Azərbaycanlı fəhlə Aqşin Güləliyevə Türkiyədən piano hədiyyə edilib. MilliYol.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həvəskar pianoçu Sabirabad şəhərinin Həsənli kəndində dünyaya gəlib. Atasının qaynaqçı, anasının evdar qadın olduğunu deyən Aqşinin sözlərinə görə, özündən başqa iki bacı və qardaşı ilə birlikdə ailəsi çətinliklə dolandığından onun musiqiyə olan həvəsi gözündə qalıb.
“Özümü tanıyandan ən böyük arzum musiqiçi olmaq olub. 15 yaşım olanda ailəmdən məni musiqi kursuna göndərmələrini istədim. Cüzi aylıq ödəyərək kiçik bir musiqi dərnəyində pianoda ifa etməyi öyrəndim. Evdə piano olmadığından praktik baxımdan öyrəndiklərimi tətbiq edə bilmirdim. Maddi çatışmazlıq ucbatından elə dərnəkdə öyrəndiklərimlə kifayətlənməli oldum. Öyrəndiklərim yay aylarında toylar zamanı çörəkpulum oldu”, - deyə həvəskar pianoçu bildirib.
Güləliyev ötən ilin avqust ayında tikinti işləri gördüyü məktəbdə təsadüfən rastına çıxan pianoda musiqi ifa edərkən dostu onu telefonun videokamerasına çəkir və beləcə sosial mediada xeyli məşhurlaşır.
Dediyinə görə, Azərbaycanda telekanallardan biri onunla maraqlanaraq “gəl, bizim dediyimiz musiqiləri ifa et, sənə iş və piano verəcəyik” deyiblər. Lakin həmin süjet efirə gedəndə məlum olub ki, Aqşini ələ salaraq piano təhsili olmadığı bildirilib və dilənçi kimi rəftar ediblər.
Həvəskar pianoçu o qədər ürəkdən musiqi ifa edib ki, həmin videonu izləyən və adının çəkilməsini istəməyən türkiyəli iş adamı ona piano göndərib. Aqşin Güləliyev isə buna görə yalnız gömrük xərclərini ödəyib.
“Anaya övladsız həyat necə dözülməzdirsə, bir pianoçuya da pianosuz yaşam o qədər çətindir. Mən o vaxt pul qazanmaq məcburiyyətində idim. 6 ildir tikintidə çalışıram. Biri mənə gəl, musiqi sənəti ilə məşğul ol desəydi, bir dəqiqə belə düşünməzdim və gedərdim.
Bu qədər vurğun olduğum musiqi alətini bir ömür boyu işləsəm də, əldə edə bilməyəcəkdim. Ona görə də, harada piano görürdüm, onda ifa etməkdən özümü saxlaya bilmirdim”, - deyə A.Güləliyev bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...