General dövlətin miqrasiya siyasətini necə iflasa uğradıb
Bu məqalə, bəşəriyyət tarixində mürəkkəb tendensiyaları ilə böyük rol oynayan miqrasiya prosesinin birbaşa müstəqil Azərbaycan Respublikası mühitində və həyat müstəvisində buraxdığı izlərə, yaratdığı problemlərə ölkə mətbuatının həsr etdiyi analitik və müxbir yazıları əsasında qələmə alınıb. Yazılar saf-çürük edilərkən, real nəticə belə olub ki, həcmini və coğrafiyasını günü-gündən genişləndirən miqrasiya, ölkəmizdə də, özünün yeni tiplərini formalaşdırıb və getdikcə daha qabarıq nümayiş olunan problemlərdən birinə çevrilib. Konkret desək, həmin yazılarda bu mürəkkəb prosesin, dünyanın ayrı-ayrı ölkələrində olduğu kimi, Azərbaycanda da, sosial dəyişikliklərin bir faktoru kimi diqqət çəkməyə, demoqrafik proseslərin formalaşmasında mühüm rol oynamağa, daha dəqiq desək, əhalinin etnik-mədəni tərkibini yaratmağa başladığı xüsusi vurğulanıb. Məqalələrdə o da qeyd edilib ki, beynəlxalq və ölkədaxili, könüllü və məcburi, daimi və müvəqqəti, qaçqın və sığınacaq axtaran, ailə birliyi və “beyin axını”, ən nəhayət, qanuni və qanunsuz kriteriyaları ilə təsnifatlaşdırılan, qloballaşan dünyanın beynəlxalq münasibətlər sistemində artıq yeni formalaşan bir istiqamət statusu qazanan miqrasiya geosiyasəti, hər bir dövlətin miqrasiya xidmətini, həmin ölkənin güzgüsü rolunu oynayan digər strateji əhəmiyyətli qurumlar kimi, öz işinə olduqca məsuliyyətli yanaşmağa vadar edir. Araşdırılan bu yazıların son nəticəsi olaraq, o da xüsusi qeyd olunub ki, yuxarıda deyilənləri, hər bir dövlətin miqrasiya orqanı kimi mürəkkəb rəsmi xidmət sistemində mühüm vəzifə postları tutanlar daha dərindən anlamalıdırlar.
Əfsuslar olsun ki, bu ilin 19 mart tarixində yaradılmasının 11-ci ildönümünü qeyd edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə, – son prezident seçkilərinin prosedur qaydaları çərçivəsində, – yeni rəis təyin edilənədək, burada yaxşı nəyinsə şahidi olmadıq. Haqqında yaxşı tərəfdən formalaşan ictimai rəy də eşitmədik.
Rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətində yaradılan qeyri-sağlam iş mühiti, ürəkbulandıran xidmət ab-havası barədə ölkə mediası nələr yazmadı?! Müxtəlif səpgili xoşagəlməz belə yazıların çoxu, 2012-ci ilin əvvəlindən bu qurum başına gələn Firudin Nəbiyevin bəd əməlləri haqqında oldu.
Ən acınacaqlısı odur ki, bütün yazarlar, sonda II dərəcəli dövlət miqrasiya xidməti müşaviri kimi vəzifəsindən uzaqlaşdırılan Firudin Nəbiyevə, kəskin süjetli kriminal əsərlərdəkindən heç də fərqlənməyən baş mənfi qəhrəman obrazı “donu geydirdilər”: Barəsində heyrətamiz iddialar ortaya qoyuldu…
Siyasi rəhbərlik dövlət siyasətində miqrasiya məsələlərinin prioritet yer tutmasına çalışsa da…
Olduqca çətin, kritik, təlatümlü hadisələrlə zəngin olan yaşadığımız dövrdə, dünyanın ayrı-ayrı yerlərində olduğu kimi, bizim bölgəmizdə də narahatedici məqamlar kifayət qədərdir. Əfsuslar ki, müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar bugünkü beynəlxalq mənzərənin başlıca əlamətlərinə çevrilib. Elə, bu narahatlıqlar ucbatındandır ki, qloballaşan dünyada miqrasiya axını ilə bağlı vəziyyətdən çıxış yolu indiyədək müəyyən edilməyib. Ona görə, yaxın gələcəkdə də, bu dünya birliyi üçün miqrasiya mövzusunun aktual olaraq qalacağı heç bir şübhə doğurmur. Bu çətin məqamda bir fakt da yenə inkarolunmazlığında qalır ki, suveren dövlətlərin daxili işlərinə məqsədyönlü müdaxilə nəticəsində kütləvi miqrasiya axınlarına təkan verilməsi, baş verən proseslərin destruktiv nəticələri hələ illərlə bütün ölkələrə təsir edəcək.
