Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Ölkə.Az”ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında V.Panfilovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Əkrəm Həsənov müdafiə çıxışı edib. Vəkil bildirib ki, müvəkkili guya 4 nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı bu cinayəti törədib: “Bunun üçün sözügedən 4 şəxsi iki qrupa - Nadir Ələkbərovla Nəriman Camalovu bir, Oksana Bojenokla Diana Pavlovanı isə bir qrupa bölmək lazımdır. Burada meyar zərərçəkənlərin cinsi deyil. Meyar Valeriya Panfilovanın zərəçəkənlərdən hər hansı pul məbləğinin alıb-almamasıdır. Birinci qrupa daxil olanlardan, yəni kişilərdən pulun alınmasını Panfilova danmır. İkinci qrupa daxil olanlardan, yəni qadınlardan isə Valeriya Panfilova tərəfindən hər hansı pul məbləği alınmayıb. Zərərçəkmiş Oksana Bojenok 29.03.2017-ci il tarixdə polisə ərizə ilə müraciət edərək deyib ki, Valeriya Panfilovaya 8000 manat məbləğində pul vəsaiti verib. Bojenok iddia edir ki, sözügedən vəsaiti Panfilovanın ərinə mənsub olan lombardın dövriyyəsində istifadə etmək üçün verib. Sonradan isə guya Panfilova bu vəsaiti qaytarmaqdan imtina edib.
Oksana Bojenok bunu etibarından sui-istifadə kimi qiymətləndirir və Valeriya Panfilovanın əməlini dələduzluq hesab edir. Sonrakı izahatında Oksana Bojenok sözügedən vəsaiti təkbətək və iki dəfəyə - 5000 və 3000 manat lombardın depozitinə qoyulması üçün əvəzli olaraq, yəni aylıq 3% dərəcəsi ilə verdiyini deyir. 5 ay ərzində guya Panfilova Bojenoka cəmi 930 manat məbləğində faiz ödəyib. 2015-ci ilin dekabr ayından başlayaraq guya Valeriya Panfilova ödənişləri dayandırıb. Bu fərq Bojenokun ifadələrində ciddi ziddiyyəti göstərir”.
Vəkilin sözlərinə görə, zərərçəkəkmiş Diana Pavlova 2017-ci ilin mart ayının 29-da polisə ərizə ilə müraciət edərək qeyd edib ki, V.Panfilovaya 16500 manat məbləğində pul vəsaiti verib: “Diana Pavlova iddia edir ki, sözügedən vəsaiti Valeriya Panfilovanın ərinə mənsub olan lombardın dövriyyəsində istifadə etmək üçün verib. Valeriya Panfilova həmin vəsaitin bir hissəsini - 5000 manatı Diana Pavlovaya qaytarıb. Lakin sonradan isə guya Valeriya Panfilova qalan 11500 manat qaytarmaqdan imtina edib. Oksana Bojenok bunu etibarından sui-istifadə kimi qiymətləndirir və Valeriya Panfilovanın əməlini dələduzluq hesab edir. Sonrakı izahatlarında Diana Pavlova həmin vəsaiti üç dəfəyə lombardın dövriyyəsində istifadə etmək üçün verib, əvəzli olaraq, yəni aylıq 3% dərəcəsi ilə verdiyini söyləyir. 9 ay ərzində guya Valeriya Panfilova Diana Pavlovaya cəmi 2085 manat məbləğində faiz ödəyib. 2015-ci ilin sentyabr ayında Valeriya Panfilova vəsaitin bir hissəsini - 5000 manatı Diana Pavlovaya qaytarıb. 2015-ci ilin noyabr ayından başlayaraq guya Panfilova ödənişləri dayandırıb”.
Ə.Həsənov qeyd edib ki, zərərçəkmiş N.Camalov 2017-ci ilin may ayının 3-də polisə ərizə ilə müraciət edib. Zərərçəkmiş ərizəsində bildirib ki, Valeriya Panfilovaya 2016-cı ilin yanvar-dekabr ayları ərzində 54000 manat məbləğində pul vəsaiti verib:
“Nəriman Camalov iddia edir ki, sözügedən vəsaiti Valeriya Panfilovanın ərinin sahibi olduğu lombardın dövriyyəsinə buraxılması üçün verib. Lakin guya Valeriya Panfilova həmin məbləği qaytarmır. Buna görə də Nəriman Camalov polisdən yardım istəyir. Yəni söhbət adi borcdan gedir, sadəcə təyinatı lombardın dövriyyəsində istifadədir. Valeriya Panfilova borcu qaytarmır, Nəriman Camalov da polisdən yardım istəyir. O, sonrakı izahatında, 16 iyun 2017-ci il tarixli dindirmə protokolunda fərqli ifadə verir. Əvvəlcə deyir ki, əslində Valeriya Panfilova ondan 54000 deyil, cəmi 27000 manat pul götürüb. Sadəcə Nəriman Camalov pulu aylıq 5% dərəcəsi ilə verdiyini iddia edərək, guya ödənilməmiş faizlərlə bərabər Valeriya Panfilovadan 54000 manat tələb edir. Zərərçəkmiş Nadir Ələkbərov 29.03.2017-ci il tarixdə polis müraciət edərək bildirib ki, Valeriya Panfilovaya 2015-ci ilin iyun ayından başlayaraq, 2017-ci ilin yanvar ayınadək aylıq 3% dərəcəsi ilə bağlanmış yazılı 10 borc müqaviləsinə əsasən 79000 manat məbləğində pul vəsaiti verib. Nadir Ələkbərov iddia edir ki, sözügedən vəsaiti Valeriya Panfilovanın ərinə mənsub olan lombarda əmanət kimi qoymaq üçün verib. Dediyinə görə 2017-ci ilin yanvarınadək ona bütün faizlər ödənilib, lakin ondan sonra nəinki faizlər, heç əsas məbləğ də ona ödənilməyib. Nadir Ələkbərov bunu etibarından sui-istifadə kimi qiymətləndirir və Valeriya Panfilovanın əməlini dələduzluq hesab edir. O, həmçinin bildirir ki, daha əvvəl, 2014-cü ilin yayında Valeriya Panfilovanın əri Şixiyev Eldar Fərhad oğlu da ondan eyni məqsədlə aylıq 3% dərəcəsi ilə 1 il müddətinə 10000 manat məbləğində pul götürüb və vaxtlı-vaxtında faizlərlə bərabər ona ödəyib”.
Ə. Həsənov müdafiə çıxışında müvəkkili V.Panfilovaya qarşı irəli sürülmüş ittihamı rədd etdiyini deyib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
V.Panfilovaya son söz demək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, V.Panfilova 4 nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Digər xəbərlər
loading...