Xidmətin rəhbərliyi ancaq qazanc haqda fikirləşdiyinə görə ərzaq təhlükəzliyi arxa plana keçib
Bir neçə gün öncə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. Nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib. Bildirək ki, baytarlıq xidməti kənd təsərrüfatı nazirliyində adı daha çox qalmaqalda hallanan qurumlardan idi. Amma yeni nazirin islahatlarının bununla bitəcəyini düşünmək olmaz, çünki kənd təsərrüfatı nazirliyində xeyli rəhbər şəxsin vəzifəsi ilə vidalaşacağı şübhə doğurmur.
Kənd Təsərrüfatı Nazirliyi yanında nəyə yaraması heç kimə bəlli olmayan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) fəaliyyəti də bütünlüklə korrupsiyalaşmışdır. Dövlət Fitosanitar Nəzarəti Xidmətinə Camal Quliyev rəhbərlik edir. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlaşdığımız məlumatlarda bildirilir ki bu şəxsin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində sözügedən qurumun fəaliyyəti tamamilə iflic olub. Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti XidmətininAğstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur.
Xidmətin 57 rayonda bitki mühafizəsi mərkəzləri, daha 16 rayonda mobil bitki mühafizə dəstələri fəaliyyətdədir.
Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər. Göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 01 avqust 2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərlə tənzimlənir. Bundan əlavə, Xidmətin tərkibində Respublika Karantin Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Qurumun saytında verilən izahatdan aydın olur ki, Mərkəzin əsas funksiyaları ölkə daxilində istehsal edilən və xarici dövlətlərdən idxal olunan bitki və bitkilərin toxumlarından, əkin materiallarından, bitkilərin hissələrindən (çilik, soğanaq, kök yumruları, meyvələr və s.), karantin nəzarərində olan digər məhsullardan nümunələr götürmək, onları bitki mühafizə və karantini nöqteyi nəzərindən laboratoriya ekspertizasından keçirmək və şəhadətnamə verməkdir.
Mərkəzin tərkibində Yevlax, Xaçmaz və Şirvanda Entomologiya, Fitopatologiya, Herbologiya, Fitohelmintologiya və Molekulyar diaqnostika laboratoriyaları mövcuddur və müvafiq olaraq entomoloji, mikoloji, bakterioloji, virusoloji, herboloji və fitohelmintoloji ekspertizalar aparılır. Xidmətin daha bir strukturu Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzidir. Mərkəzin əsas funksiyaları pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyin olunması, bitki və bitkiçilik məhsullarında, yemlərdə, torpaqda, suda, ətraf mühit obyektlərində pestisidlərin, ağır metalların, nitrat və nitritlərin, mikotoksinlərin və digər zəhərli birləşmələrin təyin edilməsi sahəsində dövlət nəzarətinin təşkili, dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyədən çıxarılması prosesində iştirakın təmin edilməsi, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının inventarlaşdırılması və zərərsizləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsidir. Mərkəzin tərkibində Şirvan, Yevlax və Xaçmazda Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və Mikotoksinlərin təyini laboratoriyaları mövcuddur.
Bunlardan əlavə olaraq, Dövlət Xidməti 5 bölgədə rayonlararası bioloji laboratoriyalara da malikdir.
Göründüyü kimi, tabeliyində yüzdən yuxarı nəzarət funkisyası daşıyan strukturu olan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin gördüyü işlər də çoxsaylıdır. Əlbəttə, fitosanitar nəzarətin effektiv təşkili hər bir dövlət üçün vacib şərtlərdən biridir. Lakin bu vacibliyi Azərbaycanda bu sahəyə baxan məmurlar hələ də qəbul etmək istəmirlər.
Ölkəyə bitkiçilik məhsulları (meyvə-tərəvəzdən, güldən tutmuş taxta-şalbana qədər) idxal edən shaibkarların böyük əksəriyyəti məhz C.Quliyev və onun tabeliyində bir çox məmurların ciddi basqıları altında fəaliyyət göstərməkdədirlər. Onlardan aldığımız məlumata görə, karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün Tarif Şurasının müəyyənləşdirdiyi tariflər sahibkarlar üçün əsl arzuya çevrilib: “Çox ciddi problemləri yaşayırıq taxta-şalban, meyvə-tərəvəz, hətta buğda idxalı zamanı. Meyvə-tərəvəz, bildiyiniz kimi, yaş məhsul sayılır və qısa müddətdə bazara çıxarılmadıqda məhv olur, ona çəkilən bütün xərclər batır. Karantin xidmətindəkilər də bunu yaxşı bilirlər. Gətirilən məhsula karantin baxışını keçirib müvafiq sənədi vermək üçün dövlətin müəyyənləşdirdiyindən bəzən 10-20 qat artıq pul istəyirlər. Toxum və əkin materiallarının 1 tonu üçün tarif 10 qəpikdir. Amma gəl görüm sən hər ton üçün 2 manatdan aşağı məbləğə lazım olan sənədi ala bilərsənmi? Eyni vəziyyət bütün növ fitosanitar karantin baxışına cəlb olunan məhsullara aiddir. İstədikləri məbləği vermədikdə, gətirdiyin malda nəsə “tapırlar”, göndərirlər səni laboratoriyalara. Onlar da süründürüb-süründürüb, göndərir zərərsizləşdirməyə. Ən yaxşı halda 1 aya canını qurtara bilmirsən.O vaxta qədər ya gətirdiyin məhsul xarab olur, ya da vaqonlarda, maşınlarda saxlamaq üçün ödədiyin pullar onun dəyərini kəllə-çarxa çıxardır”.
Proseslər haqda məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Azərbaycanda satışa çıxarılan kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisinin artıq olmasına dair narahatlıq hər zaman olub, bu gün daha çoxdur. Bu xidmətin fəaliyyəti yarıtmaz olduğu üçün insanların yetərli hissəsinin sağlamlığı ciddi təhlükə qarşısındadır. Xidmətin rəhbərliyi ancaq qazanc haqda fikirləşdiyinə görə ərzaq təhlükəzliyi arxa plana keçib. Bildirilir ki, qurumun əməkdaşları rəhbərliyin bilavasitə tapşırığı ilə rayonlarda «reydlər» keçirir, fermerləri cərimə ilə qorxudaraq əslində onlara növbəti qanunsuzluq üçün imkan yaratmış olurlar. Fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinə yox, daha çox kəmiyyətinə üstünlük verdiklərindən meyvə-tərəvəzin tərkibindəki nitritlərin yol verilən həddən daha artıq olması demək olar ki, artıq qaydaya çevrilib və bunun qarşısını almalı olan qurumun rəhbərliyi ancaq öz mənafeyini düşündüyündən vəziyyətin düzəldilməsi istiqamətində heç bir fəaliyyət göstərmir. Əvəzində fermerlər akt və cərimə ilə qorxudularaq külli miqdarda nəysə verməyə vadar edilir.
Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və qurumun digər məsul şəxsləri sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə qanunsuz pul tələb edirlər. İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər. Beləliklə sahibkarlar məcburən onların diqtə etduikləri məbləği ödəməyə məcbur olurlar.
MilliYol.az
Digər xəbərlər
loading...