Əlbəttə, elə, bu səbəbə görədir ki, müasir dünyada həm də dövlətlərin təhlükəsizlik məsələsinə çevrilən miqrasiya kimi həssas məsələyə aid problemlər hər bir ölkədə siyasi və geosiyasi maraqlara uyğun həll olunur – bizim ölkəmizdə olduğu kimi! Müstəqil respublikamızın siyasi rəhbərliyi tərəfindən bu həssas məsələyə aid problemlərin həlli prioritet sahə kimi müəyyənləşdirilib. Ölkəmizin bütün sahələrində olduğu kimi, yarandığı gündən, miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin də, beynəlxalq əlaqələrinin genişləndirilib, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərinin inkişaf etdirilməsi qarşıya əsas məqsəd kimi qoyulub. Lakin Xidmət rəhbərliyinin hərtərəfli yarıtmaz fəaliyyəti, işindəki nöqsan və neqativliklər qarşıya qoyulan məqsədə çatmaqda bir əngələ çevrilib. Kadrların qeyri-peşəkarlığı, buradakı hərc-mərclik də digər tərəfdən müraciət edənlərin gözündə yaxşı hər şeyi kölgədə qoyub.
Azərbaycan imicinə xələl gətirənlər vaxtında layiqli cəzalarını almadılar deyə…
Danılmaz bir faktdır ki, ötən dövr ərzində, Xidmətin rəhbər heyəti də, ölkəmizdə miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsinə, respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmaları, onların ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin olunması üçün müvafiq icazələrin verilməsi prosedurlarını sadələşdirib, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olmaq əvəzinə, öz mənafeləri naminə “tər töküblər”. Bu da, Azərbaycanın həyata keçirdiyi dövlət siyasətində miqrasiya məsələlərinin prioritet yer tutmasına imkan verməyib. Bir sözlə, Dövlət Miqrasiya Xidməti bu istiqamətdə öz üzərinə düşən vəzifələrin və dövlət başçısının vətəndaşlara qayğı ilə münasibət göstərilməsi tələbinin layiqincə yerinə yetirilməsi, miqrasiya xidməti qulluqçusu adına və nüfuzuna xələl gətirən hallara yol verilməsi, əməkdaşlar tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, xidmət aparmaq mədəniyyətinin yüksəldilməsinin təmin olunması üçün səy göstərməyib.
Bütün bu xoşagəlməzliklər on bir il əvvəl – 2007-ci ilin mart ayının 19-da, hələ dünyada miqrasiya məsələsi indiki qədər aktual olmadığı bir vaxtda respublika prezidenti möhtərəm İlham Əliyev cənablarının imzaladığı 560 saylı Fərmana əsasən təməli qoyulan və müstəqil mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətini ictimai qınaq obyektinə çevirib.
Əfsuslar olsun ki, nəinki təkcə Firudin Nəbiyevin, eləcə də ondan əvvəlki rəisinin – hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olan Arzu Rəhimovun rəhbərlikləri dövründə, bu önəmli qurumun fəaliyyəti, gördüyü hansısa iş haqqında, eləcə də ölkəmizdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi sahəsində xoş söz ifadəli yaxşı nəsə eşitmədik. Arzu Rəhimovdan sonra rəhbərlik dəyişiləndə və Firudin Nəbiyev yeni rəis təyin olunanda hamı elə düşünürdü ki, vəziyyət müsbətə doğru dəyişəcək. Ancaq bu gözləntilər də özünü doğrultmadı, əksinə, yeni rəis bu önəmli vəzifə postuna ilk gəlişini Xidmətdəki peşəkar və layiqli kadrları işdən uzaqlaşdırmaqla, öz əlaltılarını buradakı vacib vəzifələrə və digər önəmli işlər başına gətirməklə başladı; Və çox keçmədən ölkənin miqrasiya kimi həssas və önəmli bir sektorunda biabırçı mənzərə, xösagəlməz bir mühit yaratdı. Firudin Nəbiyevin müxtəlif yöndən törətdiyi biabırçılıqların və qanunsuzluqların acı nəticələri çox keçmədən göz qabağında oldu. Nəticədə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ötən 15 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən dövlətimizin inkişafı kursunun bu istiqamətli çalarlarına qaranlıq kölgələr düşdü.
Uzun zaman bu ciddi pozuntulara son qoymaq, biabırçılıqları ortadan yığışdırmaq isə, mümkün olmadı. Ölkəmizin imicinə xələl gətirənlər vaxtında layiqli cəzalarını almadılar deyə, özlərinə tam arxayın olub, xarici vətəndaşların çalışdıqları şirkətlərə də hücum etdilər. Əcnəbiləri cərimə adı ilə qorxudaraq, ölkəmiz haqqında mənfi rəy yaratmaqdan da çəkinmədilər.
Bu barədə yazılanları unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək də mümkün olmur. Sözsüz ki, DMX-nin fəaliyyətindəki bu ciddi nöqsan və qanunsuzluqlar barədə hələ çox deyilib, çox yazılacaq.
