"Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində ilk "dəyirmi masa" Salyan rayonunda keçirilib
Rayon Diyarşünaslıq Muzeyində təşkil olunmuş toplantıda dövlət və ictimai qurumların təmsilçiləri, şəhid ailələrinin üzvləri, media nümayəndələri iştirak ediblər.
"Dəyirmi masa"nı giriş sözü ilə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov açıb. O bildirib ki, vətənpərvərlik bütün uzvü duyğuların ən alisi olduğundan bu istiqamətdə hər zaman təbliğat işlərinin aparılmasına ehtiyac var. Salyan rayonunda məsələyə kompleks yanaşıldığını, təhsil, mədəni-maarif ocaqları ilə yanaşı burada fəaliyyət göstərən bütün kollektivlərdə məsələnin diqqətdə saxlanıldığını, medianın imkanlarından geniş istifadə edildiyini nəzərə çatdıran R.Cəbrayılov tədbirin Milli Ordumuzun 100 illik yubileyi ərəfəsində təşkilinin əhəmiyyətini vurğulayıb. İcra başçısının müavini həmçinin rayonda müharibə qəhrəmanlarının xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən də söz açıb, məlumat verib ki, yaxın günlərdə onlardan biri olan Fikrət Mustafayevin boya-başa çatdığı Aşağı Kürkənd kəndindəki evi önünə barelyefi vurulacaq və bununla əlaqədar mərasim təşkil olunacaq.
"Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə "Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" layihəsi barədə geniş məlumat verərək bildirib ki, bu təşəbbüs qəhrəmanların cəmiyyətə daha yaxından tanıdılması məramına söykənib. "Onların örnək səciyyə daşıyan həyat və fəaliyyəti barədə qəzet, jurnal, informasiya agentliklərinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə ictimai müzakirələrin təşkilini, medianın Milli Qəhrəmanların təbliği sahəsindəki faəliyyətinə dəstək olmağı, mediada və ictimaiyyət içərisində vətənpərvərlik təbliğatını gücləndirməyi, mövcud prosesə əlavə stimul verməyi düşünürük", - deyən R.Hüseynzadə əlavə edib ki, müharibə şəraitində olan ölkəmizdə Ordumuz vəzifəsini şərəflə yerinə yetirir. Ancaq bəzi media orqanları buna adekvat münasibət göstərmir.
Layihənin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə bir çox hallarda medianın Milli Qəhrəmanların, eləcə də onlara bərabər tutulan şəxslərin həyatının, döyüş yolunun təbliğinə yetərincə önəm verməməsindən təəssüfləndiyini bildirib və fikrini konkret faktlarla sübuta yetirib, müqayisələr aparıb. "Bu tədbirdə diqqətimi "Qələbə" və "Ana Kür" qəzetlərində yer almış məqalələr cəlb etdi. Məqalələr bir təhsil ocağından - Salyan Peşə Liseyindən 42 nəfərin erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olduqlarından bəhs edirdi. Saralarında bir Milli Qəhrəman - Nefçala rayonundan Xanoğlan Məmmədov da var. Bu təbliğat örnək nümunədir. Nəyə görə belə nümunələri çox görməyək?", - deyə S.Verdizadə fikrinə aydınlıq gətirib.
Jurnalist Rüstəm Məlikov baş redaktoru olduğu "Qələbə" və "Ana Kür" qəzetlərinin, eyni adlı ictimai birliyin Salyandan və ətraf bölgələrdən olan qəhrəman övladların respublika miqyasında tanıdılması istiqamətində həyata keçirdiyi tədbirləri barədə məlumat verib.
Salyan Peşə Liseyinin müəllimi Zakir Qəfərov qəhrəmanlar yetişdirən təhsil ocağında çalışmasından fəxarət hissi keçirdiyini dilə gətirib, ümumən vətənpərvərlik təbliğatını rəhbər tutan bütün təşəbbüslərin zəruriliyini əsaslandırıb.
Toplantıda çıxış edənlərdən Azərbaycan Jurnalistlər Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov, Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, habelə Arif Əsgərov (Müharibə və Əmək Veteranları Şurasının Salyan Təşkilatı), Hüseyn Ağayev (Dövlət İdarələri Həmkarlar Birliyinin Salyan Raon Təşkilatı) və başqaları iki Milli Qəhrəmanı, 120 şəhidi, yüzlərlə müharibə iştirakçısı olan Salyan rayonunda belə tədbirlərin təşkilinin davamlılığının vacibliyini vurğulayıblar.
Digər xəbərlər
loading...