KXCP-də yeni namizəd: “Son qurultayda bunu özü bəyan edib”
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək.
Partiya qurultayının vaxtı dəqiqləşibmi? Sədrliyə namizədlər kimlərdir?
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu Modern.az saytına açıqlamasında deyib ki, yalnız hazırlıq işləri yekunlaşandan sonra qurultayın dəqiq vaxtı bəlli olacaq:
“KXCP-nin 2017-ci ilin oktyabrında keçirilən Ali Məclisində qərar qəbul olundu ki, partiya qurultaya getsin. Bu, nizamnaməyə müvafiq olaraq qəbul edilən qərardır. Yerlərdə və rayon şöbələrində, yerli təşkilatlarda hesabat tipli konfranslar keçirilir. Bu istiqamətdə hazırda qurultaya hazırlıq mərhələsidir. Qeyd etdiyim konfranslar yekunlaşandan sonra bu haqda partiyanın ali orqanı qurultayın keçirilmə günü, yeri haqqında qərar verəcək”.
X.Teyyublu qeyd edib ki, hər bir partiya üzvü sədrlik üçün namizədliyini irəli sürə bilər:
“Prosedur qaydası ilə namizədlik qurultaya daxil edilir və səsvermə keçirilir. Hazırda bildiyiniz kimi KXCP-nin sədri Mirmahmud Mirəlioğludur. Digər şəxslərin də namizədliyini irəli sürməsində problem yoxdur. Hələ ki partiyadan hüquq müdafiəçisi Oktay Gülalıyev namizədliyini elan edib. Digərləri də yalnız qurultayda rəsmən gündəliyə salınandan sonra namizəd kimi elan oluna bilərlər. Namizədlər kim olacaqsa, uğurlar olsun”.
KXCP Ali Məclisinin keçmiş üzvü Oqtay Gülalıyev deyib ki, partiyanın hazırkı durumu onu namizədliyini irəli sürmək addımına sövq edib:
“Hesab edirəm ki, KXCP mübarizənin önündə olmalıdır, daha fəal olmalı, cəmiyyətdə fərqli imkanları daha çox olmalıdır. KXCP-nin indiki vəziyyəti partiyaya yaraşan vəziyyət deyil. Bu təşkilatı Əbülfəz Elçibəy qurub və həmişə Azərbaycan xalqının taleyində və tarixində müstəsna rol oynayıb. Bu baxımdan düşünürəm ki, KXCP öz missiyasına, mandatına uyğun olaraq daha fəal, dinamik olmalıdır və qeyd etdiyim kimi meydanlarda iştirak etməlidir. Digər tərəfdən, bilirsiniz ki, hüquq müdafiəsi fəaliyyəti ilə məşğulam. Ayrı-ayrı insanların, xüsusən həbsdə olan siyasi məhbusların hüquqlarını müdafiə edirəm. Hesab edirəm ki, ayrı-ayrı fərdlərlə yanaşı, Azərbaycan xalqının da hüquqları müdafiə olunmalıdır. Müdafiə yollarından biri geniş bir partiya çərçivəsində bu işləri aparmaqdır. Partiya olaraq xalqın, millətin keşiyində durmaq daha düzgündür. Və özümün, digər dostların təklif və tövsiyələrindən sonra bu qərara gəldim ki, KXCP-nin sədrliyinə namizdəliyimi bəyan edim”.
O.Gülalıyev KXCP-nin hazırkı sədri Mirmahmud Mirəlioğlunun fəaliyyətinə də münasibət bildirib:
“Mirmahmud bəy 2015-ci ildə KXCP-nin son qurultayında bəyan edib ki, bu onun vida qurultayıdır və növbəti qurultayda namizədliyini irəli sürməyəcək, yerini gənclərə verəcək. Birincisi, Mirmahmud bəy özü könüllü geri çəkilmək istəyir və mən bu addımı təqdir edirəm. Düşünürəm ki, Mirmahmud bəy düzgün qərar verib, yerini digər insanlara verməlidir. Əgər biz hakimiyyətdən və başqalarından dəyişiklik, yenilik etməsini tələb ediriksə, öncə, özümüz buna əməl etməliyik. Eyni zamanda partiyanın potensialı çox genişdir və daha çox iş görmək, cəmiyyətdə, mübarizədə öndə olmaq, cəmiyyətə təsir imkanlarını artırmaq, ölkədə gedən ictimai-siyasi hadisələrdə aparıcı mövqeyə malik olmaq şansları var. Partiyamızın həm daxili potensialı, həm nüfuzu, əlaqələri, intellektual bazası buna imkan verir. Bu baxımdan hesab edirəm ki, partiyada bu imkanlardan aşağı səviyyədə istifadə olunur. Güman edirəm ki, partiyanın sədri seçilərəmsə, partiya ölkənin aparıcı müxalifət partiyalarından biri olacaq və qarşıda qoyduğu digər məqsədlərin reallaşmasına daha yaxın ola bilər”.
Digər xəbərlər
loading...