Kadr sahəsindəki uğursuzluğu da, DMX-nin bir bəlası olub
Firudun Nəbiyevin rəhbərliyi dövründə tətbiq edilən xoşagəlməz sistem nəticəsində, DMX kadr sahəsində də olmazın uğursuzluqlara rastlaşıb. Bu sahədəki açıq-aşkar biabırçılıqlar Xidmətin bir bəlasına çevrilib. Bu sistemdəki işin mahiyyətini anlamayan yaxınlarını burada yerləşdirməklə, sanki etdiyi biabırçılıqların mənasını başa düşməyib. Beləcə, rəisinin əliylə Xidmətin imicinə ağır zərbələr vurulub.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin kadrı kimi tanınan Firudin Nəbiyev, nədənsə, onun belə xahişlərinə əhəmiyyət verərək, layiqli kadrları Xidmətdə saxlamayıb. 2001-ci ildə Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini, 2003-cü ildə isə, Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini postuna gətirilən Firudin Nəbiyev bu önəmli vəzifəyə keçəndən sonra, sözün həqiqi mənasında, hansısa səbəblər üzündən, Elçin Quliyevi də saymayıb – aralarında soyuq küləklər əsib!
Deyilənlərə görə, elə, Elçin Quliyevin dəstəyi ilə, Firudun Nəbiyev general-mayor hərbi rütbəsi alıb və bu dəstək müqabilində qısa müddət ərzində karyerasında xeyli irəliləyışlər edib. Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini, Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, eləcə də Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə gətirilməsində Elçin Quliyevin rolu əvəzsiz olub. Lakin Elçin Quliyevin onun üçün etdiklərini bir kənara qoyaraq, özünü tamam fərqli formada aparmağa başlayıb, o qədər dəyişib ki, onun da xahişlərinə məhəl qoymayıb, deyilənləri eşitməyib, bu posta hardan gəldiyini tamam unudub.
Beləcə, Firudin Nəbiyev rəhbərlik etdiyi qurumda uzun illərdən bəri çalışan peşəkar kadrları ışlərindən uzaqlaşdıraraq, onların yerinə öz yaxın adamlarını – əlaltılarını təyin edib. O, Miqrasiya Xidmətinin qurucularından biri, iki qardaşı şəhid və özü müharibə iştirakçısı olan polkovnik Yunus Əsgərlini, uzun illər polis orqanlarında xidmət edən digər müharibə iştirakçısı, polkovnik Zakir Məmmədovu, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri, polkovnik Muxtar Məmmədovu tutarlı səbəb gətirmədən, vəzifələrindən kənarlaşdırıb. Bundan başqa, o, Dövlət Miqrasiya Xidmətində İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatı alan Toğrul Əliyevi, xidmətin Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadəni, Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyovu da işdən uzaqlaşdırıb.
Onların yerinə isə, öz qohumu, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılmış Rövşən Səfərovu, heç bir xüsusi xidmətləri olmayan Hidayət Rüstəmovu, şadlıq evləri və imarətlər şəbəkəsinin sahibi, kirvəsi və biznez şəriki polkovnik-biznesmen İntiqam Məmmədovu, polkovnik, Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxmış zabit Qüdrət Məmmədovu, kapitan, ali təhsil diplomu müəmmalı olan Cəmil Hüseynovu, sürücüsünün yaxın qohumu Vüqar Zeynalovu təyin edib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Firudin Nəbiyev Dövlət Sərhəd Xidmətini tam şəkildə öz əlində cəmləyərək, adamlarını ən mühüm postlara yerləşdirməyə nail olub. Elə, bu səbəbdən də, heç kimlə hesablaşmaq istəməyib. Kadr siyasətini bu cür düzgün qurmamaqla, Xidmət rəisi bağışlanmaz səhvlərə yol verib.
Peşəkar və səriştəli kadrı olmayan bir qurumun işini normal qurmaq, həmçinin göstərilən digər neqativ və xoşagəlməz halların tezliklə aradan qaldırılmasına müvəffəq olmaq elə də asan iş deyil.
Çox dərinə getmək yox, sadəcə, Firudun Nəbiyevin dövlət mükafatı ilə təltif olunmaya təqdim etdiyi o şəxslərin adlarına diqqət yetirmək kifayətdir ki, bizim bu yerdə nə demək istədiyimizi daha aydın başa düşəsiniz. Özünüz baxıb, nəticə çıxarın, görün, miqrasiya orqanlarında qulluqda fərqləndiyinə və səmərəli fəaliyyət göstərdiyinə görə təltif olunanlar bu şərəfə layiqdirlərmi?!
Amma bu istiqamətdə kiçik araşdırma aparmaq da kifayətdir ki, müvəqqəti və işçi qeydiyyatı, o cümlədən daimi yaşamaq üçün müraciət edən vətəndaşların, rüşvətxor və səriştəsiz belə kadrların əlindən nələr çəkdiklərini aydın görəsiniz.
Bu önəmli vəzifə postunu tutduğu gündən, Firudun Nəbiyevin yaxın qohum-əqrəbasını Dövlət Miqrasiya Xidmətində önəmli vəzifə postlarına yerləşdirməsi, başına topladığı əlaltıları ilə, buranı qorxub-çəkinmədən bir ailə biznes şəbəkəsinə çevirməsi barədə faktlar da, mətbuat məqalələrində daim önə çəkilib.
