Hazırda Ukraynanın futbol üzrə II liqasında çıxış edən "Dnepr" komandasının baş məşqçisi Aleksandır Poklonski futbolçu olduğu dönəmdə Azərbaycandakı karyerası ilə bağlı danışıb
2007-ci ildə Zaqatalanın "Simurq" klubuna keçən və cəmi 2 matçda meydana çıxan veteran müdafiəçi footboom.com saytına müsahibəsində həmin günləri xatırlayıb.
O, "Simurq"a gedişinin daha çox yadında qaldığını bildirib:
"Karyeramı başa vurmaq istəyirdim. Özüm üçün məşq edir, "Dnepr"də əvəzedici heyətdə oynayırdım. Bir gün mərhum Vadik Tişenko yaxınlaşdı və dedi: "Azərbaycana gedərsən? Yaxşı şərtlər var, pul da normaldır". Düşündüm ki, niyə də qazanmayım. Getdim, amma artıq bu, futbol deyildi".
Azərbaycan çempionatının səviyyəsinin çox aşağı olduğunu söyləyən Poklonski "Qarabağ" və "İnter"in (indiki "Keşlə") digər klublardan üstün olduğunu deyib:
"Səviyyə çox aşağı idi. Özü də bu, təkcə futbola bağlı deyildi. Həmin vaxt "Simurq"da ukraynalılardan Nikolay Zbarax, Vladimir Mazyar çıxış edirdi. Baş məşqçi isə Roman Pokora idi. Yadımda bunlar qalıb - dağlarda üç ay və heç bir sivilizasiyasız. Çempionatda yalnız "Qarabağ" və "İnter"i fərqləndirmək olardı. Qalan klublar bizim II liqa səviyyəsində idi".
Ukraynalı mütəxəssis "Simurq"dan klub prezidenti Zaur Məmmədovla münaqişə yaşadığı üçün ayrıldığını söyləyib:
"Klub prezidenti ilə münaqişəm oldu. Əzələm dartıldığından, müalicə üçün icazə istədim. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar fasilə yaranmışdı. Baş məşqçi məni buraxdı. Amma qayıdanda klub prezidenti dedi ki, maaşımı tam şəkildə ödəməyəcək. Əşyalarımı toplayıb Bakıya getdim. Amma hava limanında mənə yetişdilər və bütün pulumu ödədilər. Həmin vaxt mənim maaşım "Dnepr" və ya "Tavriya"dakından iki dəfə çox idi".
Qeyd edək ki, "Simurq" klubu 2014-cü ildə fəaliyyətini dayandırıb. (report.az)
Digər xəbərlər
loading...