“Bizə Kərbəla müsibəti yaşatmaq istəyirlər”
Lerik rayonun Şivlə, Biləvər və Geskön kəndləri yenidən ölkə başçısına müraciət ediblər.
Onlar prezidentə ünvanladıqları müraciətdə icra başçısı Rövşən Bağırovun zülmündən bezdiklərini deyirlər. Belə ki, məlum 17 milyonluq yol qalmaqalından sonra icra başçısı indi də kəndin ərazisindəki suyu qonşu kəndə aparmaq, bununla da adıçəkilən kəndləri susuz qoymaq istəyir.
Sakinlər Prezidentə və Birinci Vitse-prezidentə müraciətlərində xahiş ediblər ki, ya onları bu kəndlərdən köçürsünlər, ya da icra başçəsə bu zülmə son versinlər:
“Kəndimizin ərazisində Şüpək deyilən meşə massivində kiçik bir çeşmə axır. Yay aylarında demək olar ki, su tamamilə azalır. Güclə özümüzü təmin edirik. Dəfələrlə Şingədulan kənd sakinləri bu suyu aparmaq istəyiblər. Amma 90-ci illərdən bəri bir neçə icra başçısı o çeşməyə baş çəkib, suyun aparılmasının mümkün olmadığını deyiblər. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi də o vaxt rəy verib ki, bu çeşmədən su götürüləcəksə, 15 hektar meşə zolağı və 6 hektar yeni salnmış meşə massivi (əsasən qoz ağacları) məhv ola bilər. Həmin çeşmənin sahilində yeni meşə zolağının da salnması nəzərdə tutulub. Suyun mənbədən götürülməsi isə qadağan edilib.
Amma icra başçısı deyir ki, zorla da olsa, bu suyu aparacağam. Baxmayaraq ki, Şingədulan kəndi ərazisində bir neçə bulaq və həmin Şüpəklə eyni istiqamətdə “Alaşa” çayında bir çeşmə axır. Amma həmin sualara toxunmayıb məhz bizim suyu aparmaq istəyirlər. Niyə oradan su götürmürlər? Bizim ərazidəki su aparılacaqsa, böyük bir meşə zolağı, üç kəndin sakinləri, təsərrüfat sahələri, mal-qara məhv olacaq. Bu isə icra başçısını qətiyyən narahat etmir. Bu suyun aparılması bir tərəfi diriltməkdirsə, digər tərəfi öldürməkdir. Bunun başqa adı yoxdur”.
Sakinlər müraciətlərində qeyd edirlər ki, icra başçısı onları “qara siyahı”ya salıb:
“Cənab Prezident!
Siz Noda-Şingədulan-Xanagah yolunun çəkilməsi üçün ümumilikdə 17 milyon manat vəsait ayırdınız. Yol keyfiyyətli çəkilmədi və rəsmi açılışı olmadan dağıldı. Biz sizə müraciət etdik. Bundan sonra icra başçısı bizə təzyiqləri artırdı. O və müavinləri müntəzəm bizi hədələməyə başladılar. Sizin adınızdan istifadə edib deyirlər ki, Prezident pul ayırıb, biz bu kəndə su aparacağıq. Biz o kəndə su aparılmasının əleyhinə deyilik, amma kəndin öz ərazisində xeyli su hövzəsi var. Hətta “Alaşa” çayı da oraya daha yaxındır. Görünən odur ki, Rövşən Bağırov bizimlə qərəzli davranır. 1500-dən çox sakini olan bu kəndləri məqsədli şəkildə susuz qoymaq istəyir. Hətta rayona gedib icra başçsı ilə görüşüb ondan xahiş də etdik. Dedi ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovla da danışıb, razılaşıblar. Biz Qorxmaz Hüseynova da müraciət etdik, Ekologiya Nazirliyinə də yazdıq. Rövşən Bağırov bu kəndləri köçmə təhlükəsi ilə üz-üzə qoyub. Hətta başçının müavini Habil Məlikov bizə dedi ki, siz yoldan yazandan sonra icra başçısı sizi “qara siyahı”ya salıb, acığa sizin suyunuzu aparacaq. Başçı özü də görüşdə bizə dedi ki, “siz mənim qara siyahımdasınız”. Yaxşı, bəs biz hara köçək? Sizə müraciət etdik ki, bizi Yardımlı rayonuna birləşdirin, bu da olmazsa, köçürün. Əks halda özümüz qaçqın düşəcəyik”.
Cənab Prezident!
Biz bu gün rəsmi qaydada yenə Sizə müraciət etdik. Mətbuat vasitəsilə də müraciətimizi işıqlandırmaq istəyirik. Bizi qəbul edib dinləməyinizi xahiş edirik. Düzdür, İcra Hakimiyyətində bizə deyirlər ki, sizin məktublarınız Prezidentə çatmayacaq. Məktubların qarşısını Prezident Adminstrasiyasında da olsa, kəsərik. Amma biz ümid edirik ki, siz bizi dinləyəcəksiniz.
Bu gün icra başçısı kəndə polis göndərib bizi hədələmək istədi. O bilir ki, Sizə müraciətimiz nəticəsiz qalmayacaq. Hətta müavini dedi ki, “hara istəyirsiniz yazın, şikayət edin, icra başçısına kimsə bir söz deməz”. Bəs o zaman biz nə edək, hara müraciət edək? Bizdə olan məlumata görə, icra başçısı Şingədulanda salınan istirahət mərkəzində Rusiyada çalışan və həmin kənddən olan iş adamları ilə ortaqdır. Suyu da məhz o məqsədlə aparır. Hətta Şingədulan sakinləri deyirlər ki, bizim “haqqımız” icra başçısına çatıb, ona görə də suyu zorla olsa da, apararıq. Biz bilmək istəyirik ki, bu nə “haqq”dır? Sizin avqust ayında Lerik rayonuna səfəriniz gözlənilir. İcra başçısı dağılmış yolu yamamaqla məşğuldur ki, o eybəcərlikləri və korruspiya faktını görməyəsiniz. Amma təbii ki, bunu gizlətmək mümkün deyil. Hər şey ortadadır. Bizi narahat edən odur ki, vətəndaş öz dərdi, problemi ilə bağlı Prezidentə müraciət edəndə icra başçısı ondan qisas almalıdır? Necə 3 kəndi təhlükə ilə üz-üzə qoymaq olar?”, – deyə sakinlər bildiriblər.
Sözügedən kəndlərin sakinləri bildiriblər ki, yaxın zamanda kütləvi şəkildə ölkə başçısının qəbuluna gələcəklər: “Biz ümid edirik ki, Siz bu ədalətsiz qərarı durduracaqsınız və bizə Kərbəla müsibəti yaşatmaq istəyən məmurlara, məmur özbaşınalığına, korrupsiya faktlarına son verəcəksiniz. Bunun üçün səlahiyyəti nümayəndələrinizi əraziyə baş çəkməyə göndərə bilərsiniz. Əminik ki, onlar da durumu obyektiv qiymətləndirib sizə düzgün məlumat verəcəklər. Biz sizə güvənirik”.
Yazıdakı fikirlər sakinlərin ölkə başçısına rəsmi ünvanladıqları müraciətin surətindən götürülüb. (aztoday.az)
Digər xəbərlər
loading...