Sabiq rəis ölkə rəhbərliyini aldatmağa cəhdlərdən belə çəkinməyib
Mətbuatın bu tip yazıları da olub. Həmin yazılarda o da xüsusi vurğulanıb ki, etdiklərindən doymayan bu önəmli vəzifə postunun sahibi, burada işləyən yaxınlarının adına tez-tez təqdimatlar imzalayaraq, onları təltif etdirməsi üçün yuxarılara təqdim edib. Bu zaman, elə bir vəziyyət yaranıb ki, o, hətta, ölkə rəhbərliyini aldatmağa cəhddən belə çəkinməyib.
Bunu sübut edəcək adi bir fakt – cənab prezident Dövlət Miqrasiya Xidməti əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayanda, ortada daha çox qeyri-peşəkarların adları olub. Bu siyahılardan açıq görmək olur ki, Firudun Nəbiyev,
həmin sərəncamlara görə, bir-iki nəfər istisna olmaqla, yalnız əlaltılarının adına təltif üçün təqdimat verib. Elə, bununla da, o, burada işləyənlərə, lakin işindən narazı qalanlara kəskin mesajlar ünvanlayıb ki, onlar, onun üçün heç kimdirlər – onları saymır!
Doğrudan da, Firudin Nəbiyev xidmətə rəis müavini təyin edilmiş Vəli Nağıyevə qədər, burada heç kimi saya salmayıb. O, yalnız Vəli Nağıyevdən ehtiyat edib. Digər müavinləri isə, ona zərrə qədər təsir göstərmək və ya təklif vermək səlahiyyətində olmayıb.
Yeri gəlmişkən, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi də, buradakı Nəbiyev qruplaşmasını sanki yasa batırıb.
Yuxarıda deyilənlərin təsdiqi üçün çox dərinə getmək yox, sadəcə, təltif olunan o şəxslərdən birinin adına diqqət yetirmək kifayətdir ki, bizim bu yerdə nə demək istədiyimizi daha aydın başa düşəsiniz. Özünüz baxıb, nəticə çıxarın, görün, miqrasiya orqanlarında qulluqda fərqləndiyinə və səmərəli fəaliyyət göstərdiyinə görə, “Tərəqqi” medalı ilə təltif olunan Rövşən Səfərov bu şərəfə layiqdirmi?! Axı, vaxtilə Dövlət Sərhəd Xidmətində işləmiş bu şəxs bu yaşda birdən-birə niyə və kimə görə bu şərəfə layiq görülməliydi?! Qohumluq əlaqələri, adı əvvəllər işlədiyi Sərhəd Qoşunları Xidmətindəki kimi, DMX-də də pis yöndən hallandırılan bir vəzifə sahibinin xöşagəlməz bütün əməllərinin üstündən beləcə xətt çəkməlidir?!
Və yaxud “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunanları – Abdullayev Ramil İntizam oğlunu, Əhmədov Tural Rüstəm oğlunu, Əliyev Pərviz Namiq oğlunu, Hüseynova Əfsanə Məzahir qızını, İsayev Əli Arif oğlunu, Kazumova Günay Şaiq qızını, Kərimova Zülfiyyə Ənvər qızını, Məmmədov Kənan Əsvər oğlunu, Mirzəyev Elvin Əli oğlunu, Mikayılov Bağır Mikayıl oğlunu və Şirəliyev Kamil Güləli oğlunu götürək. Xidmətdə hansı vəzifələri tutublar və əsas işləri nədən ibarət olub ki, onlar da bu şərəfə çatıblar?!
Bu istiqamətdə kiçik araşdırma aparmaq kifayətdir ki, müvəqqəti və işçi qeydiyyatı, o cümlədən daimi yaşamaq üçün müraciət edən vətəndaşların belə vəzifə sahiblərinin əllərindən nələr çəkdiklərini aydın görə biləsən.
Firudin Nəbiyev hər yerdən pul qazanmağın yolunu tapıb
Yuxarıda deyilənlərlə bərabər, yaşayaraq vətəndaşı olmaq, təhsil almaq istəyi ilə respublikamıza təşrif buyuranların incidilməsi faktları da yazılarda kəskin qabardılıb. Bunlar azmış kimi, rəisin və onun yaxın ətrafının hegemonçuluq təzahürü olan qeyri-qanuni iş üslubları, onların burada tətbiq etdikləri qəribə “sistem”, həyata keçirdikləri sensasion “əməliyyatlar”, ələlxüsus DMX-nin bütün bölmələrində addımbaşı rastlaşılan rüşvətxorluq, ələbaxımlılıq hallarının nəinki milyonlarla vətəndaşımızı, eləcə də doğma Vətənimizə xaricdən üz tutan minlərlə soydaşımızı, onlar kimi Azərbaycana sərmayə qoyan və buradakı bürokratik əngəllərlə hər an rastlaşan əcnəbi iş adamlarını təngə gətirməsi halları da məqalələrin əsas mövzusuna çevrilib. Yazılarda işin o yerə çatdığı göstərilib ki, illər öncə Azərbaycan vətəndaşı ilə ailə quran, rəsmi nigaha daxil olan əksər gürcüstanlı, rusiyalı… soydaşlarımız ya boşanmaya, ya da geri dönmək məcbur olublar. Maraqlı burasıdır ki, ailələrini dağıtmaq istəməyən Azərbaycan vətəndaşı olan kişilərin bəziləri hər üç aydan bir sərhəd keçib-qayıtmaq xərclərini ödəyə bilmədikləri, eyni zamanda, 5 illik qeydiyyat üçün tələb olunan çoxsaylı sənədləri və xərcləri, həmçinin buna sərf edilən əzab-əziyyəti göz önünə alaraq, Gürcüstana, Rusiyaya… köçüblər.
