“Qoy desin görək mənə harda kömək edib?”
Kinorejissor və ssenarist Rüstəm İbrahimbəyov “Nastoyaşee vremya” kanalına geniş videomüsahibə verib.
R.İbrahimbəyov yenə də özünü müdafiə etməyə çalışıb. O, bu filmlə bağlı müzakirələri öz yazısı ilə gündəmə gətirən Ayaz Salayevi də təhqir edib.
“Çıxış edənlərdən biri ”qorxaq” kinoşünaş Salayev” Rüstəm İbrahimbəyovun yoldaşı olub, Rüstəm İbrahimbəyov ona köməklik edib” deyə, o bildirib.
R.İbrahimbəyov Azərbaycanda keçirilən prezident seçkilərində prezidentliyə namizəd kimi iştirakına aydınlıq gətirib. O, müxalifət liderlərini bir yerə toplayıb ki, onlar birlikdə milli bloka daxil olsunlar. Bu, mümkün olub. Cavabında müxalifət liderləri R.İbrahimbəyovun prezidentliyə namizəd olaraq çıxış etməsini şərt kimi qoyublar. O, siyasətçilər dağılmasın deyə razılaşıb. Və namizədliyini irəli sürmək üçün Rusiya vətəndaşlığından çıxması barədə ərizə verib. Ancaq Rusiya orqanları bildiriblər ki, prosedur çox uzun çəkəcək. R.İbrahimbəyov güman edir ki, vətəndaşlıqdan imtina prosedurunun yubadılması rəsmi Bakının xahişinin nəticəsidir. Ona görə də İbrahimbəyov öz yerinə Cəmil Həsənlinin namizədliyini təklif edib və dərhal müxalifətçilərin bir hissəsi Milli Şuradan çıxıb.
Ayaz Salayev “Yeni Müsavat”a açıqlamasında R.İbrahimbəyovun onunla bağlı dediyi fikirlərə münasibət bildirdi. Dedi ki, 80 yaşındakı kişinin yalan danışmasına görə utanır: “Qoy desin ki, kim, nə zaman mənə təzyiq göstərib və ümumiyyətlə, mənə nəsə tapşırıq verib, yaxud başqa bir adamın vasitəsilə nəsə olub. İkincisi, sadalayırsa, qoy desin ki, mənə hansı məqamda, necə kömək edib. Amma mən ona uzun bir siyahı verə bilərəm ki, mənə nə qədər mane olub. Mən bunu demək istəmirəm. Çünki elə anlaşıla bilər ki, mənim onunla şəxsi qərəzliyim var. Amma heç olmasa bir məqamı desin ki, mənə kömək edib. Heç olmasa təyinat verib ki, Moskva Kinematoqrafiyasına girim. Halbuki mən ora öz gücümlə girdim. Buradan təyinat istədim, vermədilər. Onun mənə guya kömək etməsi və ya mənim kimdənsə qorxmağımla bağlı deyilənlər ağ yalandır. Ümumiyyətlə, onun həyatı da, yaradıcılığı da belədir – şikayət eləmək”.
A.Salayev bildirdi ki, R.İbrahimbəyovun filmini seyr edəndən sonra onun tərəfini saxlayan və ya dövləti ona qarşı kampaniya aparmaqda qınayanlarla təfəkkür fərqi var. Müsahibimizin fikrincə, bəzi məsələlərə iqtidar-müxalifət prizmasından baxmaq olmaz: “Hakimiyyət adamı da, müxalifəti də – hər ikisi anasını, balasını itirir. Elə şeylər var ki, hamı üçün eynidir. Mənə hakimiyyət tərəfindən hər hansı təzyiq göstərilməyib. Amma mən bilirəm ki, bu məqalədən sonra kampaniya başladı. Mən tam məsuliyyətlə öz boynuma götürürəm ki, bu kampaniyanın mənbəyi mənəm. Məndən əvvəl heç kim olmayıb. Mənə heç kim bu barədə tapşırıq verməyib. Başqa adam vasitəsilə məni o işə qatmayıb. Mən bir il öncə bu filmə baxdım. Baxan kimi də dəhşətə gəldim. Hansı azərbaycanlının əli gələr ki, belə bir əhvalatı yazıb, başqa bir gürcüyə versin? Yəni mən onu da deyərdim ki, bununla da o, öz uşaqlarını, Milli Şuranı pis vəziyyətə qoydu”.
“Niyə baxandan 1 il sonra bu film barədə yazdınız” sualına cavabda isə A.Salayev dedi ki, bu film onu bir il boyunca narahat edib: “Məni yaxından tanıyanlar bilir ki, mən çox ləngəm, amma yolumdan dönmürəm. Tısbağa kimi. Heç vaxt. Bir dəfə küçədə bir adamı döyürdülər, mən ona qarışmadım. Bu, mənim vicdanıma qarşı getdiyim yeganə hərəkətdir. Bu da 2000-ci ildə olub. Bu günə qədər də o, məni narahat edir. Düzdür, təqsir yaşlı adamda idi. Amma onu döydülər və mən buna müdaxilə etmədim. Mən etdiyim hər bir hərəkətə görə cavabdehəm və məsuliyyət daşıyıram. O deyir ki, guya məni sındırıblar, məcbur ediblər. Bu, qeyri-mümkündür. Mənim kinoşünas tələbələrim var. Onlara hər zaman deyirəm ki, heç vaxt tapşırıqla heç nə yazmayın. Sevdiyiniz filmi tənqid, sevmədiyiniz filmi tərifləməyin. Haradasa, hansısa məqamdasa ondan istifadə edən olubsa, olub. Hər şeydən istifadə etmək olar. Amma yenə də deyirəm ki, çox sevinirəm ki, bunu etmişəm. Çox bayağı bir adam Rüstəm İbrahimbəyovu azadlıqsevər, üsyankar, demokratiya sevər kimi görə bilər”.
Müsahibimiz sonda onu da vurğuladı ki, R.İbrahimbəyov və onun kimi düşünənlər Rusiya imperiyasının qalıqlarıdır: “Mənim tələbələrim var. Hər biri hazırlıqlı və yüksək səviyyəli. Gələcək də onların əlindədir”. (contact.az)
Digər xəbərlər
loading...