Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Qambiyanın xarici işlər naziri Ousainou Darboenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qambiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.
Tərəflər Azərbaycan və Qambiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər.
BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əməkdaşlıq etdiyini bildirən nazirlər ikitərəfli əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Habelə, nazirlər turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu bildiriblər və bu xüsusda qambiyalı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almaları və ixtisaslarının artırılması imkanlarını müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov ADA Universiteti haqqında danışaraq Azərbaycan tərəfindən İƏT və Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrılması barədə məlumat verib. O, Azərbaycanın "Expo-2025"ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verən E.Məmmədyarov Qambiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini bildirib.
Qambiyalı nazir ölkəsi tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əsasda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qanunsuz işğalı ilə bağlı qəti dəstəyin göstərildiyini diqqətə çatdırıb.
Digər xəbərlər
loading...