Qafqazın ən zəngin ölkəsi olaraq öyündüyümüz Azərbaycandan köç edən vətəndaşlarımız, o cümlədən soydaşlarımız məskunlaşdıqları yerdə dilənçi gününə düşüblər. Bu azmış kimi, ən böyük problemləri bu günədək qalıb: Bəs, belə ailələrin Azərbaycan vətəndaşı olan uşaqlarının taleyi necə olsun, onların övladları gələcəkdə hansı ölkədə hərbi xidmət keçəcəklər?!.
Bu və ya digər ciddi məsələlər olduqca düşündürücüdür. Çünki sabiq rəis burada elə bir “sistem” yaradıbmış ki, uzun zaman qeyd edilən bu problemləri nəinki tezliklə həll etmək mümkün olub, əksinə, bu biabırçılıqlar ildən ilə daha böyük etiraz doğuracaq vəziyyət alıb. Çünki sabiq rəis və əlaltılarından ibarət komandası bilərəkdən bu əngəllərin mövcud olmasına, hətta dərinləşməsinə çox maraqlı olublar.
Bir daha nəzərinizəə çatdırırıq ki, normal ölkələrdə bir aydan artıq viza almaq üçün, bizdəki kimi tələblər olmayıb. Əgər 1 aylıq vizayla Azərbaycana gəlib, sonra bu vizanın müddətini uzatmaq istəsən, miqrasiya idarəsi o qədər sənəd istəyib ki, onları toplamaq qeyri-mümkündür. Məsələn, həkimdən elə sənəd alıb, verməliydin ki, obrazlı desək, saat kimi işləkliyin təsdiqlənməliydi. Yaxud, az qala ulu babanın doğum şəhadətnaməsini müraciət edənlərdən tələb edilib. Rüşvətsiz bu sənədləri almaq isə hər vaxt mümkünsüzdür, üstəgəl zaman sərfiyyatı adamı boğaza yığır. Miqrasiya xidmətindəki rüşvətxorluğun, ələbaxımlılığın, qeyri-qanuni işlərin pik həddə çatması, hətta illər öncə Azərbaycan vətəndaşı ilə ailə quran, rəsmi nigaha daxil olan əksər gürcüstanlı, rusiyalı… soydaşımızı belə ya boşanmaya, ya da geri dönməyə məcbur edib.
Firudin Nəbiyevin “rüşvət stolu”
Dövlət Miqrasiya Xidmətinin idarələrində müvəqqəti pulsuz qeydiyyatla bağlı problemlər də çözülməz olub. Xidmət ofisində ölkəmizə vizasız gəlib və 90 gün qalmaq istəyən insanlar üçün, reklam çarxı hazırlanıb. O çarxda deyilir ki, ölkəmizə gələn idarəyə gəlmədən, yaşayış yerindən, internet vasitəsi ilə, qeydiyyata dura bilər. Bu mümkün olsa da, əsas məsələ ondadır ki, bura Rusiyanın Sibir vilayətindən və ya Gürcüstanın ucqar bir kəndindən gələn, heç bir internet anlayışı olmayan və ya hələ də bu sistemə güvənməyən əcnəbinin başına burada oyun açılıb. Ən etibarlı qeydiyyatı dədə-baba qaydasında, yəni birbaşa xidmətə gəlməklə rəsmiləşdirmək və rahat olmaq istəyənlər də “rüşvət stoluna” oturdulublar. Firudin Nəbiyev bu istiqamətli rüşvətə də münbit şərait yaradıb.
