ABŞ prezidenti Donald Tramp seçki öncəsi verdiyi əsas vədlərindən birini yerinə yetirib. O, Avropa Birliyindən, Kanadadan və Meksikadan gətirilən alüminium və polad üzərində tarif cərimələri tətbiq olunmasını təxirə salmayıb. İqtisadçılar tariflərin tətbiqini əsl ticarət müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər
Donald Tramp ölkənin poladəritmə sənayesi bölgəsinin əhalisinə verdiyi sözünə əməl edib. Belə ki, keçmişdə ABŞ-ın mühüm poladəritmə bölgəsi olan orta qərb və şimal-şərq hissəsi artıq yarım əsrdir ki, iqtisadi tənəzzül yaşayır. Bunun başlıca səbəbi ölkəyə edilən polad idxalının artması nəticədə yerli metal istehsalının dayanması və ya kəskin azalmasıdır.
ABŞ-ın bu hissəsinin əhalisi etibarlı respublikaçılardır və onlar il yarım bundan öncə Trampın xarici rəqabət üzündən onilliklər boyunca əziyyət çəkmiş Amerika müəssisələrinin bu halını “biabırçı vəziyyət” adlandırması ilə tam razı olduqlarını seçkilərdəki səsvermələri ilə göstərmişdilər.
Xarici rəqabətdə ABŞ prezidenti özünün “İlk öncə Amerika” (America First) strategiyasına tam uyğun şəkildə proteksionist varianta əl ataraq, 1 iyun tarixindən Avropa Birliyi, Kanada və Meksikadan gətirilən polad və alüminium üzərində tariflər tətbiq olunmasının təxirə salınması müddətini uzatmayıb.
Tariflərin tətbiq olunması ilə bağlı sərəncam Tramp tərəfindən hələ mart ayında imzalanmışdı və o vaxtdan indiyədək hər dəfə bir aylıq təxirə salmalarla icra müddəti uzadılırdı. Yəni vəziyyət ticarət tərəfdaşlarının şantaj olunmasını xatırladır.
Tariflər ölkəyə idxal olunan 25 faiz polad məmulatlarına və 10 faiz isə alüminiuma tətbiq ediləcək. ABŞ prezidentinin nöqteyi-nəzərinə görə, metal idxalına qoyulacaq əlavə yük rəqiblərin gəlirlərini azaldır və bu da öz növbəsində Amerika iqtisadiyyatının sağlamlaşdırılmasına və ölkə daxilində yeni iş yerlərinin meydana gəlməsinə səbəb olacaq.
Ticarət münaqişələrindən qaçmaq məqsədilə bütün yaz boyunca danışıqlar getsə də, ancaq bunlar heç bir uğur gətirməyib. Avropa Birliyi tarif qarşıdurması məsələsində vahid cəbhədən çıxış edib. Sonradan Kanada da Avropa Birliyi ölkələrinə qoşulub.
Bu vahid cəbhədə Avropa cəmiyyətinin müəyyən problemləri yatır. Donald Tramp dəfələrlə eyham vurub ki, onlar ikili sövdələşmələr çərçivəsində hər bir tərəfdaşla ayrılıqda razılığa gələ bilərlər. Ancaq Brüssel Avropa Birliyinin danışıqlarda vahid tərəf kimi iştirak etməsində və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları əsasında davranılmasında israr edib.
Avropa Birliyi və Kanada nümayəndələri hesab edirlər ki, polad və alüminium məmulatlarına Vaşinqton tərəfindən tətbiq olunan tariflər nə ÜTT qaydalarına, nə də ABŞ-ın beynəlxalq ticarət öhdəliklərinə uyğundur.
Avropa öz ixracı ilə bağlı tariflərdən uzunmüddətli imtina olunmasında israr edib. Avropa Birliyinin tələbinə əsasən tariflərin təxirə salınması daima həyata keçirilən proses olmalıydı. Angela Merkel apreldə Donald Trampla keçirilən görüşündə tariflərdən imtina məsələsini səxsən müzakirə etmişdi. Lakin ABŞ prezidenti Almaniya kanslerinə hər hansı qaneedici siqnal verməmişdi.
Polad və alüminiuma qoyulan mübahisəli tariflər reallığa çevrildiyinə görə Avropa Komissiyası və Kanada Ümumdünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib. Ticarət məsələləri üzrə Avropa komissarı Sesilya Malmstrem hesab edir ki, ÜTT-nin vasitəçiliyi mübahisənin həll edilməsi üçün çox vacibdir. Kanadada keçirilən “G7” sammitində iştirak edən altı ölkənin rəhbərləri tarifləri kəskin tənqid ediblər.
Tariflərin tətbiqi ilə əlaqədar hiddətlənən Avropa Birliyi cavab tədbirlərinin görülməsində tərəddüd etməyəcək. Amerika istehsalı olan bir sıra mallara yeni tariflər qoyulacaq və ya bu tariflər yüksəldiləcək. Avropa Birliyi çalışır elə etsin ki, tətbiq ediləcək tariflər respublikaçıların hakimiyyətdə olduğu ABŞ ştatların məhsullarına yönəlsin.
Ümumiyyətlə isə, bu “Made in USA” məhsullarının pərəstişkarları üçün heç də xoş xəbər deyil. Ticarət müharibəsi nəticəsində Avropada Amerikan cinsləri, viskiləri, motosikletləri bahalaşacaq.(azpolitika.info)
(“Russkaya Germaniya” qəzeti-Almaniya)
Digər xəbərlər
loading...