Bu günə qədər Cənub Qaz Dəhlizi (SGC) təşəbbüsünə 30,15 mlrd. ABŞ dolları vəsait ayrılıb ki, onun 8,85 mlrd. dollarını Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC-si maliyyələşdirib
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı jurnalının Bakıda keçirilən sammiti üçün hazırlanan xüsusi buraxılışına yazdığı məqalədə qeyd edib.
R.Abdullayevin sözlərinə görə, SGC Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin qorunmasında əsas rolu oynayacaq:
“Üç əsas seqment üzrə inşası davam edən layihə tamamlanmaq üzrədir. Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin isə təxminən 69%-i yekunlaşıb. Bu gün Azərbaycan investisiya cəlb edən ölkədən sərmayə yatıran dövlətə çevrilib. 24 il əvvəl Azərbaycan iqtisadiyyata, xüsusən də neft-qaz sektoruna investisiya cəlb etmək üçün cəhd edirdi. Amma hazırda Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və başqa ölkələrin böyük həcmdə sərmayələri var”.
SOCAR prezidenti rəhbərlik etdiyi qurumun xarici ölkələrdəki investisiya fəaliyyətindən də danışıb:
“2008-ci ildən bəri “Petkim”in xalis gəliri 9,2 dəfə, bazar dəyəri isə 8,7 dəfə artıb. Hazırda illik emal gücü 10 mln. ton olan STAR Xam Neft Emalı Zavodunun qurulması prosesi gedir. Bu zavod “Petkim”i xam material olan yün gül və ağır nafta ilə təmin edəcək. Bu il biz SOCAR-ın 6 strateji layihəsini tamamlamağı planlaşdırırıq. Bu layihələr Azərbaycana əlavə xarici valyutanın axınını təmin edəcək və yeni iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın inkişafına şərait yaradacaq”.
R.Abdullayev son 15 ildə Azərbaycanda hasil edilən neft və qazın həcmini də açıqlayıb:
“Stabil hasilat səviyyəsinin saxlanılması və bəzi yataqlarda hasilatın artırılması ölkəmizin neft strategiyasının, əsrlərə söykənən təcrübəmizin, Azərbaycan neftçilərinin yaradıcılıq və qabiliyyətinin nəticəsidir. Cənab İlham Əliyevin şah əsəri olan SOCAR onun prezidentliyi dövründə 126,8 mln. ton neft, 92 mlrd. kubmetr qaz hasil edib”.
Digər xəbərlər
loading...