Sabiq rəis burada hər yerdən pul qazanmağın yolunu tapıb. O, hətta Miqrasiya Xidmətinin Bakı Regional İdarəsinin 8-10 nəfər işçisini bir yerə yığaraq, idarənin yaxınlığındakı doqquzmərtəbəli binanın birinci mərtəbəsinə yerləşdirib və buranı qeyri-rəsmi pullu xidmətə çevirib. Beləcə, müvəqqəti qeydiyyata düşən hər bir şəxsdən 3 manat “xidmət haqqı” toplamağa başlayıb. Bu faktdır ki, həmin qeyri-leqal pulyığanlar ağıllarına gələni ediblər. Buna görə, nə vaxtsa cəzalandırılacağından qorxan Firudin Nəbiyev dar ayaqda, uşaqbaşı aldadırmış kimi, hamıya deyib ki, bəs, 3 manat xidmət haqqı alan həmin qrup DMX əməkdaşları deyil, hansısa özəl şirkətin işçiləridir. Guya, onlar sərbəst formada anket-sənəd doldura bilməyənlərə hüquqi yardım göstərirlər. Doğrudan da, həmin işçilər Miqrasiya Xidmətinin rəsmi əməkdaşları kimi deyil, Firudun Nəbiyevin yaxın qohumunun təsis etdiyi bir MMC-nin işçiləri kimi işləyiblər. Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin hər biri də, məqsdəli şəkildə onların yanına göndərilib. Ancaq ora daxil olan hansısa qanunpərəst bir şəxsə həmin an məlum olub ki, həmin qızlar Miqrasiya Xidmətinin rəsmi işçiləridir. Və ödədikləri 3 manat da, Miqrasiya Xidmətinin tətbiq etdiyi rəsmi xidmət haqqıdır. Axı, əcnəbi haradan bilir ki, kassa-fason bir yerdən alınan cızma-qaralı, istifadə edilmiş kiçik bir kağızın, eləcə da bu kağız parçasına vurulan möhürün özünün belə hüquqi əsası yoxdur…
Maraqlıdır ki, Miqrasiya Xidmətinin rəhbər heyətinə daxil olanlar da yaxşı biliblər ki, Firudin Nəbiyevin burada marağı çoxdur, o və əlaltıları çox rahatlıqla xırda görünən belə proseslərdən böyük pullar qazanıblar.
Məhdudiyyətlər və süni maneələr Azərbaycana turist axınını ləngidib
Müxbir yazılarında, səyahət üçün ölkəmizə gələn turistlərə DMX-də yaradılan süni əngəllərdən daha çox bəhs olunub.
Dövlət Miqrasiya Xidmətindəki belə xoşagəlməz problemlər ayrı-ayrı KİV-lərdə müxtəlif vaxtlarda işıqlandırılsa da, bu qurumun rəhbəri tənqidlərdən nəticə çıxarıb, fəaliyyətində müsbət dönüş yarada bilməyib. Hətta ölkə prezidentinin hökumət üzvləri ilə keçirdiyi müşavirələrdə, qeyd edilən problemlərə ciddi toxunması belə, bu sahədə dönüş yaratmayıb. Prezidentin də qeyd etdiyi kimi, səyahət üçün ölkəyə gələn turistləri müvafiq qurumun rəhbərləri, rüşvət almaqdan yana, daha çox incitməkdən yan keçməyiblər. Bu qanunsuz əməlləri ilə, DMX əməkdaşları həm miqrasiya məsələlərinə, həm ölkəmizin inkişafına, həm də əsrarəngiz təbiətinə görə, əcnəbi turistlər üçün çox cəlbedici olan və istirahət üçün seçilən Azərbaycanın imicinə kölgə salıblar.
Onlar başa düşmək istəməyiblər ki, turizmin inkişafı ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirilib. Miqrasiya orqanları əməkdaşları sanki qəsdən istəmirdilər ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin.
Əvvəlcədən qeyd etdik ki, soydaşlarımız kimi, istirahət üçün əsrarəngiz təbiətli Azərbaycanı seçən turistlər də burada olmazın bürokratik əngəllərlə qarşılaşıblar. Ən acınacaqlısı o olub ki, Firudin Nəbiyevin tətbiq etdiyi sistemlə Azərbaycana gəlmək istəyən turist və ya istənilən əcnəbi yalnız bir aylıq viza ala bilib. Artıq vaxta viza almaq isə, heç cür mümkün olmayıb. Bu sistemlə bağlı layihələr, təkliflər, yekun müddəalar hazırlayıb, hökumətə təqdim edənlər, öncə öz maraqlarını güdüblər. Bir aydan çox ölkədə qalmaq istəyən əcnəbidən əlavə sənədlər tələb olunanda, rüşvət əsas rol oynayıb; Azərbaycana gələn əcnəbi şəxslərin ölkədə müvəqqəti qalma müddətinin uzadılması ilə bağlı qərarlar, açıq-aşkar, rüşvət və korrupsiya mənbəyinə çevrilib. Süründürməçilik hallarının baş alaraq getməsi, əcnəbi iş adamlarının hədsiz narazılığına səbəb olub.
Bir sözlə, bu cür məhdudiyyət və süni maneələrlə Azərbaycana uzun müddətli turist axını cəlb etmək mümkün olmayıb.
Kobud rəisdən qonağa hörmətsizlik
Firudin Nəbiyev qruplaşmasının əlaltılarının bəd əməlləri arxasında təmənna, pul qoparmaq, cib doldurmaq niyyəti durub. Bu adamlar xalqımızı, dövlətimizi biabır etməkdən belə əl çəkməyiblər.
