennisçilərin çıxışı bir qayda olaraq uğursuz alınıb. Özbəkistandan gətirilərək "milliləşdirilmiş” Kamila Fərhadova ümumiyyətlə, ciddi heç bir nəticəylə yadda qalmadı. Daha sonra karyerasını erkən bitirməyi, Fövqaladə Hallar Nazirliyində işləməyi üstün tutdu. Nəzrin Cəfərova, Züleyxa Səfərova, Əminə Dik də gələcək üçün perespektiv vəd etmədilər. Rusiyalı tennisçi Vera Zvonorevanın da Azərbaycana gəlməsi də bizə heç nə qazandırmadı. 5 ildə təkcə "Bakı kuboku”nun mükafat fonduna ayrılmış məbləğ 1 milyon 250 min dollar olub. Əlbəttə, tennisçilərin gəliş-gediş biletləri və məskunlaşma xərclərini də nəzərə almaq lazımdı. Belədə 5 ildə bu turnir üçün təxminən 1,5 milyon dolların xərcləndiyini söyləyə bilərik. Halbuki bu məbləği başqa istiqamətlərə xərcləmək olardı. Məsələn, yeniyetmələr üçün yaxşı məşqçilər tutmaq, tennisi inkişaf etmiş ölkələrin akademiyalarının fəaliyyətini öyrənmək, ən əsası isə tennisçilərimizi tez-tez yarışlara göndərmək lazım idi. Bu da idmançılarımızın təcrübə problemindən əziyyət çəkməsinin qarşısını ala bilərdi. Hətta ən güclü təlim-məşq toplanışı belə yarış təcrübəsinin verdiyi faydanı qazandıra bilmir. Göründüyü kimi, düzgün qurulmayan siyasət nəticəsində qazancımız az, itirdiyimiz isə çox olub.
Düşünmək olardı ki, turnirin keçirilməsindən imtina edən federasiya başbilənləri həmin vəsaiti daha faydalı istiqamətə yönəldəcək, tennisin təbliğinə, yeniyetmələrin bu idman növünə cəlb olunmasına çalışacaqlar. Amma reallıq tam əksinədi. Tennis məşğələlərinə qoyulan yüksək ödəniş tələbi imkansız təbəqəni Akademiyanın qapısından qaçaq salıb. Halbuki bu idman qurğusu onsuz da federasiyaya yetərincə qazanc gətirir. Həmin gəlirlərlə xərclə kompensasiya etmək, əvəzində məşğələləri simvolik qiymətə endirmək, istedadlı yeniyetmələrin önünü açmaq mümkündü. Bu gün Tennis Akademiyası idmanı tətbliğ və tədris edən ocaqdan daha çox biznes strukturuna çevrilib. Hətta ərazidəki böyük tennis kortunu futbol meydançasına çevirib, oranın icarəsindən pul qazanırlar. Ondan başqa Akademiyanın ərazisinin böyük bir hissəsi pivəxana kimi fəaliyyət göstərən iaşə obyektinin ixtiyarına verilib. Akademiya rəhbərliyi idman qurğusunun hər qarşısına qazanc mənbəyi kimi baxır. İdman zallarından, meydançadan, üzgüçülük hovuzundan savayı yeraltı avtodayanacaq və avtoyuma məntəqəsi də onlara yaxşı gəlir gətirir. Bu pulların heç olmasa yarısını Azəraycanda tennisin inkişafına yönəltməklə bu sahədəki sükunəti pozmaq, ölkə tennisini "ölü nöqtə”dən tərpətmək çətin olmaz. Yetər ki, federasiya başbilənləri tennisə diqqəti artırsınlar, Azərbaycanda kövrək addımlar atmağa çalışan bu idman növünü məhv olmaqdan xilas etsinlər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...