“Transanadolu boru kəməri (TANAP) layihəsinin istifadəyə verilməsi ilk növbədə Azərbaycan iqtisadiyyatının güclənməsi baxımından böyük əhəmiyyətə malikdir”
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, bu layihə həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir:
"Bu layihənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının, dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına güclü təkan verəcək. Əlbəttə, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini də təmin edəcək, Azərbaycana böyük investisiyalar cəlb edəcək. Eyni zamanda, bu layihə Azərbaycanın beynəlxalq aləmdə sözünün eşidilməsi üçün bir stimul olacaq. Əgər bu layihə Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edirsə, əlbəttə ki, həmin ölkələr Azərbaycanın beynəlxalq aləmdə təmsil olunmasında, beynəlxalq aləmdə Azərbaycanın haqq səsinin eşidilməsində ölkəmizə dəstək olacaqlar".
Deputat vurğulayıb ki, TANAP layihəsi təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Digər xəbərlər
loading...