Acı da olsa, danılması mümkün deyil ki, DMX əməkdaşlarının ölkəmizə üz tutan əcnəbiyə xüsusi qayğı ilə yanaşmaları əvəzinə, onlarla kobud davranmaları haqda da ortada faktlar olub. DMX-nin işini düzgün qurmaması səbəbindən, əcnəbi şəxslərlə, miqrantlarla bağlı belə problemlər azalmaq əvəzinə, artmaqda davam edib. Hətta 2014-cü ilin əvvəllərində, Miqrasiya Xidməti əməkdaşlarının Bakıdakı bir sövdələşmə vaxtı hirslənərək, adi maşın təmir ustası işləyən bir iranlı miqrantın başına oyun açmaları, Biləsuvardan deportasiya edərkən onu ölümcül hala salmaları barədə, mətbuat da geniş yazılar verdi. Onda həmin yazılarda qeyd edilirdi ki, heç bir qanuna sığmayan bu cür “əməliyyatlara” məhz Firudin Nəbiyevin böyük “etimad” göstərdiyi şəxslərdən biri – Xidmətdə onun “sağ əli” kimi tanınan və DMX-nin Miqrasiya Nəzarəti İdarəsnin rəisi olan Rövşən Səfərov rəhbərlik edib. Bu cür qanunazidd hərəkətlərinə görə, bütün əcnəbi iş adamları, miqrantlar Rövşən Səfərovun əlindən beziblər. Sən demə, idarə rəisi, əcnəbi iş adamları ilə, ofisdənkənar qeyri-rəsmi yerlərdə “konfidensial” görüşlər keçirib, onlarla sövdələşmələr də aparırmış. Hər dəfə də, deyirmiş ki, o, Firudin müəllimin adından danışır.
Söz yox ki, qonağa diqqət və qayğının prioritet, multikultural dəyərlərin, tolerantlığın həyat tərzi olduğu ölkəmizdə belə hallar yolverilməzdir.
Çirkli pullarla gözqamaşdıran varidat
Ölkə mətbuatının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firidun Nəbiyevin gözqamaşdıran varidatı barədə yazıları da sensasiyalı oldu.
Yazılarda bildirildi ki, heç bir hərbi savadı olmayan, hərbi qurumlarda kiçik leytenant rütbəsindən general rütbəsinədək yüksəlib, zirvələr fəth edən bu şəxs, bütün vəzifələrində cibini doldurmaq, var-dövlət, mal-mülk toplamaq əzmiylə çalışıb. Bir sözlə, mətbuatın əldə etdiyi faktlar da, deyilənlərin təsdiqi idi. Firudin Nəbiyevə məxsus xeyli sayda əmlakın və biznes obyektlərinin olduğu barədə dərc olunan ciddi faktlar bir daha təsdiq etdi ki, o, bu qədər var-dövlətə, mal-mülkə elə-belə sahib olmayıb. Bakı şəhərinin görməli yerlərindəki “Rasional Club” qadın gözəllik salonu, “Orxan” istirahət mərkəzi, “ATA Market”-i, DMX-də idarə rəisi olmuş İntiqam Məmmədovla şərikli “Elay” şadlıq evi, Xaçmaz rayonunun Xudat şəhərində 500 hektarlıq fermer təsərrüfatı, Yalama keçid məntəqəsinin qarşısındakı pullu avtodayanacağı, ayrı-ayrı ərazilərdəki hotel, kafe, restoran və ərzaq mağazaları, Masazır qəsəbəsində yeni tikilən bir neçə binası, Abşeron rayonunun Mehdiabad qəsəbəsində özünə, ailə üzvlərinə, bacılarına məxsus tikdirdiyi və dəyəri milyonlarla ölçülən villa-mülkləri, Bakı-Rusiya magistral yolundakı yanacaqdoldurma məntəqəsi, şəxsi avtomobillər kolleksiyasındakı son model bir neçə 002, 009, 011… nömrə nişanlı “Mersedes Galendwagen”, “Mersedes S Klass”, “Range Rover Discovery” , “Lexus 570″… avtomaşınları, doğrudan da, onun gözqamaşdıran varidatıdır.
Bunlar bizdə olan siyahının az bir hissəsidir və istənilən halda suallar ortaya çıxır – bu boyda əmlakı kreslo sahibi hansı pulla alıb?! Axı, onun aldığı əmək haqqı ilə, ən yaxşı halda, rayon kəndlərinin birində xırda bir dəlləkxana almaq mümkün idi. Deməli, Firudun Nəbiyev ölkə qanunlarını kobud şəkildə pozaraq, vəzifəd ikən biznes fəaliyyəti ilə məşğul olub, üstəlik, ayrı-ayrı mənbələrdən gələn çirkli pullardan istədiyi qədər yararlanıb.
Dövlət rəhbərliyinin Vüsal Hüseynovdan gözləntiləri – ciddi öhdəliklər
Ləyaqətli həyat axtarışında olanların arzuladıqları kimi, sabit və inkişaf edən, hərtərəfli təhlükəsizliyinin yüksək səviyyədə təminatı müqabilində açıq bir ölkə kimi tanınan, iqtisadiyyatına kifayət qədər xarici investisiya yatırılan, müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan üçün, strateji əhəmiyyət daşıyan belə bir dövlət qurumunun işindəki neqativliklər yolverilməz idi. Bu səbəbdən, son prezident seçkilərindən dərhal sonra, ölkə başçısı öz sərəncamı ilə, Firudin Nəbiyevi tutduğu vəzifədən azad edib, Vüsal Hüseynovu DMX-nin rəisi təyin etdi. Ən maraqlısı odur ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də, Vüsal Hüseynovu kollektivə təqdim edərkən, DMX-nin işindəki neqativliklər barədə çox sərt, açıq və lakonik danışıb, Azərbaycanın qapısının şəffaflığının vacibliyini xüsusi vurğuladı. Qeyd etdi ki, Firudin Nəbiyevin bu önəmli vəzifə postunda törətdiyi qanunsuz əməllər bağışlanmazdır. Bu, həm də bu vəzifəyə yeni təyin olunan Vüsal Hüseynova və ümumilikdə Nazirlər Kabinetinin tərkibində yeni yer alan məmurlara ciddi bir mesaj idi.
Ölkənin siyasi rəhbərliyinin bu qurumun keçmiş rəhbərliyindən narazı qalması, dövlət başçısının tapşırıqlarını Ramiz Mehdiyevin yeni sədrə çatdırması miqrasiya sektorunda ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağını deməyə əsas verir. Görünür ki, indi Vüsal Hüseynovun üzərində kifayət qədər ciddi öhdəliklər var. Bu baxımdan, xidmətə gətirilən yeni rəhbər bu sahədə köklü işlər reallaşdırmalı, diaspor işini dinamik, çevik qurmalıdır. Dövlət rəhbərliyinin ondan gözləntisi, doğrudan da, çoxdur. Çünki miqrasiya xidmətindəki rüşvətxorluq, ələbaxımlılıq, qeyri-qanuni işlər özünün pik həddində olub.
Ramiz Mehdiyevin DMX-də rüşvətə son qoymağa çağırışı, sərt çıxışı ilə Firudin Nəbiyevin vəziyyətini gərginləşdirməsi, onun barəsində tezliklə cinayət işi açılmasını zəruri etmişdi. Hətta DMX-də araşdırmalar aparıldığı və təftiş getdiyi də bildirilirdi. Keçmiş rəisin qandallanmasınin belə gözlənilən olduğu söylənirdi. Lakin indiyədək onun xətrinə dəyən belə tapılmayıb – o, öz işində, öz kefindədir.
…Beynəlxalq birliyin bərabərhüquqlu üzvü olan ölkəmizin siyasi rəhbərliyi müasir dünyanın bu aktual mövzusunun böyük əhəmiyyətinə həmişə kifayət qədər ciddi yanaşıb. Ölkə başçısının ciddi göstərişləri ilə, Dövlət Miqrasiya Xidmətinin istər mərkəzi aparatı, istərsə də regional miqrasiya idarələri ən müasir xidmət imkanları ilə təchiz edilib. Lakin həm rəhbərliyinin, həm də əksər kadrlarının qeyri-peşəkarlığı, rəhbərinin bağışlanmaz günahları ucbatından burada uzun zaman hökm sürmüş dözülməz hərc-mərclik mühiti bura müraciət edənlərin, fəal ictimaiyyətin gözündə yaxşı hər şeyi kölgədə qoyub.
Son zamanlar, DMX-nin fəaliyyətindən daim narazı qalan bu toplumlar miqrasiya sektorunun işində tezliklə ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağına ümid etdiklərini söyləyirlər. Ölkənin siyasi rəhbərliyinin Xidmətin keçmiş rəhbərliyindən narazı qalmasını, dövlət başçısının olduqca ciddi və vacib tapşırıqlarını Ramiz Mehdiyevin yeni rəhbərliyə çatdırmasını isə, deyilənləri əsas kimi göstərirlər. Onu da deyirlər ki, ölkəmizin miqrasiya orqanları əməkdaşlarını daha böyük uğurlara ruhlandırmaq üçün, mütləq, prezident İlham Əliyevin Xidmətin yaxşı işi üçün söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul edilməlidir. Miqrasiya işçiləri, dövlət başçısının ətrafında sıx birləşməklə, ölkənin müasir inkişafına uyğun töhfələrini vermək üçün, öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, böyük səy və məsuliyyətlə çalışmaq əzmində ola bilərlər. İndi Dövlət Xidmətinin yeni rəisi Vüsal Hüseynovun üzərinə kifayət qədər ciddi öhdəliklər qoyulub. Bu səbəbdən, yeni rəhbərin tezliklə bu sahədə köklü dəyişikliklərin reallaşmasına nail olacağına, ölkənin miqrasiya sektorunun işini dinamik və çevik quracağına şübhəmiz qalmır.
MilliYol.Az
Digər xəbərlər
loading...